"DİL" (esse)
Yazıçı bütün başqa şeylərdən daha çox dilin kasıblığından
və qeyri-mükəmməlliyindən əziyyət çəkir. Bəzən o, bu aciz və dəyərsiz "silahla"
işləməli olduğuna görə dilə, daha doğrusu özünə nifrət edir, günahlandırır və lənətləyir.
Yazıçı Şimal qütbündən Afrikaya qədər hər kəsin anlaya biləcəyi bir dili olan rəssama da həsəd aparır, bütün bəşəri dillərdə
danışa bilən və bir-birindən fərqlənən, yeni monoton melodiyadan tutmuş çoxsəsli
orkestrə qədər, trubadan tutmuş klarnetə qədər, skripkadan arfaya qədər çox müxtəlif
ona tabe olan dillərin səslərindən istifəadə
edən musiqiçiyə də həsəd aparır.
Yazıçının ən dərin paxıllığı musiqiçiyədir. Çünki
o, bu dili ancaq musiqiylə məşğul olmaq üçün istifadə edir! Yazıçı isə ədəbiyyat
üçün məktəbdə dərs keçilən, ticarət müqavilələri
bağlanan, teleqramlar yazılan, məhkəmələrdə danışılan dili istifadə etmək məcburiyyətindədir.
Yaradıcılığından ötrü öz üsulları, öz yaşayış yeri, öz bağçası, aya baxmaq üçün
öz pəncərəsi olmayan, adi həyatla hər şeyi bölüşməli olan yazıçı çox kasıbdır. "Ürək"
deməklə insanın içindəki həycanı, titrəyişi əsl mahiyyətini, xüsusiyyətlərini və
zəif nöqtələrini nəzərdə tutan yazıçı, həm də bununla adi bir əzələni dilə gətirir.
"Güc" deyərək o, bu sözün mühəndis və ya elektrotexniklə bir işlənməsi
üçün mübarizə aparmalı olur. Çünki onların sahəsində istifadə olunan anlayışdır. "Xoşbəxlik, səadət" yazarkən isə, həmin
obraz ilahi varlığa tərəf yönəlir. Elə bir söz yoxdur ki, o eyni vaxtda bir neçə
məna daşımasın. O bir nəfəsdə dəxilsiz, yad fikirləri bir araya gətirir və dar divarlar
– çərçivələr arasında çarpışıb, tam deyilə bilməyib sönür.
Yazıçı özündə var olandan, bacardığından daha
çox verə biləcək qədər hiyləgər deyil. O, anlatmaq, demək istədiyinin onda birini,
heç yüzdə birini belə oxucuya ötürə bilmir. Onu yüngülvari, heç olmasa ötəri, müəyyən
qədər, təxminən anlayan, başa düşən olsa çox şad olar. Bundan artığına yazıçı çox
nadir hallarda nail olur. O, təriflənən və ya tənqid olunan yerlərdə, uğur qazandığı və ya gülüş doğurduğu yerlərdə,
sevildiyi və ya sevilmədiyi yerlərdə söhbət onun öz düşüncələri və xəyallarından
deyil, dilin dar kanalından keçirərək ortalığa çıxara bildiyindən və oxucuların
qəbul edə bildiyindən gedir.
Çünki insanlar dəhşətli dərəcədə mübarizə aparırlar.
Lakin bu mübarizədə bir qrup yaradıcı gəncin bütün çətinliklərə baxmayaraq, yeni
dil, yeni ifadələr gətirməyə cəhdi həyatla
deyil, ölümlə qarşı-qarşıya dayanmağıdır. Axı həmvətənlər üçün dil nəyinki danışıq
üçün vasitədir, o həmdə müqəddəs bir varlıqdır. Onlar üçün müqəddəs olan dil hamıyla
bölüşülən, təklik haqqındakı bütün fikirləri
uzaqlaşdırandır. Həmvətənlər ümumdünya dil idealını əzizləyib saxlayırlar. Lakin
həmvətənlərin ümumdünya dili heç də yazıçının arzuladığı kimi, xəyal etdiyi kimi
deyil. Onun üçün bu yazı xəzinədən çıxan ləl-cəvahirat deyil, sonsuz orkestr deyil,
güc-qüvvəyə, sözə, kağıza qənaət edən və pul qazanmağa mane olmayan teleqraf işarələrinin sadə yığınıdır. Axı ədəbiyyat, musiqi
və buna bənzər hər şey pul qazanmaq üçün maneədir!
Həmvətənlər öz aralarında incəsənət dili kimi
qəbul olunmuş dili öyrənəndən sonra incəsənəti anlamağa, dərk etməyə başlamışlar. Bu cür əziyyətlə öyrəndikləri dilin yalnız incəsənətin
cüzi bir hissəsi üçün olduğunu anlayanda hiddətə gəlirlər. Babalarımızın zamanında elə maariflənmiş müdrik insanlar varıydı ki,
Hayd və Motsartdan başqa Bethoveni də dərk edə bilmişdilər. Və zamanla ayaqlaşa bildiklərini hiss etmişdilər. Lakin Şopen, Vaqner ve List kimi bəstəkarlar meydana
çıxıb onlara daha yeni bir dili – inqilabi və daha gənc dili fərəhlə qəbul etməklərini
təklif edəndə, onlar buna ağız büzdülər. İncəsənət səviyyəsinin aşağı düşməsindən,
yaşamaq məcburiyyətində olduqları zəmanənin pisləşməsindən şikayətlənməyə başladılar.
O bədbəxtlərin başına gələn indi minlərlərə insanın başına gəlir. İncəsənət yeni
simalar, yeni dillər yaradır, yeni tərzdə danışmağı və özünü ifadə etməyi öyrənir.
Dünənki, srağagünkü dillərdən artıq beziblər. Onlar bütün çərçivələri dağıtmaq istədiklərinə
görə həmvətənlər qəzəbə gəliblər. Onlara elə gəlir ki, onları ələ salırlar, dəyərlərini
kökündən qoparıb ayırırlar, bu səbəbdən də başlarını öz "təhsil örtülərinin"
altında gizlədirlər. Amma cüzi bir sıxıntıdan məhkəməyə qaçan həmvətənlərimiz isə
hər an təhqirlə üzləşirlər.
Lakin bu qəzəb və narahatlıqlar həmvətənlərimizin
yaxasını buraxmır, əsəbhlərini sakitləşdirmir.
Həmvətənlərinə acığı tutmağa haqqı
olan rəssam isə öz əsəbini, hirsini, nifrətini yeni dili yaratmaqla boşaldır. O,
başa düşür ki, təhqir etmək çıxış yolu deyil, təhqir edən həmişə haqsızdır! Bizim dövrdə rəssamın öz şəxsiyyətindən başqa
heç bir idealı yoxdur. Özü kimi olmaq və fitrətən ona veriləni ifadə etmək istəyindən
başqa heç bir arzusu olmadığından, o, həmvətənləri ilə olan düşmənliyini, əsəbini
yeni bir formada – ironiya və qrotesklə gözəl
və xoş bir hissə çevirir.
Təbiətin necə də çox dili var və insanların təbiətlə
ünsiyyət üçün yaratdığı nə qədər dillər var! Sanskrit (Hind-Avropa dil ailəsinin, Ari dilləri qrupunun Hind qoluna mənsub qədimi dil olmaqla yanaşı, Hinduizm, Buddizm, Caynizimin ibtidai ədəbi dilidir) və Volapük (Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq danışıq dili. – Volapük tərcümədə "ümumi dil" mənasını verir.) arasındakı dövrdə insan tərəfindən yaradılmış bir neçə min qrammatika
çox cüzi bir nəaliyyətdir. Ona görə cüzidir ki,
bu qrammatikalar ən vacib olanlarla kifayətlənirlər. Ən vacibi isə vətəndaşlar
üçün qazanc yeri, çörək və sairədir. Bu isə dilin inkişafı, çiçəklənməsi üçün heç
nə vermir. İnsan dili (qrammatikanı nəzərdə tuturam) hələ heç vaxt pişiyin quyruğunu burmaqla göstərə
bildiyini, cənnət quşunun gəlinlik paltarında saçdığı gümüşü səpintilərin gözəlliyinə,
xəfifliyinə, canlılığına, parlaqlığına çata bilməmişdir.
İnsan özü
kimi qalaraq, qarışqalara və arılara oxşamağa can atmadan belə cənnət quşunu da,
pişiyi də və başqa heyvanları və bitkiləri də üstələyə bilmişdir. O, hiss və fikirlərini
ifadə etmək üçün alman, yunan və ya italyan
dillərindən də gözəl dillər fikirləşib tapıb. Sanki bir möcüzə kimi həyata dini,
rəssamlığı, memarlığı, fəlsəfəni qatdı, musiqini yaratdı. Bunların özünü ifadəsi
bütün cənnət quşalarından və kəpənəklərdən də gözəldir. Mən "İtalyan rəssamlığı"
deyəndə minlərlə düşüncələr, fikir axını, xorun ilahi bir gözəlliklə oxuyan səsi,
müxtəlif alətlərin səsi, mərmərli məbədlərin sərinliyini eşidir, monaxların və madonnaların
duaları zamanı təzimlərini görürəm. Və ya Şopeni düşünürəm
– gecə mülayim və melanxolik mirvari səslərə
bürünür, musiqi alətinin simlərində vətən həsrəti yalnızlıqda ah-zar edir. Minlərlə
termin, rəqəm, hərf və fomullarla ifadə oluna biləcək bu yanğı, bu intizar musiqi dilində daha gözəl əks olunur.
Doğurdan da, kim ciddi-ciddi düşünür ki, "Verter"
(Hötenin "Gənc Verterin iztirabları” romanı) və "Vilhelm Meyster" (Hötenin
"Vilhelm Meysterin təhsil illəri” romanı) eyni dildə yazılıb?! Jan Pol (alman yazıçısı) bizim indiki müəllimlərin danışdığı
dilində danışıb?! Onlarsa yazıçılardır. Onlar bərbad, eybəcər, kasıb, başqa şeylərdən
ötrü icad olunmuş bir dillə işləməli olublar! "Misir" sözünü deyərək sən
Allahı tərif edən güclü, möhkəm akkordlu dili eşidəcəksən. O dil ki, əbədilik və
sonsuzluq dilidir. Milyonlarla qulların, bütün hər şeyin üzərindən padşahlar daşlaşmış
baxışlarla baxır. Lakin bircə ölümün qaranlıq baxışları dəyişilməzdir; müqəddəs
heyvanlar donub qalıb; rəqqasələrin əlində incə lotos gülləri gözəl ətir saçır.
Kainat, ulduzlu gecə, saysız-hesabsız dünyaları dolduran təkcə bir söz – "Misir"!
Arxası üstə uzanıb bir ay heç nə barəsində düşünməmək olar. Və birdən adamın ağlına
nəsə gələ bilər. Sən "Renuar” (fransız rəssamı) eşidirsən və bütün dünyanın
necə çəhrayı, parlaq və sevincli çalarlardan
ibarət olduğunu görüb gülümsəyirsən. "Şopenhauer" söyləyirsən
və elə həmin dünya həmin andaca əzab çəkən, yuxusuz gecələrdə öz kədərini
səcdəgah edən bir insanın çətin, uzun yollarla, qəmli bənizlə susqun sonsuzluğa,
naməlum və kədərli cənnətə doğru yürüyən cizgilərinə çevrilir. Və yaxud da ki, daxilində "Valt və Vult" (Jan
Polun "Qeyri-sabit illər" romanının qəhrəmanları) səslənir və ətrafındakı
buludlar janpolsayağı Almaniya sakininin dəhşət içində yaşadığı iki qardaşa bölünmüş
yuvasına çevrilir.
Həmvətəni fantastı dəliyə bənzətməyə meyillidir.
Hissiyyatı heç vaxt onu aldatmır: əgər o, rəssam, filosof, dindar kimi özünü daxilindəki
dərinliyə, uçuruma buraxsa dəli olar. Biz bu daxili dərinliyi nə qədər ruh adlandırsaq
da, məhz o həyatımızın hərəkət səbəbidir. Həmvətənin özü
və ruhu arasındakı sədd isə şüur, mənəviyyat, təhlükəsizlik üsullarıdır. Və onun
üçün daxili dərinlikdən heç nə gəlmir. Çünki daxilində hamısı qorunub saxlanılır.
Rəssam isə hər zaman ruhuna, ürəyinə yad olan yerlərə şübhə ilə yanaşır. O, müdafiə
olunan səddi isə gizli-gizli, "o yan” və "bu yan”, "o" və "bu",
"şüur" və "şüursuzluq" arasında, sanki "o, evdədir, amma həm
burdadır, həm ordadır" kimi dolaşır.
Yazıçı bu işıqlı, həmdə həmvətəni olan tərəfdə olarkən bütün dillərin kasadlığından zülm
çəkir və həyatı özünə çox əzablı görünür. Amma o, ruhu olan tərəfdə olanda isə hər
əsinti möcüzəli sözə çevrilir, ulduzların nəğməsini duyur, dağlar və bütün dünya
gülümsəyir. İlahinin yaratdığı dil mükəmməldir, onda bütün hərflər və sözlər var,
hər şey ifadə olunandır, hər şey səslənə bilir və hər şey bağışlanan, əfv olunandır.
Rus dilindən
tərcümə edən: XANIM AYDIN