Diaspor nümayəndələri Bakıda bir araya gəlib
"Effektiv Cəmiyyət İnstitutu” İctimai
Birliyinin dəstəyi, Diaspor Jurnalistləri Birliyinin təşkilatçılığı ilə xarici
ölkələrdə yaşayan azərbaycanlılar üçün iftar süfrəsi verilib. Qonaqlar süfrə arxasında səmimi söhbət, o cümlədən diasporla bağlı
fikir mübadiləsi ediblər.
Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə
vitse-prezidenti, "Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi
Rəcəb dəvəti qəbul etdiklərinə görə diaspor nümayəndələrinə təşəkkürünü
bildirib: "Azərbaycan sizin öz eviniz, yurdunuzdur. Dünyanın harasında yaşamağınzdan
asılı olmayaraq biz hamımız eyni millətin nümayəndələriyik. Sizlərin işi
bilirik ki, çox çətindir. Xaricdə bizi layiqincə təmsil etdiyiniz üçün hər
birinizə minnətdarlığımızı bildiririk. Çətin və məsuliyyətli işinizdə sizlərə
uğurlar arzu edirik”.
Diaspor Jurnalistləri Birliyinin sədri
Fuad Hüseynzadə, Azərbaycan Kikboksinq Federasiyasının Mətbuat katibi Elnur
Eltürk çıxış edərək milli diaspordan böyük gözləntiləri olduqlarını deyiblər.
Gecənin fəxri qonağı olan Küveyt vətəndaşı,
Vətənsevər Dostluq Cəmiyyətinin əməliyyat müşaviri Bədi Haşim Əli dəvətə görə
"Effektiv Cəmiyyət İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəbə minnətdarlığını
bildirib: "Sizin kimi insanlarla tanış olmağıma çox şad oldum. Azərbaycan və azərbaycanlılarla çox fəxr edirəm. Küveyt vətəndaşı
olsam da Azərbaycanın xaricdə təbliği üçün əlimdən gələni edirəm və bundan
sonra da edəcəm”.
Görüşdə iştirak edən Alman-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri Naibə Nacıyeva, Alman-Azərbaycan Ziyalılar
Birliyinin sədri Naibə Şirinova, Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədr
müavini Leyla Kiani, Küveytdəki Vətənsevər Dostluq Cəmiyyətinin sədri Könül
Hacızadə, Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova,
Hollandiya-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, Türingiya Azərbaycanlı Tələbələr
Assosiasiyasının sədri Alı Adıgözəl, Azərbaycan - İndoneziya Dostluq
Assosiasiyasının sədri Elmar İskəndərov və digərləri görüşün təşkilatçılarına
öz təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, xaricdə onların gördüyü işlərə
vətəndə qiymət verilirsə, bu, onların diaspor məsuliyyətini daha da artırır.
Gecənin sonunda "Effektiv Cəmiyyət
İnstitutu” İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb tərəfindən diaspor nümayəndələrinə
hədiyyələr təqdim olunub.