Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir
13.05.16 18:33
1268
Bakı Qızlar
Universitetində (BQU) tələbə-gənclərin, mətbuat nümayəndələrinin, elm və KİV
mütəxəssislərinin iştirakı ilə "Milli təhlükəsizliyimiz vətəndaşlıq
mövqeyimizdən asılıdır” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyələşdirdiyi
"Dezinformasiyalar milli təhlükəsizliyimizə təhdiddir" layihəsi
çərçivəsində keçirilən tədbirin təşkilatçısı "Hərbi Mövzular üzrə
İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi (Hərbi Jurnalistlər Birliyi),
təşkilati dəstəkçisi "Bütöv Azərbaycan" qəzeti redaksiyası olub.
Tədbirdə əvvəlcə BQU-nun rektoru, pedaqoji elmlər doktoru, professor Ağarəhim
Rəhimov çıxış edərək, konfransın işinə uğur diləyib. AMEA-nın aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli tədbirin məqsəd və
məramı barədə qısa məlumat verib.
Konfransda
Hərbi Jurnalistlər Birliyinin sədri - layihə rəhbəri Tamxil Ziyəddinoğlu mövzu
üzrə məruzə edib. Qeyd edib ki, Azərbaycan Konstitusiyası hər kəsə istədiyi
məlumatı əldə etmək və yaymaq azadlığı verib, 1998-ci ildə senzura ləğv edilib,
dövlətimiz mətbuat üzərində nəzarətdən
imtina edib. O, Azərbaycanda media layihələrinin maliyyələşdirilməsinə 20
milyon manatdan artıq vəsait ayrıldığını da diqqətə çatdırıb: "Ölkədə 40-a
yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52
televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq
internet portalı fəaliyyət göstərir. "KİV haqqında", "Rabitə
haqqında”, "İnformasiya əldə etmək haqqında" qanunların qəbul edilməsi
şəffaflıq yaratmaqla bərabər sərhədləri aşan informasiyaların ayaq açmasına da
geniş meydan verib. Belə ki, 9 milyondan artıq əhalisi olan ölkədə 2 milyona
yaxın sosial şəbəkə istifadəçisi var. "Az" domenində 20 min internet
saytı qeydiyyatdan keçib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti söz,
məlumat və fikir azadlığının təmin edilməsində onlayn media və sosial
şəbəkələrin yaradılmasında maraqlıdır”.
T.Ziyəddinoğlu
bildirib ki, virtual informasiya məkanının genişlənməsi, milli informasiya
mühitinin pozulması beynəlxalq və yerli ictimai rəyin idarə olunmasına, siyasi
proseslərin yönləndirilməsinə cəhd edənlərə münbit şərait yaradır. Təəssüflə
qeyd edib ki, transmilli informasiya siyasəti sərhədlərimizi asanlıqla aşaraq,
ölkəmizin imicinə, milli təhlükəsizliyimizə ciddi təsir göstərir: "Xalqımız
1990-cı illərdə Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı ayrı-ayrı
"ekspertlərin”, kütləvi informasiya vasitələrinin qeyri-peşəkar, qanunlara və
milli maraqlara zidd, bəzi hallarda təxribatçı fəaliyyətinin acısını dadıb. O
vaxt bəzən Azərbaycan silahlı birləşmələrinin əməliyyat planı əvvəlcədən qəzet
səhifələrində müzakirə olunur, hərbi arsenalın həcmi, hərbi hissələrin
zəif mövqeləri, düşmənlə üzbəüz yaşayış məntəqələrində
əhalinin sayı dəqiqliklə təsvir edilirdi. Düşmən kəşfiyyatı mətbuatı izləməklə
özünə lazım olan informasiyanı asanlıqla əldə edə bilirdi. Sərhədyanı zonalarda
yaşayan əhalinin sosial problemlərini, təhlükəsizlik məsələlərini qabardaraq
əhalini həmin əraziləri tərk etməyə təşviq edirdilər. Torpaqlarımızın işğal
olunması da, milli təhlükəsizliyimizə cavabdeh dövlət qurumu olan Milli
Təhlükəsizlik Nazirliyinin bir müddət milli təhlükə mənbəyinə çevrilməsi də
məhz qeyd olunanların təzahürüdür”.
T.Ziyəddinoğlu
bildirib ki, sözügedən layihəni həyata keçirməkdə başlıca məqsəd tələbə
gənclərin, sosial media istifadəçilərinin fəal köməyilə Azərbaycanın
müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşu və milli
təhlükəsizliyi əleyhinə qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya
təhlükəsizliyini təhdid edən hallara qarşı mübarizədə dövlət orqanlarına
informasiya dəstəyi verməkdir: "Jurnalistlərimizə, əsasən də sosial şəbəkə
fəallarına, erməni qoşunları ilə təmas xəttində yaşayanlara vətəndaşlıq mövqeyi aşılamaq, onları ölkəmizin
mənafeyini qorumağa, informasiya siyasətini müdafiə etməyə, cəbhə xəttindəki
insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılmasının
qarşısını almaq istiqamətində maarifləndirməkdir. Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə hazırlanmış
bukletlərdə sosial media istifadəçilərinə aid tövsiyələr var. Hər birinizdən
xahiş olunur ki, onları yaxınlarınızla, rəfiqələrinizlə paylaşın. Çünki milli
təhlükəsizliyimiz hər birimizin nümayiş etdirdiyi vətəndaşlıq mövqeyindən çox
asılıdır”.
Məruzəçi öz
çıxışında şahidi olduğu hadisələrdən də
nümunələr çəkib və belə halların təkrarlanmasının dövlətçiliyimizə təhlükə
yaratdığını vurğulayıb, gəncləri
informasiya yayarkən ayıq-sayıq olmağa çağırıb.
Yazıçı-publisist
Miraslan Bəkirli və digər çıxış edən media mütəxəssisləri dövlətimizin
müstəqilliyinin bərpasından sonra dezinformasiyaların cəmiyyətdə yaratdığı
çaşqınlıq və törətdiyi ciddi fəsadlar barədə bilgilərini bölüşüblər.
Universitetin
müəllimi, dosent Pərişan Həsənova informasiya təhlükəsizliyilə bağlı
fikirlərini çatdıraraq, belə tədbirlərin respublikamızın hər yerində, əsasən də
ali təhsil müəssisələrində, gənclərimizin çoxluq təşkil etdiyi sahələrdə
keçirilməsini təklif edib.
Konfransda
fəal müzakirələrə qoşulan tələbələr də öz fikir və mülahizələrini
səsləndiriblər. Eyni zamanda, Respublikamızda aparılan ordu quruculuğu və aprel
döyüşləri barədə suallarına cavablar alıblar.
Konfransın
sonunda tədbir iştirakçılarına sosial media istifadəçiləri üçün yaddaş bukleti
paylanıb, tələbələr jurnalistlər və digər qonaqlarla xatirə şəkli çəkdirilib.