• şənbə, 20 Aprel, 19:16
  • Baku Bakı 24°C

“Dil öyrənməyə həvəs bir qədər xaotikdir”

16.04.15 11:58 3957
“Dil öyrənməyə həvəs bir qədər xaotikdir”
Məktəb-Lisey Kompleksin ingilis dili müəllimi, İlin müəllimi Rəsmiyə Bədirova “Kaspi” qəzetinin “Bir məktəbin tarixi” layihəsinə müsahibəsində müasir dövrdə ingilis dili öyrənməyin əhəmiyyətini qeyd edir.
- Bu gün şagirdlərin ingilis dilinə kütləvi marağını necə dəyərləndirirsiniz? Bu, zamanın tələbidir, yoxsa dəb?

- Hər ikisi var... Bu gün Azərbaycan Qərbə inteqrasiya edir. Odur ki, hər kəsin xarici dil bilməsi vacib şərtdir. Əgər sən bir dil bilirsənsə, demək, həmin ölkəni fəth edirsən. Götürsək ki, bu, həm də beynəlxalq dildir və sən bütün dünyada bundan istifadə edə bilirsən, demək, sən bütün dünyanı fəth etmiş olursan, xalqlarla münasibət qura, onların adət-ənənəsini öyrənə bilirsən. Ancaq bu gün etiraf edək ki, ölkəmizdə dil öyrənməyə həvəs bir qədər xaotikdir. Hamı öyrənmək istəyir. Sözsüz ki, dil öyrənmək hamı üçün vacibdir, ancaq bacarığı nəzərə almırıq. Bəzi valideynlər var ki, onlar övladının bacarığını bilmədən “Mənim uşağım ingilis dilini öyrənsin” - deyə israr edir. Bu da düzgün deyil. Biz görürük ki, bəzi uşaqların doğrudan da dil öyrənmək bacarığı yoxdur. Bu bacarıq anadangəlmə bir keyfiyyətdir və hər kəsdə inkişaf edə bilməz. Elə uşaqlar var ki, riyazi bacarıqlar, elələri var ki, əmək bacarıqları, elələri də var ki, rəssamlıq və ya musiqi bacarıqları yüksək ola bilər. Bəzilərində dil öyrənmək bacarığı ola bilər. Buna görə də dil öyrənməyə asan baxmayaq. Uşaq birinci sinfə gələndən 10 gün keçmiş valideyn gəlir ki, uşaq yazı yazmayıb. Biz birinci sinifdən başlayaraq kurikulum dərsi keçirik. Biz ikinci sinfə qədər uşağı dinləyib-anlamaq, danışdırmaqla və mini-dialoqlarla inkişaf etdiririk. Əvvəlcə valideynlərin özlərini maarifləndirmək lazımdır. Biz dili öyrətmək üçün ilk növbədə dil öyrədirik. Birinci sinif uşağına qrammatika, nəzəriyyə öyrədə bilmərik. Uşağı onlarla yükləmək olmaz. Biz dili öyrədərək, dilin daxilində qrammatikaya elə incə keçid edirik ki, uşaq yüklənməsin. Bu, dünya praktikasında belədir. İlk növbədə uşağın qulağı eşitməli, o, sözü dinləyib anlamağı və dediyi sözü tələffüz etməyi bacarmalıdır. Bu, mərhələlərlə davam edir. Biz birinci sinif şagirdinə qrammatika izah etsək, onu çaşdıra bilərik. Biz bu gün interaktiv təhlil keçirik, kurikulum standlartlarından istifadə edirik və bunu dünya praktikasına əsaslanaraq yerinə yetiririk. Günün tələbi budur.
- Nə üçün məktəblərdə ayrı-ayrı fənlər üzrə dərslər keçirildiyi halda uşaqlar fərdi hazırlığa gedirlər?

- Desəm ki, bu, valideynlərdə bir xəstəlikdir, yanılmaram. Bu, günümüzün xəstəliyidir. Valideyn evdə uşağına demək istəmir ki, kitabını çıxar, məşğul ol. Ancaq valideyn hər şeyi məktəbin üzərinə atır. Uşaq evdə dərsini yazmayanda, dərslərə hazırlaşmayanda o, yoldaşlarından geri qalır. Onda da valideyn “Müəllim tutub uşağı hazırlığa qoyum” - deyir. Uşaq hazırlığa gedəndə də orada tamam başqa şeylər keçir. Bəzən valideynlər elə müəllim tuturlar ki, o, heç məktəbdə işləməyib, müasir təhsildən və kurikulumdan xəbəri yoxdur. O, uşağa tamam başqa mövzu, biz isə tamam başqa şey keçirik. Onda da uşaq çaşqınlıq içərisində qalır. Mən valideynlərə məsləhət görməzdim ki, hamılıqla uşağını hazırlığa göndərsinlər. Ən yaxşısı budur ki, onlar öz uşaqlarının başı üzərində dursunlar və onlarla bir az məşğul olsunlar. Bu yetər ki, uşaq dərslərindlən yaxşı da qiymət alsın.
- Fikirlər var ki, müəllimlər məktəbdə yaxşı dərs keçmirlər. Ona görə də uşaqların ümumən məktəbə münasibəti dəyişib.

- Bu, tamamilə yanlış fikirdir. Səhərdən axşama qədər məktəbdə dərslər normal keçir. Sadəcə, bəzi valideynlər özləri istəyirlər ki, uşaqlarını müəllim yanına göndərib fərqlənsinlər. Bəziləri də istəyir ki, uşağı doğrudan da daha yaxşı öyrənsin. Amma bu seçimdə də səhv edirlər. Problem də budur. Amma valideyn uşağına nəzarət edib onu vaxtlı-vaxtında dərsə göndərsə, oxumasına fikir versə, şagird də məktəbdə müəlliminə diqqətlə qulaq assa və dərslərini vaxtlı-vaxtında öyrənsə, demək olar ki, onlara repetitor lazım deyil. Onlar məktəbdə keçdikləri baza ilə TQDK imtahanlarında uğur qazanıb ali məktəblərə daxil ola bilərlər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər