• cümə, 29 Mart, 17:43
  • Baku Bakı 14°C

Dilənçi

28.03.16 10:47 2447
Dilənçi
İndi əzab-əziyyət çəksə də, onun da bir vaxtlar yaxşı günləri olmuşdu.
Ancaq on beş yaşı olanda Varville şose yolunda maşın qəzası vaxtı hər iki ayağı şikəst oldu. Həmin vaxtdan başlayaraq o, qoltuqağacına söykənə-söykənə yeriyib yollarda, fermalarda dilənməyə başladı. Qoltuqağacına söykənəndə, az qala, çiyinləri qulaqlarına çatırdı. Bu vaxt onun başı iki dağ arasında sıxılırmış kimi görünürdü.
Bu atılımış uşağı qəzadan sonra Les Billettes kilsəsinin keşişi arxın içindən tapdı, onu xaç suyuna saldı. Ondan sonra Nikolas Toussaint adamların verdiyi sədəqi ilə yaşadı, təhsil almadı. Hərdən çörəkçinin ona verdiyi konyakdan içib sərxoş olardı. Həyatı boyu öyrəndiyi yeganə şey əl açıb sədəqə istəmək idi.
Sonralar bir dul Baronessa (baron arvadı) ona malikanəsinin yanındakı toyuq fermasına bitişik kiçik, qaranlıq bir yerdə, saman üstə yatmağa icazə verdi. O tam arxayın idi ki, ona bir stəkan alma şərabı və çörək qırıntıları verəcəklər. Bundan başqa, qoca ledi hərdən ona pəncərədən qəpik-quruş da tullayırdı. Ancaq indi bu ledi ölmüşdü.
Kəndlərdə adamlar ona demək olar ki, heç nə vermirdilər - o bu ətrafda məşhur idi. Qırx il idi ki, camaat bu şikəst, cır-cındır geymiş, taxta qoltuqağacına söykənib qapı-qapı dilənən bu kişini görməkdən bezmişdi.
Buna baxmayaraq başqa bir yerə getmək heç onun ağlına gəlmirdi. Çünki o bu dünyada ömrünü keçirdiyi bu üç-dörd kənddən başqa bir yer tanımırdı. Ancaq bu kəndlərdə dilənirdi.
Hətta o bilmirdi ki, bu ağaclardan o tərəfdə həyat var, yoxsa yox. O heç vaxt özünə bu sualı vermirdi. O tarlalara, əkin sahələrinə gedib dilənərkən kənd camaatı ona “Axsaya-axsaya bura gəlməkdənsə sən nə üçün başqa kəndlərə getmirsən?” deyəndə o onlara cavab verməzdi, sakitcə onlardan uzaqlaşardı. O minlərlə şeydən qorxurdu - təzə insan üzlərindəm, onların acı sözlərindən, təhqirlərdən, onu tanımayan adamların baxışlarından, yol kənarında cüt-cüt gəzən polislərdən və sair. O axırıncıların - polislərin gözünə görünmək istməzdi, onların gəldiyini görən kimi ya kolluğa girər, ya da iri daşların arxasında gizlənərdi. Elə ki, aralıdan uniformaları günəş şüaları altında parlayan polisləri görürdü, elə bil ona qəribə güc gəlirdi, öz yuvasına tərəf qaçan vəhşi heyvan gücü. O bu vaxt qoltuqağaclarını tullayıb cındır xalça kimi yerə sərilir, bacardığı qədər büzüşüb kiçik görünməyə çalışırdı.
Düzdür, onun heç vaxt polislə problemi olmamışdı, ancaq onlardan uzaq durmaq instinkti onun qanındaydı. Görünür, polislərdən uzaq durmaq instinki ona heç vaxt üzünü görmədiyi valideynlərindən “miras” qalmışdı.
Onun sığınmağa bir yeri, başının üstə damı yox idi. Yay vaxt o evlərin qapısı ağzında yatardı, qışda isə anbarlara, tövlələrə sivişib girmək bacarığı vardı. Həmişə çalışırdı ki, ev sahibləri onu görməzdən qabaq ordan çıxsın. O demək olar ki, anbarlara girmək üçün bütün dəlmə-deşikləri tanıyırdı. O özünə lazım olanları toplayanda bəzən amanlıqda da yatırdı. Vaxt olurdu ki, o dörd, beş gün orda qalırdı.
O meşədəki vəhşi heyvanlar kimi yaşayırdı. Düzdür, o insanlar arasında yaşayırdı, ancaq onların heç birini tanımırdı. Heç kimi sevmirdi, insanların ona yalnız nifrəti vardı, ona “Bell” (bell ingiliscə zəng deməkdir – tər.) ləqəbi vermişdilər. Çünki iki qoltuqağacı arasında sallana qalanda o kilsə zənginə oxşayırdı.
İki gün idi ki, o heç nə yeməmişdi. İndi heç kim ona sədəqə vermirdi. Daha adamların səbri tükənmişdi. Qadınlar aralıdan onun gəldiyini görən kimi elə astandan çığırırdılar:
- Rədd ol! Rədd olub get, avara! Yenə nəyə görə gəlmisən, mən ki üç gün əvvəl sənə çörıək vermişdim.
O qadının sözlərini eşidib o biri evə sarı gedirdi, orada da onu belə qarşılayırdılar.
Qadınlar bir-biri ilə danışanda deyirdilər:
- Biz il uzunu bu tənbəl heyvanı yedizdirməyə borclu deyilik!
Ancaq bu “tənbəl heyvanın” hər gün yeməyə ehtiyacı vardı.
O bütün günü Saint-Hilaire, Varville, Les Billettes kəndlərini dolaşıb yorulmuşdu. Heç kim ona bir qara qəpik, ya bir tikə quru çörək verməmişdi. İndi onun yeganə ümidi Tournolles kəndinə idi. Ancaq bu kəndə çatmaq üçün o beş kilometrdən çox yol getməliydi, o isə o qədər yorğun idi ki, qoltuqağacına da gücü çatmırdı. Onun həm cibi, həm də qarnı bomboş idi, bununla belə, o birtəhər yola düzəldi.
Dekabr ayı idi. Meşədən soyuq külək əsir, ağacların budaqları arasında vıyıdayırdı. Göyün üzü qara buludlarla örtülmüşdü. Yazıq şikəst qoltuqağacına söykənə-söykənə güclə irəliləyirdi.
Hərdənbir o arx qırağında oturub dincini alırdı. Aclıq onun bütün gücünü gəmirirdi, onun çaşmış, yavaş işləyən beynində yalnız bir fikir vardı: Yemək! Amma buna necə nail olmağın yolunu bilmirdi. Onun əzablı, ağrılı səyahəti düz üç saat davam etdi. Aralıdan kəndin ağaclarını görəndə ona yeni güc gəldi.
Rast gəldiyi birinci kəndlidən sədəqə istəyəndə o dedi:
- Bu sənsən? Qoca avara! Mən səndən canımı heç vaxt qurtarmayacam?
“Bell” yoluna davam etdi. Hər qapı ağzında o acı sözlərdən başqa heç nə “almadı”. O bütün kəndi dolaşdı, bu qədər əzabı müqabilində bir qara quruş yiyəsi olmadı.
Daha sonra o kəndin kənarındakı fermalara sarı getdi- palçığa bata-bata. O indi elə yorğun idi ki, qoltuqağacını yerdən güclə qaldırırdı. Hər yerdə onu eyni cür qarşıladılar. Hava getdikcə daha da soyuyurdu. Elə bil adamların da ürəyi donmuş, onlar daha sərt olmuşdu, heç kimin əlləri pul ya ərzaq vermək üçün açılmırdı.
“Bell” tanıdığı bütün evlərin qapısından qovuludan sonra o Çiquetin fermasının yanındakı arxın içində oturdu. Qoltuqağacı sürüşüb qoltuğundan yerə düşdü, o bir müddət acından heyi kəsilib hərəkətsiz dayandı, ancaq ağlı hələ də öz miskin həyatını dərk edə bilirdi.
İnsan ürəyində heç nəyə məhəl qoymadan yaşaya bilən bir ümidlə gözlədi. O fermanın həyətində, dekabr küləyi üzünü qamçılaya-qamçılaya ümid etdi. Allahdan ya insanlardan mözücəli sədəqə gözlədi. Ancaq heç inanmırdı bu sədəqə ona verələr.
Yanında qara toyuqlar ora-bura qaçır, dən axtarır, hərdən də dimdikləri ilə torpağın üstündən ya buğda, ya da kiçik həşərat götürürdülər. Toyuqlar beləcə özlərinə qida axtara-axtara ora-bura qaçırdı.
Əvvəlcə “Bell” heç nə fikirləşmədən onlara tamaşa edirdi. Sonra onun beyninə, yox, bəlkə də qarnına “bir fikir” gəldi ki, o bu toyuqlardan birini tutub quru budaqların üstündə bişirib yeyə bilər.
O özünü oğurluq edən adam kimi aparmırdı. O əli çatan bir daşı götürdü, bacarıqlıı olduğundan elə o an ona ən yaxın olan toyuğu öldürdü. Toyuq torpağın üstünə düşüb qanad çaldı. O biri toyuqlar tez dağılışdılar. “Bell” də birtəhər ayağa durub, qoltuqağacını götürdü və “qurbanına” tərəf getdi.
O başı qırmızı qana boyanmış qara toyuğa çatanda arxasına elə güclü təpik dəydi ki, qoltuqağacları özündən on addım qabağa düşdü. Fermer Çiquet qəzəblə onun yanında dayanmış, müdafiəsiz oğrunu təpikləyirdi.
Fermanın o biri işçiləri də gəlib yazıq dilənçini döyməyə başladılar. Onlar döyməkdən yorulanda onu aparıb odun damına tulladılar, özləri isə polis çağırmağa getdilər.
Döyülməkdən, aclıqdan yarımcan olmuş, bədəni qanla örtülü “Bell” yerə sərəli qaldı. Axşam düşdü, sonra gecə oldu, səhər açıldı. O isə hələ heç nə yeməmişdi.
Günortaya yaxın polislər gəldi. Onlar odun damının qapısını ehtiyatla açdılar, qorxurdular ki, dilənçi müqavimət göstərər. Çünki fermer Çiquet polisə məlumat vermişdi ki, dilənçi ona zərbə endirib, o özünü güclə müdafiə edib.
Serjant qışqırdı:
- Dur ayağa, gəl!
Ancaq “Bell” hərəkət edə bilmirdi. O var gücümü toplayıb qoltuqağacına söykənmək istədi, ancaq bacarmadı. Polis isə elə fikirləşirdi ki, o özünü yalandan zəif göstərir, onu dartıb qoltuqağacı arasına “yerləşdirdi”.
Dilənçini qorxu bürüdü. - polis uniformasından olan qorxu. Siçan pişikdən qorxan kimi.
- İrəli! – serjant əmr etdi.
Dilənçi yeridi.
O odun damından çıxanda fermanın bütün sakinləri ona baxırdı. Qadınlar yumruqlarını düyünlədilər. Kişilər onu ələ salıb, təhqir etdilər. Axır ki onu apardılar! Canları ondan qurtardı! “Bell” iki mühafizəçinin arasında gedirdi. Axşama qədər dözməyə kifayət edəcək qədər enerji - ümidsizlik enerjisi - topladı ki, ən azı nələr baş verdiyini görsün.
Yolda onu görən kənd camaatı dayanıb ona baxır, deyinirdilər:
- Yəqin ki, oğrudur!
Axşama yaxın onlar əyalət mərkəzinə çatdılar. O hələ bu qədər uzaq yerlərə getməmişdi. O dərk edə bilmirdi ki, onu bura niyə gətiriblər, onun başına nə gələcək. Son iki günün ağır, əzablı, gözlənilməz hadisələrindən sonra bütün bu tanış olmayan sifətlər onun ürəyini təlaşla doldururdu.
O heç nə demədi, deməyə sözü yox idi, çünki o heç nə başa düşmrdü. Bundan başqa, o neçə illər idi ki, heç kimlə danışmamışdı, az qala dilini necə “işlətməyi” də unutmuşdu. Onun fikirləri o qədər qeyri-müəyyən idi ki, sözə çevrilə bilmirdi.
Onu şəhəır həbsxanasına salıb qapını bağadılar. Polisin ağlına da gəlmədi ki, onun yeməyə ehtiyacı ola bilər. O biri günə qədər o kamerada tək qaldı.
Səhər polislər qapını açıb kameraya girəndə onu döşəmənin üstündə ölü tapdılar.
Belə bir təəccüblü hadisə!
İngilis dilindən tərcümə edən: Sevil Gültən
banner

Oxşar Xəbərlər