• cümə, 26 Aprel, 06:50
  • Baku Bakı 12°C

Diaspor təşkilatlarımız qondarma erməni soyqırımına qarşı aksiyalar keçirəcək

15.01.15 11:28 1190
Diaspor təşkilatlarımız qondarma erməni soyqırımına qarşı aksiyalar keçirəcək
Səfər Sadiqi: “Azərbaycan və Türkiyə bu mövzuda birgə çıxış etməlidir”
Təranə Tağıyeva: “Qondarma erməni soyqırımından danışarkən hər zaman Qarabağ mövzusunu da qabardırıq”

“Ermənilər qondarma soyqırımın 100 illiyinə ciddi şəkildə hazırlaşırlar. Bu məsələ ilə əlaqədar bütün dünyada, o cümlədən, Danimarkada geniş tədbirlər planı həyata keçirmək istəyirlər. Biz də “Vətən” cəmiyyəti olaraq, boş oturmaq fikrində deyilik və təbii ki, onların planlarına qarşı öz planlarımızı hazırlamışıq. İlk olaraq, Danimarka Universitetlərinin birində müəllim və tələbə heyətinin iştirakı ilə qondarma soyqırımı tədbirlərinə qarşı məlumatlandırıcı konfrans və bir neçə tədbirlər həyata keçirəcəyik”.
Bu sözləri qəzetimizə açıqlamasında Danimarkada fəaliyyət göstərən “Vətən” cəmiyyətinin sədri Səfər Sadiqi dedi. Bildirdi ki, Türkiyə və Azərbaycan bu mövzuda ayrı-ayrılıqda deyil, birgə planla çıxış etməli, yalançı soyqırımı iddialarına qarşı bir yerdə mübarizə aparmalıdır: “Necə deyərlər, güc birlikdədir. Ona görə də iki dövlət birlikdə hərəkət etməlidir. Düşünürəm ki, Türkiyə və Azərbaycan diasporları birgə tədbirlər planı hazırlamalıdırlar. Bilirsiniz ki, Danimarkada Azərbaycan səfirliyi yoxdur. Ona görə də biz Kopenhagendə fəaliyyət göstərən Türkiyə səfiri ilə görüşüb bu mövzunu müzakirə etmişik. Nəzərimizdə təkcə qondarma soyqırımı tədbirlərini boykot etməyi tutmuruq. Qarşıdan Xocalı faciəsinin il dönümü gəlir. Bu qətliamla bağlı etiraz mitinqimizi Kopenhagenin mərkəzi meydanı olan “Rod hus plads”da keçirəcəyik. Təbii ki, təşkil edəcəyimiz mitinqə türklər, turkmənlər, uyğurlar və başqa türkdilli millətlər qatılaraq bizə dəstək verəcəklər. Məncə, təşkil olunan bütün tədbirlərdə, konfranslarda və digər toplantılarda türklər bir olduqlarını göstərməlidirlər”.
S.Sadiqi qeyd etdi ki, hər zaman Bakı ilə Diasporla İş üzrə Dövlət Komitəsi ilə müəyyən məsləhətləşmələr aparır, bəzi məqamlara bir yerdə qərar verirlər: “Ümumiyyətlə, cəmiyyətimiz tək bu mövzuda deyil, bütün məsələlərdə Dövlət Komitəsi ilə sıx əlaqə saxlayır. Belə ki, həyata keçirəcəyimiz hər bir tədbir barədə öncədən müzakirələr aparılır. Avropa Azərbaycanlıları Konqresi də bu işlərdə böyük əhəmiyyətə malikdir. Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirlərdə başqa cəmiyyətlərlə tanış olur, onlarla diskussiyalar aparırıq. Bunun nəticəsidir ki, Avropada olan cəmiyyətlərlə sıx əlaqələrimiz yaranıb. Hollandiya, Almaniya, İsveçdə fəaliyyət göstərən qurumlarla əlaqələrimiz getdikcə daha geniş müstəviyə keçir və şaxələnir. İsveçdə fəaliyyət göstərən “Xəzər” cəmiyyətinin nümayəndələri, başda sədr Leyla Kiani olmaqla, mütəmadi olaraq bizim tədbirlərdə iştirak edirlər. Biz də onların tədbirlərinə qatılırıq”.
Müsahibimizin fikrincə, yaxın münasibətlərin nəticəsidir ki, tədbirləri bir yerdə təşkil etmək məsələləri müzakirə olunmaqdadır: “Belə məqamlar gələcəkdə Azərbaycan diasporunun güclənməsinə və inkişafına təkan verir. Amma bu il görəcəyimiz işlər barədə geniş məlumat vermək istəmirəm. Nəzərə alsaq ki, ermənilər Azərbaycan KİV-ni diqqətlə izləyir, bu barədə ətraflı danışmaq lazım deyil. Nəticəni əldə edəndən sonra geniş məlumat yayacağıq”.
Alman-Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri Təranə Tağıyeva da bildirdi ki, bu il üçün hazırladıqları planlar genişdir: “Azərbaycanlılar Avropanın hər yerindən yanvarın 28-i Strasburqa, Avropa Məhkəməsinin qarşısına toplaşacaq. Orada həm qondarma soyqırımıyla, həm də Qarabağla bağlı tələblər irəli sürəcəyik. İki dövlət adından bəyannamə hazırlamağı planlaşdırmışıq. Bu mövzuda Türkiyə səfiri və bizim səfirimiz Emin Eyyubovla görüş nəzərdə tutulub. Bu ayın 19-da türk diasporu ilə toplantı keçirəcəyik. Əsas məqsəd qondarma soyqırımı və Xocalı qətliamı ilə bağlı tədbirlərin keçirilməsidir. Avropaya deyəcəyik ki, əgər qondarma soyqırımı tanımaq istəyirsinizsə, ilk olaraq, 20 il öncə gözünüzün önündə baş vermiş soyqırımı tanıyın. Ümumiyyətlə, qondarma erməni soyqırımından danışarkən hər zaman Qarabağ mövzusunu da qabardırıq və bu məsələ heç zaman diqqətdən kənarda qalmır”.
T.Tağıyeva onu da qeyd etdi ki, yanvar ayının 28-də qondarma soyqırımıyla bağlı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Strasburqda Avropa İnsan Haqları Məhkəməsi önündə keçiriləcək etiraz mitinqində xeyli adamın iştirakı nəzərdə tutulur: “XX əsrdə ermənilərin türklərə qarşı törədikləri soyqırımı faktlarla göstəriləcək. Təbii ki, Xocalı soyqırımını da dünya ictimaiyyətinin yadına salacağıq. Ayın 19-da görəcəyimiz işlər barədə yekun qərar verəcəyik”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər