• şənbə, 20 Aprel, 08:08
  • Baku Bakı 14°C

“Dil onu idarə etmək istəyən istənilən insan qruplarından güclüdür”

25.12.14 12:16 2129
“Dil onu idarə etmək istəyən istənilən insan qruplarından güclüdür”
Linqvistlər Rusiyada «İlin sözü - 2014» müsabiqəsini yekunlaşdırıblar. Söz və cümlələr üzrə 4 nominasiya müəyyənləşib: «İlin sözü», «İlin ifadəsi və cümləsi», «Anti dil» və «İlin neologizmi». 2014-cü ilin lüğətində Ukrayna ilə bağlı olan hadisələr də yer alıb. «İlin sözü» nominasiyasında böyük fərqlə «Krımnaş» sözü qalib gəlib. «İlin cümlə və ifadəsi» nominasiyasında «Nəzakətli adamlar» mütləq lider olub. «İlin neologizmi» nominasiyasında isə «Hamam günü» (Facebook istifadəçilərinin şəbəkədə heç kimlə əlaqə saxlamaq istəmədikdə özlərinə tətbiq etdikləri qadağa) birincilik qazanıb. «Anti dil» nominasiyasında qalibliyə iddialılar daha çox olub. Belə ki, bu nominasiya üzrə «şüyüd», «kartof böcəyi», «pindos», «pambıqlı gödəkçə» sözləru yer tutub. Müsabiqəyə görə, inam və dözümlülük öz dillərində, düşmənçilik və ədavət də öz dilində danışır.
“Rossiyskaya qazeta” mövzunu filologiya elmləri doktoru, Ali İqtisadi Məktəbin professoru Həsən Hüseynovla müzakirə edib.
Həsən Hüseynov – filoloji elmlər doktoru, dilin fəlsəfəsi və sosiologiyası üzrə çoxsaylı kitabların və məqalələrin müəllifidir. O, Rusiya və xarici mətbuatda dillə bağlı köşə yazıları ilə çıxış edir. H.Hüseynov 1953-cü ildə Bakıda doğulub, 1954-cü ildən Moskvada yaşayır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. 20 il Almaniya, Danimarka, ABŞ universitetlərində çalışıb. 2012-ci ildən Ali İqtisadi Məktəbin professoru kimi antik ədəbiyyat və ritorika, həmçinin Rusiya siyasəti ilə bağlı mühazirələr oxuyur. Öz tələbələrinə onlayn tədris yolu ilə antik dünyadan dərs keçir.
İnkişaf təhlükə ilə birləşib
- Bu gün internetin rus dilinə təhlükəli təsirindən çox danışırlar. Siz bu təhlükə ilə razısınızmı?

- Dilə hər bir texnologiya təsir edir. Bu təhlükə daha çox nitqdə və davranışda özünü göstərir. Məhz mobil telefonun yaranışı ilə bu təhlükə daha çox hiss olunmağa başladı. Bu gün telefon insanı antropoloji tip kimi çox dəyişib. Bu gün normal texnoloji inkişaf gedir. Bu inkişaf ümumiyyətlə, təhlükə ilə birləşib. Fotoqrafiya vaxtilə rəssamlıq sənətini, eləcə də kino fotoqrafiyanı, televiziya kinonu öldürməmişdi. Bu gün isə əks proseslər gedir.
- Sizcə, dilin əsas problemi nədir?

- Adi adamlar həmişə dili öz danışdıqları kimi hiss edirlər. Savadlı adamlar isə dilə yaradıcı yanaşırlar. Dilin əsas problemi cəmiyyətdə yaranır. Dilin əsas göstəricisi ondan istifadə edən adamlardır.
- Razısınızmı, sözlər yeni geosiyasi reallığa uyğun olaraq yaranır və ya dəyişir?

- Əsasən belədir. Amma həm də dil yeni reallıqlarla formalaşır. Daha doğrusu, o təkcə hansısa şəraitə tabe olmur. O özü hansısa şəraiti yaradır. Bu proses həmişə gedir. Ukraynalaşmanın ifadələri sovet reallığının hissəsi kimi formalaşmışdı. Burada şəxsi-qərəzlik elementi də rol oynayır. Belə ki, partiya rəhbərliyi rus cənub ləhcəsi ilə danışırdı. Brejnevin danışığı hakimiyyətə assosiasiya olunmuşdu. Belə şərait Almaniyada Valter Ulbrixtin dönəmində də vardı. O, almanca sakson ləhcəsi ilə danışırdı. Ancaq bavariyalıların şivəsi Almaniyada daha çox sevilsə də, bu, siyasi sistemə daha çox assosiasiya olunmadı.
- Hazırda silahlı Ukraynanın şərqində “kartov böcəyi”, “sırıqlı”, “daun-bas”, “şüyüd” kimi sözlər formalaşıb. Bu, barrikada leksikasıdır – hazırki Ukrayna reallığında yaranıb? Yoxsa bugünkü reallıq onu yaradır? Buna səbəb nədir? Tədqiqatlar nə göstərir?

- Bu, qarşılıqlı prosesdir. Hələ 70-ci illərdə Almaniyada Matiasa Harsiqanın və Ursula Kursun «Dil sosial nəzarət kimi» kitabı çıxdı. Əsərdə bildirilir ki, bu mənada sosial nəzarət hansısa qrup üzvləri tərəfindən yerinə yetirilmir. Əgər onlar bunu həyata keçirmək istəsələr belə, dil özü buna mane olur. Çünki dil onu idarə etmək istəyən istənilən insan qruplarından güclüdür. Nəticədə qarşılıqlı hərəkət yaranır.
Xeyir və şər arasındakı mübarizə

- Nifrət və ədavət başlanğıcda dilə toxunur, sonra isə onu reallıqda möhkəmləndirir.

- Məndə sovet dövründən qalma diktofon yazıları var. Bu yazılarda valideynlərlə uşaqların söhbətləri yer alıb. Məsələn, «Uşaq aləmi» verilişini xatırlayırsınızmı? «Mən sənin başını qopararam». Bu, təkcə pedaqoji səhv deyil. Bu, böyüklərin uşaqlar və körpələr üzərində nitq zorakılığıdır. Bu, zorakılıq hədsizdir və uşaqlar da buna alışırlar. Uşaq öz-özünə aqressivləşmir. Onların qulaq asdığı böyüklər uşaqları aqressiv edir. Uşaq ailədə gördüyü danışıq aqressiyasını nümayiş etdirir. Nə üçün bizdə siyasi tərbiyə yetişməyib? Çünki bu elə bir şeydir ki, zamanla inkişaf edə bilməz, bu, daimi yeniləşmə tələb edir. Siyasi tərbiyəni demokratiya kimi bir dəqiqəliyə işə salmaq olmaz. Sonra isə işə salıb «Biz artıq hər şeyə nail olduq, indi artıq onsuz keçinə və idarə edə bilərik» - demək olmaz. Siyasi tərbiyə - bu, daimi özünü idarəetmədir. Ümumiyyətlə, ikiüzlülük deyil. Bu, böyük cəmiyyətlərdə sülhlə yaşamaq qabiliyyətidir, hansı ki, orada insanlar sıx və intizamla yaşayırlar. Baxmayaraq ki, biz hamımız ağzınacan dolmuş qatarda gedirik, amma intizam qalır.
- Sizə elə gəlmirmi ki, ədavət və düşmənçilik dili – bu, cəmiyyətdə soyuq vətəndaş müharibəsinin inikasıdır və Rusiyada davam edir?

- Prinsipcə belədir. «Ağqvardiyaçılar əleyhinə», «mülkədarlar», «xalq düşməni», «ziyanvericilər», «Vətənsiz kosmopolitlər», «liberallar»… hər bir dövrün ədavətdən doğan öz sözləri var. Təəssüf ki, bugünkü günümüz də bu cür sözlərlə zəngindir: «Krımnaşistlər», «milli satqınlar»... Nə üçün belə əks-sözlər dini motivdə işə salınmalıdır? Adamlar var ki, dindarlığı və ruhaniliyi qəbul etmir və əksinə, adamlar da var ki, ateizmə aid bütün sözlərin ünsiyyətdən çıxmasını tələb edir. Bu, bir insanın və ya kiçik bir qrupun qəlbində gedən tamamilə yeni bir şəraitdir. Dostoyevskidəki kimi xeyir və şər arasındakı mübarizədir. Bəzən insan özünü şərin gücü hesab edir və birdən onda xeyir gücü yaranır. Bu mübarizə hər kəsin içərisində gedir: kiminsə xoşuna gəlir, kiminsə yox. İnsanlar razılığa gəlməlidirlər. Bu, normaldır. Danışmayana qədər sən nə istədiyini bilmirsən. Ancaq hər şey aydınlaşandan sonra isə sənin üzündə tamamilə ayrı bir ifadə yaranır.
Nitq nifrətindən çıxmaq üçün...

- Yəqin ki, siz fikir vermisiniz, bir çox sözlər bugün öz semantikasını itirir.

- Hə, mən görürəm ki, bir çox sözlər öz mənası üzrə işlənmir. Bu, ümumiyyətlə, rusların öz ifadələrindən güclü istifadə etmək vərdişləri ilə bağlıdır. Məsələn, mən «güllələnmə» sözünün tarixi ilə xüsusi məşğul olmuşam. Digər tərəfdən, bir çox adamlar bu sözü öz reallığından kənar olaraq işlədirlər. «Hə, mən buna görə güllələyərdim...» Nə üçün? Kiminsə xoşuma gəlmirsə, güllələmək lazımdır? Digər tərəfdən, «hər ikisini güllələmək lazımdır», “Qolları bağlı adamı güllələmək olar” və s. kimi fikirlər də var. Bu, kimisə öldürməyə bərabərdir. Güllələnmə özünün həqiqi mənasında insan üzərində məhkəməsiz hesablaşmadır. 30-cu illərdə Stalin təbliğatı zamanı kütləvi nifrəti həyata keçirmək üçün bu sözdən istifadə olunurdu. Xüsusilə “xalq düşmənləri”nə qarşı: «Quduz itlər kimi güllələmək» ifadəsi işlənirdi. Amma vətəndaş müzakirələrində isə «güllələnmə» sözü ümumiyyətlə, qəbulolunmazdır. Çünki güllələnmə silahlı adamın silahsız adam üzərində zorakılığının formasıdır. Bu cür sözlərin geniş işlənməsi ağır ictimai mühit yaradır, insanların sazişinə mane olur. Bu tip sözlər isə kifayət qədərdir.
- Əgər bu sözlərin məzmunu ilə bağlı ekspert fikri söyləməli olsanız, Cinayət Məcəlləsinə görə nə qərar qəbul edərdiniz?

- Hansısa deyilişin Cinayət Məcəlləsinə aid olub-olmaması hüquqi məsələdir. Mən isə hüquqşünas deyiləm. Ancaq filoloq kimi sadə bir şey deyərdim: Əgər bu sözlər kütləvi informasiya vasitələrində yaranırsa və gündə dəfələrlə eşidilirsə, insanlar onları tələffüz edirsə, onları cinayət məsuliyyətinə cəlb etməyə dəyməz. Əlbəttə, bu sözlər düşmənçiliyi alovlandırır. Ancaq sübut etmək mümkün deyil ki, bundan istifadə edənlər hansısa sosial və digər ədavəti qızışdırırlar. Bütün hallarda ictimai yerlərdə ana söyüşünə görə cərimə etmək lazımdır. Siz bu cür cərimələrlə çoxmu qarşılaşmısınız? İstənilən ictimai yerdə – metroda və ya stadionda sizə deyə bilərlər: «Ətrafa baxın, hamı söyüş söyür. Təkcə mənimi buna görə cəzalandıracaqlar?” Nitq nifrətindən çıxmaq üçün başa düşmək lazımdır ki, əgər onu söndürməsən, hamını bürüyəcək. Burada istisna yoxdur. Çünki bu nifrətin alovunda bütün dəyərlər ölür.
Tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər