• cümə, 19 Aprel, 20:35
  • Baku Bakı 24°C

Dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri hazırlanacaq

30.05.17 14:30 1073
Dil pozuntularının qarşısını almaq üçün cəza tədbirləri hazırlanacaq
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Telekanalların dil mənzərəsi” mövzusunda dəyirmi masa keçirilib.APA-nın xəbərinə görə, Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı həyata keçirilən tədbirlər, yerli telekanalların dili ilə bağlı aparılmış monitorinqlərin nəticələri müzakirə olunub.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, İnstitutda monitorinq şöbəsi, "qaynar xətt” fəaliyyət göstərir. Onun sözlərinə görə, Dilçilik İnstitutunun monitorinq şöbəsi tərəfindən dərman vasitələrinin içlik vərəqələrinin, reklam və afişaların dili ilə bağlı mütəmadi monitorinqlər aparılır: "Dil xalqın varlığıdır, xalqın mənəvi sərvətidir. Sərvəti də qoruyarlar. Xətaların qarşısını almaq üçün ana dilini gözəl bilmək və sevmək lazımdır. Təəssüf ki, şifahi danışıqda sözlərin sırası pozulur. Eyni zamanda ədəbi dilin normalarının, istər fonetik, istər morfoloji səviyyədə pozulması hallarına rast gəlinir. Azərbaycan dilində "narahatçılıq” sözü yoxdur. Lakin bu sözdən istifadə halları qalmaqdadır Bunların qarşısını almaq üçün ilk növbədə məsuliyyətli və peşəkar olmaq lazımdır”.
Akademik qeyd edib ki, Dilçilik İnstitutu dil pozuntularının qarşısını almaq üçün inzibati cəza tədbirləri ilə bağlı təkliflər hazırlayacaq.
İnstitutun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, dil pozuntularının qarşısını almaq üçün yaxın vaxtlarda cəza mexanizminin hazırlanmasına başlanacaq.
Şöbə müdiri qeyd edib ki, telekanallarda ədəbi dil qaydalarının pozulması halları ilə bağlı vəziyyət getdikcə yaxşılaşır: "Məni bu gün ən çox türk intonasiyasının, türk sözlərinin telekanallara axını narahat edir. Eyni zamanda, başqa dillərdəki sözlərdən yerli-yersizistifadə hallarına da rast gəlinir”.
Daha sonra İnstitutun aparıcı elmi işçisi, dosent Nəzakət Qaziyeva televiziya verilişlərinin dili ilə bağlı aparılan monitorinqlərin nəticələri barədə məlumat verib. O deyib ki, mövcud problemlərin aradan qaldırılması üçün aparıcıların, xüsusilə xəbər aparıcılarının nəzəri-praktik məşğələlərdə iştirakı müsbət nəticə verə bilər. Eyni zamanda, aparıcıların mürəkkəb konstruksiyalı cümlələr deyil, sadə cümlələrə üstünlük verməsi problemlərin aradan qaldırılmasına şərait yarada bilər.
banner

Oxşar Xəbərlər