AZE | RUS | ENG |

Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir

Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir
Bakı Qızlar Universitetində (BQU) tələbə-gənclərin, mətbuat nümayəndələrinin, elm və KİV mütəxəssislərinin iştirakı ilə "Milli təhlükəsizliyimiz vətəndaşlıq mövqeyimizdən asılıdır” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyələşdirdiyi "Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir" layihəsi çərçivəsində keçirilən tədbirin təşkilatçısı "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi (Hərbi Jurnalistlər Birliyi), təşkilati dəstəkçisi "Bütöv Azərbaycan" qəzeti redaksiyası olub. Tədbirdə əvvəlcə BQU-nun rektoru, pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov çıxış edərək, konfransın işinə uğur diləyib. AMEA-nın aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli tədbirin məqsəd və məramı barədə qısa məlumat verib.
Konfransda Hərbi Jurnalistlər Birliyinin sədri - layihə rəhbəri Tamxil Ziyəddinoğlu mövzu üzrə məruzə edib. Qeyd edib ki, Azərbaycan Konstitusiyası hər kəsə istədiyi məlumatı əldə etmək və yaymaq azadlığı verib, 1998-ci ildə senzura ləğv edilib, dövlətimiz  mətbuat üzərində nəzarətdən imtina edib. O, Azərbaycanda media layihələrinin maliyyələşdirilməsinə 20 milyon manatdan artıq vəsait ayrıldığını da diqqətə çatdırıb: "Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq internet portalı fəaliyyət göstərir. "KİV haqqında", "Rabitə haqqında”, "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi şəffaflıq yaratmaqla bərabər sərhədləri aşan informasiyaların ayaq açmasına da geniş meydan verib. Belə ki, 9 milyondan artıq əhalisi olan ölkədə 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. "Az" domenində 20 min internet saytı qeydiyyatdan keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz, məlumat və fikir azadlığının təmin edilməsində onlayn media və sosial şəbəkələrin yaradılmasında maraqlıdır”.
T.Ziyəddinoğlu bildirib ki, virtual informasiya məkanının genişlənməsi, milli informasiya mühitinin pozulması beynəlxalq və yerli ictimai rəyin idarə olunmasına, siyasi proseslərin yönləndirilməsinə cəhd edənlərə münbit şərait yaradır. Təəssüflə qeyd edib ki, transmilli informasiya siyasəti sərhədlərimizi asanlıqla aşaraq, ölkəmizin imicinə, milli təhlükəsizliyimizə ciddi təsir göstərir: "Xalqımız 1990-cı illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı ayrı-ayrı "ekspertlərin”, kütləvi informasiya vasitələrinin qeyri-peşəkar, qanunlara və milli maraqlara zidd, bəzi hallarda təxribatçı fəaliyyətinin acısını dadıb. O vaxt bəzən Azərbaycan silahlı birləşmələrinin əməliyyat planı əvvəlcədən qəzet səhifələrində müzakirə olunur, hərbi arsenalın həcmi, hərbi hissələrin zəif  mövqeləri, düşmənlə üzbəüz yaşayış məntəqələrində əhalinin sayı dəqiqliklə təsvir edilirdi. Düşmən kəşfiyyatı mətbuatı izləməklə özünə lazım olan informasiyanı asanlıqla əldə edə bilirdi. Sərhədyanı zonalarda yaşayan əhalinin sosial problemlərini, təhlükəsizlik məsələlərini qabardaraq əhalini həmin əraziləri tərk etməyə təşviq edirdilər. Torpaqlarımızın işğal olunması da, milli təhlükəsizliyimizə cavabdeh dövlət qurumu olan Milli Təhlükəsizlik Nazirliyinin bir müddət milli təhlükə mənbəyinə çevrilməsi də məhz qeyd olunanların təzahürüdür”.
T.Ziyəddinoğlu bildirib ki, sözügedən layihəni həyata keçirməkdə başlıca məqsəd tələbə gənclərin, sosial media istifadəçilərinin fəal köməyilə Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşu və milli təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına informasiya dəstəyi verməkdir: "Jurnalistlərimizə, əsasən də sosial şəbəkə fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara  vətəndaşlıq mövqeyi aşılamaq, onları ölkəmizin mənafeyini qorumağa, informasiya siyasətini müdafiə etməyə, cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının qarşısını almaq istiqamətində maarifləndirməkdir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək  Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlərdə sosial media istifadəçilərinə aid tövsiyələr var. Hər birinizdən xahiş olunur ki, onları yaxınlarınızla, rəfiqələrinizlə paylaşın. Çünki milli təhlükəsizliyimiz hər birimizin nümayiş etdirdiyi vətəndaşlıq mövqeyindən çox asılıdır”.
Məruzəçi öz çıxışında şahidi olduğu hadisələrdən  də nümunələr çəkib və belə halların təkrarlanmasının dövlətçiliyimizə təhlükə yaratdığını vurğulayıb, gəncləri  informasiya yayarkən ayıq-sayıq olmağa çağırıb.
Yazıçı-publisist Miraslan Bəkirli və digər çıxış edən media mütəxəssisləri dövlətimizin müstəqilliyinin bərpasından sonra dezinformasiyaların cəmiyyətdə yaratdığı çaşqınlıq və törətdiyi ciddi fəsadlar barədə bilgilərini bölüşüblər.
Universitetin müəllimi, dosent Pərişan Həsənova informasiya təhlükəsizliyilə bağlı fikirlərini çatdıraraq, belə tədbirlərin respublikamızın hər yerində, əsasən də ali təhsil müəssisələrində, gənclərimizin çoxluq təşkil etdiyi sahələrdə keçirilməsini təklif edib.
Konfransda fəal müzakirələrə qoşulan tələbələr də öz fikir və mülahizələrini səsləndiriblər. Eyni zamanda, Respublikamızda aparılan ordu quruculuğu və aprel döyüşləri barədə suallarına cavablar alıblar.
Konfransın sonunda tədbir iştirakçılarına sosial media istifadəçiləri üçün yaddaş bukleti paylanıb, tələbələr jurnalistlər və digər qonaqlarla xatirə şəkli çəkdirilib.
 
Alpər TURAN




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966