• cümə, 26 Aprel, 10:15
  • Baku Bakı 12°C

Dilənçiləşən Ermənistan

16.05.15 05:35 839
Dilənçiləşən Ermənistan
Elə gün olmur ki, Ermənistanda etiraz aksiyası, piket və narazılıq dolu çıxışlar baş verməsin. Əsgər analarının ardınca, bu dəfə də “Nairit” kimya zavodunun keçmiş işçiləri yenidən aksiya keçiriblər. İrəvanda hökumət evinin qarşısına toplaşan aksiyaçılar əməkhaqlarının ödənilməsini tələb ediblər. Bu dəfə aksiya oturaq keçirilib.
Erməni xəbər saytlarının yaydığı xəbərə görə, söhbət 5,7 milyard dramdan gedir. Energetika Nazirliyi ilin sonunadək işçilərə olan borcunun ödəniləcəyini bildirsə də, etirazçılar bu quruma inanmırlar. Aksiyaçılarsa bildirib ki, tələbləri yerinə yetirilməsə, etirazlar davam etdiriləcək. Aksiyaçılar həmçinin digər vətəndaşları onlara qoşulmağa çağıran vərəqələr yayıblar. Zavod rəhbərliyi bir ildən çoxdur ki, işçilərin maaşını ödəmir. İşçilər bundan əvvəl eyni tələblə bir neçə dəfə etiraz aksiyası keçiriblər. Əksər erməni iqtisadçıları hesab edir ki, başqa müəssisələrdə də eyni problem yaşanır. Onlar hesablayıblar ki, Ermənistanda istehlak məhsullarının qiymətləri 2015-ci ilin mart ayında keçən ilin mart ayı ilə müqayisədə orta hesabla 6% artıb. Amma bu, rəsmi rəqəmlərdir. Əslində isə vəziyyət daha ağırdır. Kabab yemək istəyənlər buna əvvəlkindən 8% artıq pul ödəməlidir, küçə kafesində isə bir fincan qəhvə 15% bahalaşıb. Ermənistanda inflyasiya bütün əndazələri aşıb. Bu təbii ki, əhalinin həyat səviyyəsinin pisləşməsinə səbəb olacaq. Hətta rəsmi göstəricilərə görə belə, Ermənistanda yoxsulların sayı çoxdur. Ermənistanda elektrik enerjisinin qiymətinin bahalaşması ölkəni sosial partlayış astanasına yaxınlaşdırır. Erməni iqtisadçılarının dediyi kimi, enerjinin bahalaşması respublikada qarşısıalınmaz vəziyyətə gətirib çıxaracaq. Deputat Vardan Bostançıyan bildirib ki, elektrik enerjisinin bahalaşması onsuz da bərbad gündə olan insanların vəziyyətini daha da pisləşdirəcək, gündən-günə böyüyən, ölkədən qaçıb getməyə, canını qurtarmağa çalışanların miqrasiyasına səbəb olacaq.
Onun sözlərinə görə, elektrik enerjisinin bahalaşmasının nəticələri kədərli olacaq. Rəsmi məlumatlara görə, Ermənistanda kasıbların sayı çox böyük faizə çatıb, əhalinin əhəmiyyətli hissəsi dolana bilmir, gündəlik problemlərini həll etmək gücündə belə deyil.
O vurğulayıb ki, qaz və elektrik enerjisi təchizatı sisteminin müasirləşdirilməsinə ehtiyac duyulur. Təbii ki, bu, maliyyə tələb edir. Amma, pul yoxdur. Sual yaranır, bu hədəflərə ayrılmış vəsaitlər hara gedib?
İqtisadçı deputat deyib: "Biz sındırılmışıq. Başqa çıxış yolumuz belə yoxdur. Bahalaşma çox pis nəticələrə gətirib çıxaracaq. Çünki ölkə qarşısında energetika təhlükəsizliyinin təminatı problemi durur. İndiki hakimiyyətin isə buna gücü və marağı yoxdur. Bir sözlə, enerjinin bahalaşması halında vəziyyət qarşısıalınmaz olacaq. Həmçinin bu, birmənalı şəkildə əhalinin xaricə su kimi axınına imkan yaradacaq".
Maraqlıdır ki, ölkənin təbii ehtiyatlar və energetika naziri Yervand Zaxaryan elektrik enerjisinin bahalaşmasına haqq qazandırıb, bunun təbii sifariş olduğunu söyləyib. O, jurnalistlərin tutarlı sualları qarşısında acizlik göstərib və bildirib ki, qiymət artımı başqa məsələdir: “Burada qərarı Taarif Komissiyası verir. Bizlik bir şey yoxdur. Bu, bizim üçün faydalı təcrübədir”.
Xatırladaq ki, hazırda Ermənistanda əhali üçün elektrik enerjisinin 1 kVt/saat üçün gündüz qiyməti 41,85 dram, gecə isə 31,85 dram təşkil edir. "Ermənistan Elektrik Şəbəkəsi" qiymətlərin 58 dramadək qaldırılmasını təklif edir. Amma yerli mətbuat əhaliyə ürək-dirək verməkdə davam edir və bildirir ki, Avrasiya İqtisadi İttifaqının başqa ölkələrində vəziyyət daha pisdir. Çünki Rusiyada illik inflyasiya 17%-ə yaxındır. Belarusda da istehlak mallarının qiyməti artıb. Eyni mənzərə Qazaxıstanda da müşahidə edilir. Avrasiya İqtisadi İttifaqı ölkələrində orta illik inflyasiya göstəricisi hazırda 15% təşkil edir.
Lakin çətin ki, milli statistika xidməti və yerli mətbuatın gəvəzəliyi əhalini inandıra bilsin. Axı insanlar Rusiyada və Belarusda deyil, yaşamaq üçün bir tikə çörək tapmağın çətin olduğu Ermənistanda yaşayırlar. Halbuki Rusiya və Belarusa üz tutan erməni əmək miqrantlarının axını gündən-günə güclənir. İrəlidə isə Ermənistanda elektrik enercisinin və qazın qiymətinin yeni yüksəlişi gözlənilir. Müşahidəçilər onu da qeyd edirlər ki, yaxın vaxtlarda Ermənistanda iş adamları ətrafında çox böyük dəyişikliklər olacaq. Bu barədə "Joxovurd" erməni qəzeti yazır. Məsələ burasındadır ki, prezident Serj Sarkisyan ABŞ-da səfərdə olarkən erməni icmasının nümayəndələri ilə görüşüb və onları Ermənistan iqtisadiyyatının inkişafı üçün maliyyə yardımı ayırmağa inandıra bilməyib. İndi isə S.Sarkisyan ölkədə fəaliyyə göstərən biznesmenləri bir araya toplayaraq, onlardan pul almağa çalışacaq.
Qəzet yazır ki, yaxın günlərdə erməni oliqarxların böyük obyektlərində ciddi yoxlamalar həyata keçiriləcək. Yoxlamalar zamanı həmin obyektlər böyük məbləğdə cərimələnəcəklər. Bununla da S.Sarkisyan dövlət büdcəsində yaranmış kəsirləri doldurmağa çalışacaq.
Xatırladaq ki, mart ayında Ermənistan Maliyyə Nazirliyi deputat Aşot Aqababyanın "Razdan" yarmarkasında yoxlamalar zamanı deputatı 60 milyon dram (təxminən 132 min manat) cərimələmişdi.
Beləliklə, bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, ölkədə prezident S.Sarkisyana qarşı intriqalar böyüyür, narazılığın yeni dalğası qalxır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər