• şənbə, 20 Aprel, 13:46
  • Baku Bakı 23°C

Diferensial tarif yanaşması sosial ədalət prinsipinə söykənir

30.11.16 12:15 1138
Diferensial tarif yanaşması sosial ədalət prinsipinə söykənir
Beynəlxalq aləmdə baş verən proseslər, o cümlədən kəskin qütbləşmə və siyasi maraqlar nəticəsində ötən ilin ortalarından başlayaraq dünya bazarında neftin qiyməti bir neçə dəfə ucuzlaşdı. Təbii ki, bu vəziyyət neft ölkələrində, xüsusən də iqtisadiyyatının, büdcə gəlirlərinin əsasını neft ixracı, bundan əldə edilən gəlirlər təşkil edən dövlətlərdə daha çətin vəziyyət yaratdı. Azərbaycan da neft ölkəsi olduğundan dünyada baş verən bu kimi proseslər bizdən də yan keçmədi. Büdcə gəlirlərində nisbətən azalmalar müşahidə edildi, milli valyuta olan manat iki dəfə devalvasiyaya uğradı, idxaldan asılı olan bəzi sahələrdə bahalaşma müşahidə olundu. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin yeni iqtisadi prioritetlər elan etməsi, zamanın tələbinə uyğun olaraq çevik iqtisadi siyasət yürütməsi, bir sıra zəruri islahatlar həyata keçirməsi vəziyyətin gərginləşməsinin qarşısını aldı. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına qədər olan dövrlərdə Azərbaycanın neft ixracından əldə etdiyi gəlirləri düzgün xərcləməsi, qeyri-neft sektoruna sərmayələrin yatırılması, obrazlı şəkildə desək, "qara qızıl”ın insan kapitalına vaxtında çevrilməsi də ölkəmizin bu böhrandan daha az itkilərlə çıxmasına səbəb oldu. Hazırda da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, o cümlədən sənayenin, kənd təsərrüfatı və sair sahələrin davamlı inkişafı Azərbaycanda nəinki iqtisadi böhran yaşanmasının qarşısını alır, üstəlik ölkəmizi inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lider dövlətinə çevirir.
Xüsusilə bir məqamı da vurğulamaq yerinə düşər ki, indiyə qədər ötən vaxt ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Hətta devalvasiyanın yaşandığı, neftin qiymətinin kəskin aşağı düşdüyü günlərdə belə, kommunal xidmətlərin qiyməti artırılmayıb. Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanlarını nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Noyabrın 28-də Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarında da ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Qeyd edək ki, differensiallaşdırma və optimallaşdrıma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Misal üçün, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir. Azərbaycanda tariflərin diffirensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir.
Tarif Şurasının sözügedən qərarına görə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq. Sadə dildə desək, əhali üzrə hər bir abonent üçün illik 1500 kubmetr sərfiyyat müəyyənləşdirilib. Əgər abonent 1 il ərzində 1500 kubmetr qaz istehlak edəcəksə, o bu halda qazın hər kubmetrini əvvəlki qaydada 10 qəpiklə ödəyəcək. Başqa sözlə, il ərzində 1500 kubmetr qaz istehlakına görə abonent 150 manat ödəniş edəcək. Amma illik qaz sərfiyatı 1500 kubmetrdən çox olan abonent bu göstəricidən artıq istehlak etdiyi hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaq. Məsələn, illik qaz istehlakı 2000 kubmetr olan abonent 1500 kubmetri 10 qəpiklə ödəyəcək. Yerdə qalan 500 kubmetrə görə ödəniş hər kubmetrə görə 20 qəpikdən hesablanacaq. Yəni, ümumilikdə, limitdən əlavə istifadə olunmuş 500 kubmetr qaz üçün 100 manat ödəməli olacaq. Beləliklə, il ərzində 2000 kubmetr qaz istehlak edən abonent 250 manatından keçməli olacaq.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, bu sahədə də diferensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək. Yəni, bu qərarla da əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün heç nə dəyişməyib. Amma aylıq enerji istehlak 250 kilovat-saatdan çox olan abonentlərin xərcləri artıb. Məsələn, ayda 400 kilovat-saat enerji istehlak edən abonent buna görə 34 manat ödəniş etməli olacaq. Halbuki əvvəl o, bu göstəriciyə görə əvvəl indikindən 6 manat az, yəni 28 manat ödəyirdi. Ayda 1000 kilovat-saat enerji istehlak edən abonent buna görə 100 manat ödəniş etməli olacaq.
Beləliklə, differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və sair olan imkanlı təbəqəyə qismən təsir göstərəcək. Ən önəmlisi isə differensiallaşdırma elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmanı və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq, bu prosesi optimallaşdıracaq.
Fuad Qəhrəmanlı
banner

Oxşar Xəbərlər