“Dəyişilmək istəməyənlərə jurnalistikada yer yoxdur”

“Dəyişilmək istəməyənlərə jurnalistikada yer yoxdur”

Müsahibə
06 Dekabr 2012, 16:48 2065
O, Bakıya British Counsul-la Paşa Bankın jurnalistlər üçün həyata keçirdiyi “Biznes və jurnalistika” layihəsi çərçivəsində gəlib. Dan Mason Böyük Britaniyanın Tomson Fondunun eksperti kimi dünyanın ayrı-ayrı ölkələrində media təlimləri keçir. Ekspert “Kaspi”yə müsahibəsində dünya mediasında baş verən proseslərə toxunub.

- Sizi oxucularımıza necə təqdim edim: jurnalist, media eksperti ya təlimçi kimi?
- 30 ildən artıqdır ki, jurnalist kimi fəaliyyət göstərirəm. İlk dəfə kiçik bir qəzetdə işə başladım. Amma arzum Londonda çıxan milli qəzetlərdə çalışmaq idi. Bir neçə ay böyük qəzetdə işlədim, amma sonra başa düşdüm ki, bura mənim yerim deyil. Oxucularıma yaxın olmadığımı başa düşdüm. Fikirləşdim ki, əgər insanlarla işləmək, onlara fayda vermək istəyirəmsə, insanlara yaxın olmalıyam. Bu üzdən regional mətbu orqanda işləməyə başladım. Regionlarda nəşr edilən gündəlik qəzetlərin baş redaktoru qismində və bəzi media şirkətlərində rəhbər vəzifələrdə çalışdım. Axırıncı işim Londonda böyük media təşkilatlarının birində media, internet, radio və digər yayımla məşğul olan orqanların işinin təşkil edilməsi və tənzimlənməsi ilə bağlı idi. Bu, ümumiyyətlə Böyük Britaniya mediasında güclü dəyişikliklərin baş verdiyi bir vaxt idi. Mətbuat orqanlarının öz fəaliyyətlərində daha çox gəlir əldə etmələri üçün təzyiq vardı. Gəlir əldə edə bilməyənlər daha çox təzyiqlə üzləşirdilər. Ona görə jurnalistlərin sayı da ilbəil azalırdı. Mənim jurnalist kimi fəaliyyətim həmin keşməkeşli dövrə təsadüf etdi. Elə bir dövr idi ki, video, audio, onlayn materialları çox asanlıqla dərc edə bilirdik. Həmin dövrdə sosial media ilə tanışlıq təzəcə başlayırdı. Sosial media isə bizim jurnalistika ilə bağlı təsəvvürləri kökündən dəyişən cərəyan idi. Həmin şirkətdə bir sıra problemlər yarandı və bəzi insanlar oranı tərk etdilər. Mən də həmçinin həmin vaxt şirkəti tərk elədim. Məni ən çox maraqlandıran jurnalistlərə təlimlər keçmək idi. Onları gələcək işlərində ruhlandırmaq istəyirdim. Bu, yəqin ona görə idi ki, mən jurnalist kimi fəaliyyətə başlayanda heç bir təlim görməmişdim.

- Jurnalistlər sizdən nələri öyrəniblər?
- Ölkələr üzrə tələblər dəyişir. Əksər hallarda tez-tez dəyişən rəqəmsal alətlərlə bağlı təlimlər keçirəm. Bir çox hallarda birbaşa olaraq hökumətlərlə çalışıram və onlara insanlarla kommunikasiya vasitələrini təkmilləşdirmək üçün təlimlər keçirəm. Kommersiya şirkətləri ilə də işlər aparıram. Xarici səfərlərim olmayanda çox vaxt könüllü kimi işə cəlb olunuram. Xeyriyyə təşkilatları üçün çalışıram.

- Müşahidələriniz nə göstərir: hansı ölkələrdə jurnalistika daha çox inkişaf edib?
- Maraqlı sualdır. Son 12 ayda 12 ölkəyə baş çəkmişəm. Çindən tutmuş Nigeriyaya, Sudandan tutmuş Zimbabveyə, Karib dənizi ölkələri, Yaxın Şərq, ərəb ölkələri və s. müxtəlif inkişaf mərhələləri keçən ölkələrdə olmuşam. Çox asanlıqla demək olar ki, Britaniya və ABŞ kimi ölkələr texnoloji cəhətdən inkişaf etmiş dövlətlər sırasındadır. Amma mən bu istiqamətdə fikirləşməyə o qədər də meyl etmirəm. Əsas məsələ odur ki, jurnalistika hansı ölkələrdə daha çox öz təsirini göstərə, cəmiyyətə real təsir edə bilər? Sudan və Zimbabve kimi ölkələrdə texnologiya və digər sahələr o qədər də inkişaf etməyib. Amma Afrika ölkələrində insanların həvəsi, bu sahəyə sadiqliyi fərqli mühit yaradır. Ona görə mən onları örnək kimi göstərərdim.

- Bəs bu baxımdan Azərbaycanda vəziyyət necədir?
- Jurnalistlərin bacarığı və istifadə etdikləri texnoloji alətlər baxımından götürsək, Azərbaycan heç də siyahının axırında yer tutmur. Azərbaycan Şərqlə Qərbin arasında yerləşdiyindən burada yaşayan jurnalistlərin dünyagörüşü zəngin olur. Bu yaxınlarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təlimlər keçərkən bu qənaətə gəldim ki, indiyə kimi Böyük Britaniya da daxil olmaqla gəzdiyim ölkələrdə gördüyüm ən bacarıqlı və savadlı gənclər həmin gənc jurnalistlər idi. Onların bəziləri yarımştat kimi çalışır. Amma onlarda böyük həvəs gördüm. Məsələn, mənim ölkəmdəki gənc jurnalistlərdə bu cür həvəsi görmək çətindir. Ona görə burada ümid yeri çoxdur.

- Siz yeni nəsil jurnalistikasını nəzərdə tutursunuz?
- Mən əslində sizi nəzərdə tuturam. Mən bütün jurnalistlər haqqında danışıram. Mən o nəsil jurnalistləri nəzərdə tuturam ki, onlar öz keçmişləri ilə fəxr edirlər, keçmişləri onlar üçün dəyərlidir. Amma bununla kifayətlənmək olmaz. O jurnalistlər ki, özlərində cəsarət tapıb yeni alətləri öyrənirlər, yeniliyə qucaq açırlar, məhz bu halda dəyişikliklər baş verəcək. Dəyişilmək istəməyənlərə isə jurnalistikada yer yoxdur. Onlar istər-istəməz məhv olacaqlar.

- Təlimlər bu yeniliyə çatmaqda nə qədər rol oynayır?
- Mən əslində bunu təlim yox, “öyrənmə” prosesi adlandırardım. Mənim nəzərimcə o qədər sürətli dəyişikliklər baş verir ki, hamıda ekspert kimi yetişməyə imkan var. Bunun yeganə yolu sizin də buna həvəsləndirmənizdir. Yəni burda bir nəfər sizə hər şeyi deyə bilməz. Mənim 30 illik təcrübəm var. Son iki ildə öyrəndiklərim son 15 ildə öyrəndiklərimdən daha çoxdur. Jurnalistika ağır peşədir. Ümumiyyətlə, dünyanın gəzdiyim ölkələrində jurnalistlər yaxşı pul qazana bilmirlər. İş saatları uzundur. Onların qarşısında həmişə müəyyən çətinliklər durur. Ya hökumətlər, ya müəyyən insanlar onları susdurmaq istəyir. Əgər jurnalist kimi peşənizi davam etdirmək istəyirsinizsə, bu sənəti sevməlisiniz.

- “Sosial media, vətəndaş jurnalistikası ənənəvi medianın fəaliyyətini əngəlləyir” - son vaxtlar bu barədə narahatlıqla danışılır. Real təhlükə nə ola bilər?
- Əgər sosial medianın ənənəvi mediaya təsirindən danışırsansa, bəli, bu təsir var. Əgər ənənəvi medianın məhv ola biləcəyini düşünürsünüzsə, bəli, məhv ola bilər. Amma bu təhlükənin səbəbi heç də sosial medianın ənənəvi medianı sıxışdırması deyil. Xidmət etdikləri cəmiyyətin tələblərinə cavab verə bilməməsidir. Hər bir jurnalist, hər bir media şirkəti bir şeyi yaddan çıxarmamalıdır: əvvəllər onlar bir materialın dərc edilməsi üzrə monopoliyaya malik idilər. Bu gün isə dərc edilmək səlahiyyəti hamıda var. Bu səlahiyyət nəticəsində onlar zənginləşmişdi. Bunun əldən çıxması nəticəsində bir çox media şirkətləri artıq məhv olublar.

- Londonda olarkən müşahidə etdim ki, gündəlik səhər və axşam qəzetləri metrolarda pulsuz paylanır. Bu, qəzetləri diqqətdə saxlamaq üçün atılan addımdır, yoxsa şirkətlərin geniş imkanlarının göstəricisidir?
- Böyük Britaniyadakı bütün media şirkətləri kommersiya şirkətləridir. Onların məqsədi pul qazanmaqdır. Pulsuz paylamaqda məqsəd odur ki, həm həmin qəzetləri, həm də oradakı reklamları çoxlu insanlar görsünlər. Reklamçı da, qəzet də buradan pul qazanır. Amma onlar online rejimdə bu cür fəaliyyətlərini davam etdirirlərmi? Məsələ ondadır ki, media şirkətləri çox genişdir. Onların kiçildilməsi və online rejimdə fəaliyyət göstərməsi çox xərc tələb edən prosesdir. Onlar tələyə düşüblər, çıxılmaz vəziyyətdədirlər. Hətta görürlər ki, ənənəvi media süquta uğramaqdadır. Ona görə də gələcək bu sahibkarlardan asılı olacaq. Hansı sahibkarlar ki, qısa müddətdə rəqəmsal mühitə tez uyğunlaşacaq, onlar yaşayacaqlar.

- Mənim jurnalistika fakültəsində təhsil aldığım illərdə müəllimlər bu peşənin “obyektivlik, qərəzsizlik və vicdanlılıq” kimi qızıl qanunlardan danışırdılar. Amma bu gün həmin dəyərləri daha çox sensasiya, fakta söykənməyən, mənbəyi bilinməyən xəbərlər, təhqirlər və s. əvəzləyib. Bu da müasir jurnalistikanın tələbidir?
- Obyektiv jurnalist olmaq bacarığı böyük əhəmiyyət kəsb edir. Mənim fikrimcə, jurnalistlər hansısa bir prosesin vəkili ola bilər, eyni zamanda, öz prinsipiallıqlarını qoruyub saxlaya bilərlər. Ona görə də, narahat olmayın, sizə hansı prinsipləri öyrədiblərsə, onlar düzdür. Amma yeni düşdüyümüz mühitdə öz inandığımız prinsipləri özümüz formalaşdırmalıyıq. Şəxsən mən elə düşünürəm ki, jurnalistlərin əsas istinad etdiyi prinsip materialı dərc etmək səlahiyyətinə malik olmaqla yanaşı, xidmət etdiyi cəmiyyətdə müsbət dəyişikliklərə səbəb olmağı da bacarmalıdır. Jurnalistika cəmiyyətə bir xidmətdir. Əgər mənim üzərimə düşən səlahiyyətdən istifadə edərək müsbət dəyişikliklərə səbəb olmuramsa, onda mənim işim kimə lazımdır? Nə də bu jurnalistika deyil.

Təranə Məhərrəmova