Dezinformasiyaların ortaya atılması məqsədyönlü xarakter daşıyır
Ötən gün bəzi internet resurslarında konkret mənbə göstərilmədən,
guya hüquq-mühafizə orqanlarının verdiyi məlumat əsasında belə bir iddia ortaya
atıldı ki, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ərəfəsində və
sonra turistlərin rahat hərəkəti üçün şəhərin mərkəzi ünvanlarına paytaxt
sakinlərinin girişi qadağan ediləcək. Dərhal bu "xəbər” sosial mediada əsas
müzakirə mövzusuna çevrildi, bununla bağlı çoxsaylı statuslar yazıldı, hətta
hökumət əsassız qınaq obyektinə çevrildi. Halbuki, həmin dezinformasiya onlayn
mediada və sosial şəbəkələrdə ictimailəşən kimi dərhal Daxili İşlər Nazirliyi və
Bakı şəhər İcra Hakimiyyəti açıqlama yaydı, "məlumatı” təkzib etdi. Qeyd olundu
ki, idman yarışı ərəfəsində və sonra paytaxt sakinlərinin şəhərinin hər hansı
ünvanına giriş-çıxışı əngəllənməyəcək. Lakin buna baxmayaraq, maraqlı dairələr
sosial şəbəkələr vasitəsilə bu "xəbəri” gündəmdə saxlamağa çalışdılar. Bu yolla
onlar bilərəkdən ajiotaj yaratmağa, insanları narazı salmağa cəhdlər edirdilər.
Təbii ki, başlıca məqsəd bu yolla ölkədə sabitliyi pozmaq, beynəlxalq tədbir ərəfəsində
süni gərginlik yaratmaq idi. Amma onların bu çabaları heç bir nəticə vermədi. Həm
müvafiq qurumların məsələyə anında reaksiya verməsi, həm də ölkə ictimaiyyətinin
hadisələrə obyektiv yanaşması anti-milli ünsürlərin növbəti anti-Azərbaycan
kampaniyasının, ölkəmizə qarşı təxribat cəhdinin qarşısını aldı, süni ajiotaj
yatırıldı.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlama verən millət vəkili, politoloq Hikmət Babaoğlu bildirib ki, müasir
dövrümüzdə informasiya əlahiddə alətə çevrilib. Onun sözlərinə görə, bu alət
vasitəsilə ictimai rəy formalaşdırılır, bəzi hallarda insanlar çaşdırılır, məqsədyönlü
şəkildə kimlərinsə əleyhinə manipulyasiyalar edilir. Deputat vurğulayıb ki,
informasiyanın inkişafının növbəti mərhələsində onun yeni imkanları üzə
çıxdıqca, bəzi maraqlı dairələr, o cümlədən anti-Azərbaycan güc mərkəzləri dərhal
bundan ölkəmiz əleyhinə yararlanmağa çalışırlar: "Hazırda mənbəyi olmayan,
yalan xarakterli informasiyanı dövriyyəyə buraxaraq bütün informasiya məkanını
onun ətrafında dövr etdirməyə başlayırlar. Bu, olduqca təhlükəli taktikadır.
Son günlər Azərbaycanda sosial şəbəkələrdə də bu taktika tətbiq olunmaqdadır.
Xaricdəki anti-Azərbaycançı mərkəzlərdən bizim informasiya məkanımıza neqativ impulslar
ötürülür. Ardınca da bunun ətrafında simulyasiyalar başlayır, müzakirələr təşkil
edilir, bunun əsasında ictimai rəy formalaşdırılması cəhdləri edilir. Bu da
informasiya istehlakçılarımızda yanlış təsəvvürün formalaşmasına gətirib çıxara
bilər. Məsələnin əsas mahiyyəti bundan ibarətdir. UEFA Avropa Liqasının Bakıda
keçiriləcək final oyunu ərəfəsində şəhər sakinlərinin mərkəzi ünvanlara
giriş-çıxışının qadağan edilməsi barədə qeyri-obyektiv məlumat da söylənilənlərə
daha bir misaldır. Bunu təkzib edən rəsmi məlumatların olmasına rəğmən, maraqlı
dairələr bu "xəbəri” informasiya dövriyyəsində saxlamağa çalışdılar. Lakin
anti-Azərbaycançı qüvvələr burada bir incə məqamı yaddan çıxarmışdılar. Azərbaycanın
informasiya məkanı kifayət qədər intellektualdır. Nəyin harada, necə, hansı məqsədlə
baş verdiyini, hansı məqsədə xidmət etdiyini dərhal dərk edir. Ona görə də guya
şəhərin mərkəzinə girişin qadağan edilməsi barədə "informasiya”nın da nə məqsədlə
yayıldığını Azərbaycanın informasiya istehlakçıları bilirlər. Məhz bu səbəbdən
də həmin dezinformasiya ictimai rəyə hakim kəsilə bilmədi, maraqlı dairələrin
gözlədiyi effekti vermədi. Hesab edirəm ki, hadisələrə bu cür obyektiv münasibət
bildirib təhlillər aparmaqla maarifləndirmə işlərini genişləndirməliyik ki, gələcəkdə
belə "məlumatlara” qarşı Azərbaycan cəmiyyəti daha immunitetli olsun”.
Siyasi şərhçi Elçin
Mirzəbəyli də qəzetimizə açıqlamasında
deyib ki, qeyd edilən "xəbər”in yayılmasında və sonrakı proseslərdə bir neçə
istiqamət aydın şəkildə özünü büruzə verir. O qeyd edib ki, bu prosesdə anti-Azərbaycan
qüvvələrin davranışının olduğu mütləqdir: "Sosial şəbəkələrdə bir sıra səhifələr
və şəxsi profillər var ki, onlar ölkə xaricindən, xüsusən də Ermənistan
xüsusi-xidmət orqanlarının nəzarətində olan şəxslər tərəfindən idarə olunurlar.
Eyni zamanda, Azərbaycanda bəzi xarici dairələrin nüfuz vəkili var ki, onların
da bu istiqamətdə fəaliyyətləri gözə çarpır. Azərbaycanda keçiriləcək istənilən
beynəlxalq əhəmiyyətli tədbir öncəsi onlar məqsədyönlü şəkildə
dezinformasiyalar yayır, bunu ictimailəşdirməklə gündəmdə saxlamağa çalışırlar.
Virtual hüququn tam təsdiq olunmaması, bəzi sosial şəbəkə rəhbərlərinin, buna
biznes kimi baxan insanların bütün ölkələrlə hüquqi münasibət qurmaması da nəticə
etibarilə bir sıra ciddi problemlərin üzə çıxmasına səbəb olur. Bu kimi səbəblərdən
indiki şəraitdə hansısa dezinformasiyanın ortaya atılması məqsədyönlü xarakter
daşıyır. Bunu edənlər kütlənin psixologiyasını müəyyən qədər bilirlər. Bu
baxımdan da qeyd edilən proseslərin arxasında xüsusi xidmət orqanlarının
dayandığı şübhəsizdir. Onlar bilirlər ki, insanlar tez-tələsik, yalnız
başlıqları oxuyurlar və informasiyanın mahiyyətinə varmadan, xüsusi təhlil
aparmadan, düşünmək belə istəmədən həmin informasiyanın təsiri altına düşürlər.
Halbuki, ağlı başında olan istənilən insan bir balaca məntiqini işlətsə,
anındaca bunun dezinformasiya olduğunun fərqinə vara bilər”.
E.Mirzəbəyli söyləyib ki, istənilən insan anlaya bilər ki, əgər ölkədə
hər hansı idman və ya musiqi tədbiri, o cümlədən UEFA Avropa Liqasının final
oyunu keçirilirsə, paytaxt Bakıda mərkəzi ünvanlara giriş-çıxışın məhdudlaşdırılması
qeyri-mümkündür: "Çünki, indiyə qədər çoxsaylı beynəlxalq tədbirlərdə Bakıya
çox sayda turistlər gəlib də, gedib də. Nə turistlərə, nə də vətəndaşlara bu
zaman şəhərin hansısa ünvanına giriş-çıxış qadağası qoyulmayıb. Digər tərəfdən,
UEFA Avropa Liqasının final oyunu Olimpiya Stadionunda keçiriləcək ki, bu ünvan
da şəhərin mərkəzindən xeyli uzaqdadır. Belə olan halda da şəhərin mərkəzində hərəkətə
hansısa məhdudiyyətin qoyulması absurddur. Yalnız Formula-1 yarışlarda müəyyən
məhdudiyyətlər olub ki, bu da yarış avtomobillərinin sürətlə hərəkət etməsi, əhalinin
təhlükəsizliyi ilə əlaqədar olub. Bu da beynəlxalq səviyyəli tələbdir, təhlükəsizlik
tədbiridir. Bundan başqa hansısa tədbir zamanı şəhərin mərkəzində hansısa
ünvanda insanların hərəkətinə heç bir halda qadağa qoyulmayıb. Ona görə də
qadağaların tətbiq edilməsi barədə yayılan xəbərlər dezinformasiyadır. Təəssüf
ki, bəzi insanlar da bu dezinformasiyanın təsirinə və tələsində düşürlər. Bu
cür dezinformasiya yayanlar ölkə daxilindədirsə, onlarla hüquqi müstəvidə
danışıq aparılmalıdır. Araşdırmaq lazımdır ki, prosesin arxasında kim və ya
kimlər dayanır, məqsədləri nədir və sair. Bununla yanaşı, belə
dezinformasiyaların qarşısını almaq üçün müvafiq qurumlar aidiyyəti üzrə çevik
reaksiya verməli, öz sahələrinə dair obyektiv münasibət ortaya qoymalı, beləliklə
də dezinformasiyanın daha çox yayılmasına, ictimai rəyə hakim kəsilməsinə yol
verməməlidirlər. Çünki, burada etimad mühitinin pozulmasına edilən cəhdlərdən
söhbət gedir. Bu, uzun müddətdir Azərbaycana qarşı təşkil edilən qarayaxma
kampaniyasının tərkib hissəsidir”.
Rufik İSMAYILOV