Dil öyrənməyin xüsusi texnikaları varmı? - Araşdırma
Statistikaya görə,
dünyada ən çox danışılan dil ingilis dilidir. Dünyada hər 5 insandan 1-i
ingiliscə danışır. Beynəlxalq dil olduğu üçün artıq ölkəmizdə də onu bilmək
olduqca vacib və əhəmiyyətlidir. İngilis dilini öyrənmək üçün illərlə kursa gedənlər,
evdə hazırlaşanlar, vaxtının önəmli hissəsini buna sərf edənlər az deyil. Bəs
dil öyrənməyin xüsusi texnikası varmı? Az vaxt və az pul xərcləməklə bu dili
öyrənmək mümkündürmü? Yaxud yaş faktoru nə qədər önəmlidir?
"Dinləməyə,
oxumağa, yazmağa vaxt ayırın”
İngilis
dili müəllimi və sosial şəbəkələrdə Adam Hüseynli kimi tanınan blogger dil öyrənməkdə
yaş faktorunu vacib sayır: "Azyaşlı uşaqlar dili yalnız dinləyərək öyrənə
bilirlər. Amma orta yaş və yaşlılar üçün bu keçərli deyil. Onlar üçün bir neçə
rahat üsul var. Kiçik hekayə kitabları oxumaqla öyrənmək mümkündür. Hər gün bir
səhifə oxumaq və sözləri seçib həmin hissəyə dəfələrlə qulaq asaraq danışmaq
insanlara çox kömək olur. Amma bəzən tələbələr dili gələcəkdə IELTS, TOEFL, SAT
kimi imtahanlar vermək üçün öyrənirlər. Burada vəziyyət fərqlidir. Əgər gələcəkdə
elə bir planı olan varsa, dilin bütün bacarıqlarını eyni səviyyədə öyrənməlidir.
Yəni hər gün dinləməyə, yazmağa, oxumağa vaxt ayırmalıdırlar”.
Həmsöhbətimiz deyir ki,
"free talk” adlı videosunda pulsuz danışıq üçün qruplar var. Dil öyrənmək istəyənlər
həmin qruplara qoşularaq, diskussiyalarda iştirak edə və ingilis dilində
danışığını inkişaf etdirə bilərlər”.
"6-7
dilli uşaq böyütmək mümkündür”
9
dil bilən poliqlot, xarici dillər üzrə kouç Aslan Məmmədzadə dil öyrənərkən
yaş baryerinin olmadığını bildirdi. Həmsöhbətimiz yaş mövzusunu 3 hissəyə
ayırır: "Körpələr, gənclər və yaşlı nəsil. Körpələr anadan olduqdan 5 yaşlarına
qədər çox sürətli dil öyrənirlər. Hətta texnikaları bildikdə, 6-7 dilli uşaqlar
böyütmək mümkündür. Ətrafımızda belə insanlar var və çox uğurlu nəticə əldə edə
bilirlər. İnsanların əksəriyyəti düşünür ki, yaş ötdükcə dil öyrənmək çətinləşir.
Əlbəttə ki, müəyyən dərəcədə elədir. Amma "50-60 yaşdan sonra dil öyrənmək
mümkün deyil” fikri tamamilə yanlışdır. Düzgün düşüncə tərzi ilə başlayanda,
düzgün texnikalardan istifadə etdikdə, yaşdan asılı olmayaraq, dil öyrənmək
mümkündür. Mənim 45, 55, 60, hətta 60 yaşdan yuxarı tələbələrim olub ki, onlar
çox uğurlu nəticə göstəriblər. Sadəcə, yaşlı nəsildə problem odur ki,
universiteti bitirdikdən sonra kitablardan uzaqlaşırlar. Vaxt getdikcə,
qocaldığını düşünür, daha da geriyə gedirlər. Üzərində işləmədikdə, beyin
inkişafını dayandırır. Beyinləri aktiv olmadığına görə, onlara dil öyrətmək müəyyən
qədər çətinləşir. Amma bu çətinləşmə 5-10 faizdir. Yaşlı nəsil özlərinə qoyduqları
limitlərə görə, dil öyrənmə potensiallarını yavaşladırlar. Əgər bir insan həmişə
vurğulayırsa ki bu işi bacarmayacaq, o iş nə qədər asan olsa da, bacarmaq şansı
azdır. Amma əgər inanırsa ki bunu bacaracaq, o iş nə qədər çətin olursa-olsun,
yolunu tapıb bacaracaq. Yəni, hər şey beynimizə qoyduğumuz limitlərdən
başlayır. Doğru texnikalarla bunu
bacarmaq mümkündür. Məsələn, hazırda atamın 62 yaşı var. O, ömrü boyu kitab oxuyub,
indi də oxuyur. Onun beyni çox aktivdir. Hər dəfə mütaliə edir, özünü inkişaf
etdirir. Ona ispan və ya başqa dillər öyrətdiyim zaman bunu çox rahatlıqla
qavraya bilir. Beynimizə qoyduğumuz limitləri qaldırsaq, istənilən yaşda dil
öyrənmək mümkündür”.
"Deyirdim
ki, onsuz da alınan iş deyil...”
Hazırda 9 dil bilən həmsöhbətimiz
deyir ki, əslində məktəb illərində dil mövzusunda uğursuz şagird olub: "Həmişə
düşünürdüm ki, mən heç vaxt ingilis dilini öyrənə bilməyəcəyəm. O dərəcədə
limitlərim olub ki, heç ingilis dilini öyrənməyə başlamamışam belə. Deyirdim
ki, bu onsuz da alınan bir iş deyil və öyrənməyə cəhd də etmədim. Sonra qarşıma
sual qoydum ki, niyə mən ingilis dilini öyrənə bilmirəm, digərləri öyrənir. Bu
məni narahat etdi. Sadəcə dil mənimsəmə prosesini araşdırmaq niyyəti ilə dilləri
öyrənməyə başladım. Başa düşmək istəyirdim ki, insanın beyni xarici dili necə mənimsəyir,
doğru texnikalar hansılardır, asanlıqla, əzabsız dil öyrənmək mümkündürmü? Mən
dilləri öyrəndiyim zaman fərqli mədəniyyətə, fərqli dillərlə aşiq oluram və
deyirəm ki, bu mənimdir. Həm prosesdən çox zövq alıram, həm də dillərdən”.
"Bir
metod hər kəs üçün işləməyə bilər”
Dil öyrənmək
texnikalarına gəldikdə isə, həmsöhbətimiz deyir ki, hər insan çox fərqlidir və
texnikalar da bu baxımdan dəyişir: "Bizim adətən tez-tez etdiyimiz səhvlər odur
ki, bir texnikanı hamıya şamil edirik. Amma insanın beyni onu göstərir ki, hər
bir fərd fərqlidir. Bir metod bir insan üçün işləyirsə, o demək deyil ki, başqa
insanlar üçün də işləyəcək. Tələbələrin tez-tez etdiyi səhvlərdən biri də budur
ki, onlar hər gün məşq etmirlər. Hansı texnikadan istifadə edirsinizsə-edin,
burada bir nüans var ki, siz ən yaxşı kitabı qarşınıza qoysanız, Harvad
Universitetindən mükəmməl bir peşəkar gətirsəniz, ən yaxşı videoya baxsanız, ən
yaxşı metodu götürsəniz belə, əgər hər gün məşq etməsəniz, beyniniz o dili mənimsəməyəcək.
Əlbəttə ki, öyrənmək üçün sizin 5-10 iliniz varsa, beyniniz o dili mənimsəyə
bilər. Bizsə o dili öyrənmənin sürətli texnikalarından danışırıq. Sürətli dil
öyrənmək üçün gərəkdir ki, hər gün məşq edək. Az məşq edin, amma hər gün edin.
Çünki biz hər gün beynimizə siqnal göndərməliyik ki, bu dili öyrənirik. Dil öyrənmək
riyaziyyat öyrənmək, maşın ustalığını öyrənmək kimi bir şey deyil”.
Poliqlot deyir ki, ən əsası,
istifadə etdiyin texnikadan zövq almaqdır: "Hansı texnikanı istifadə ediriksə,
biz o texnikadan zövq almalıyıq. Əgər o prosesdən zövq almırıqsa, beynimiz o
dili çox gec mənimsəyəcək. Məsələn, kiməsə məsləhət görülür ki, gedin, film izləyin.
Əgər bu insan film izləməkdən zövq almırsa, beyin o dili mənimsəmir. Ya da çox
gec mənimsəyir. Əgər bir insan mahnılara qulaq asmağı sevmirsə, bu da onda
alınmayacaq. Və ya əgər kimsə təzə insanlarla söhbət etməyi, tanış olmağı
sevmirsə, bu metod da onda alınmayacaq”.
Həmsöhbətimiz vurğuladı
ki, insan beyni xarici dilləri öyrənmir, mənimsəyir: "Necə ki, uşaqlar
valideynlərini, ətrafdakı insanları dinləyərək, yaşayaraq dili mənimsəyir,
böyüklər də eləcə, dinləyərək, oxuyaraq, yaşayaraq dilləri mənimsəməlidirlər”.
Dil
öyrənməyə kömək edən filmlər
Əcnəbi mütəxəssislər
deyir ki, yeni dil öyrənməyin ən yaxşı yollarından biri maraqlı film izləməkdir.
Bu vasitə hər zaman işə yarayır və sizə kitablarda tapa bilməyəcəyiniz ifadələri
öyrənməyə kömək edir. Mütəxəssislərin məsləhəti ilə dil öyrənməyi asanlaşdıran
8 maraqlı filmi nəzərinizə çatdırırıq:
1.
Forrest Gump
Kino tarixinin ən yaxşı
ekran əsərlərindən biri olan bu filmə baxaraq siz öz ingilis dilinizi daha da
yaxşılaşdıra bilərsiniz. Filmin dili çox sadə və aydındır. Tom Hanks filmdə
sözləri tələffüz edərkən aramla danışır və bu da təzə dil öyrənməyə başlayanlar
üçün rahat imkanlar yaradır.
2.
The Lake House
Yazılı ingilis dilinizi
inkişaf etdirmək üçün ən yaxşı filmlərdəndir. İki qəhrəman, iki vaxt və bir
poçt qutusu. Onlar sizə əsl romantik məktub yazmağın qaydasını öyrədəcək.
3.
Beauty and the Beast
Başlanğıc üçün uşaqlıqdan
bəri hamının sevdiyi bu möhtəşəm filmi seçmək ən yaxşısıdır. Cizgi filminin qəhrəmanlarının
başa düşülən və aydın tələffüzləri var. Onlar danışıqları əsnasında çətin sözlərdən
istifadə etmirlər. Buna görə də bu cizgi filminə hətta ingilis dili səviyyələri
aşağı olanlar belə baxa bilərlər.
4.
Coffee and Cigarettes
Dil biliklərini genişləndirmək
üçün dəyərli filmdir. Film boyunca xeyli söhbətlər, mübahisələr və zarafatlar
dövr edir.
5.
Shrek
Bu cizgi filmini izləyərək,
həm böyüklər, həm də uşaqlar ingilis dilindən nəsə öyrənə bilərlər. Aktyorların
tələffüzü çox dəqiqdir, ifadələr qısa və asandır. Ən əsası isə, burada istifadə
olunan zarafatlar və mahnılar sizi izləyərkən darıxmağa qoymayacaq.
6.
Bridget Joneschr("39")s Diary
İngilis dilini öyrənmək
üçün yararlı olan filmlərdən biri də budur. Film həyatını dəyişməyə çalışan 32
yaşlı Bridgetdən bəhs edir. Filmdəki dialoqlar çətin deyil, Rene Zelvegerin tələffüzü
isə möhtəşəmdir.
7.
The Iron Lady
Tarixi bilmək hər zaman
yararlıdır, öyrəndiyin dilin tarixini bilmək isə bir ikiqat yararlıdır. Buna
görə də Margaret Tetçerin həyatından bəhs edən və Meryl Stripin çəkildiyi bu
mövzuda film çox vacibdir. Bu filmlə düzgün akademik ingiliscədən də bəzi məqamlar
öyrənə bilərsiniz.
8.
Jerry Maguire
Böyük şirkətdə işləmək
istəyirsiz? Filmdə qəhrəman sizə həm danışmaq, həm də düzgün fikirlər
hazırlamaq mövzusunda kömək edəcək.
Aygün ƏZİZ