• çərşənbə axşamı, 19 mart, 09:33
  • Baku Bakı 8°C

Diaspor təşkilatlarının vahid koordinasiya şurası yaradılır

24.03.18 16:55 510
Diaspor təşkilatlarının vahid koordinasiya şurası yaradılır
Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı müstəqil dövlətimizin qorunmasına və inkişafına xidmət etməlidir.
Bu fikri Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepr şəhərində keçirilən forumunda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.
Səfir Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında vahid koordinasiya şurasının yaradılmasının vacibliyini vurğulayıb. Bu istiqamətdə Odessa Azərbaycanlıları Konqresinin hazırladığı yeni inkişaf konsepsiyasının həyata keçirilməsində səfirliyin hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.
A.Xudiyev Azərbaycan diaspor strategiyasına dövlətimiz tərəfindən xüsusi diqqət ayrıldığını vurğulayaraq Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının bir araya gələrək tarixi vətənimiz naminə daha səmərəli fəaliyyət göstərmələrinin zəruriliyini qeyd edib.
Forumda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Konqresin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov, Odessa vilayət təşkilatının sədr müavini Namiq Talıbov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Aysel Nağıyeva və digər diaspor fəalları çıxış edərək gündəlikdə duran məsələlər haqqında rəy və təkliflərini bildiriblər. Qeyd olunub ki, bu il aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının iştirakının təmin edilməsi üçün lazım olan şəraitin yaradılması qarşıda duran ən vacib məsələlərdən biridir.
Səfir Azər Xudiyev qeyd edib ki, prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyində seçki məntəqəsi fəaliyyət göstərəcək. Bununla bağlı səfirlikdə hazırlıq işləri artıq başa çatıb.
Forumda Poltava vilayətinin deputatı Fəxrəddin Muxtarov, Dnepropetrovsk vilayətinin deputatı Qoşqar Muxtarov, "Azərbaycan Dəmir Yolları” QSC-nin Ukraynadakı nümayəndəsi Natiq Nağıyev, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin fəxri sədri Qüdrət Hacıyev və digər soydaşlarımız çıxış edərək, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının müstəqil dövlətimizin qorunmasına və ölkəmizin əldə etdiyi uğurlara öz əməli işləri ilə töhfə vermələrinin vacibliyini vurğulayıblar. Bu istiqamətdə qarşıdan gələn prezident seçkilərinin xalqımızın gələcək taleyində müstəsna rol oynayacağı bildirilib.
Forumda Ukrayna Azərbaycanlıları Konqresinin yeni inkişaf strategiyası və vahid koordinasiya şurasının yaradılması ilə bağlı qərar qəbul olunub.
banner

Oxşar Xəbərlər