• çərşənbə axşamı, 19 mart, 07:02
  • Baku Bakı 8°C

Dəyişən imtahan qaydaları əvvəlki ilin məzunlarına necə şamil olunacaq?

26.09.17 10:30 17211
Dəyişən imtahan qaydaları əvvəlki ilin məzunlarına necə şamil olunacaq?
Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilibvə ümumi razılıq əldə edilib.
Hər iki qurumun iştirakı ilə tərtib olunmuş yeni modelin hazırlanma zərurəti barədə aparılan müzakirələr zamanı qeyd olunub ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur. Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.
Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.
Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.
Qısa müddət ərzindəTəhsil Nazirliyivə Dövlət İmtahan Mərkəzi tərəfindən yeni modelə dair ətraflı şəkildə birgə açıqlama verilməsi planlaşdırılır.
Təhsil sistemində edilən bu dəyişikliklər bəzi cavabsız suallar doğurur. Suallardan biri əvvəlki ilin məzunlarının buraxılış imtahanı ilə bağlıdır. Belə ki, vaxtilə 8 fəndən buraxılış imtahanı verən biri kimi bu xəbəri eşidən zaman çox sevindim. Təhsilə olan marağım daha artdı. Yenidən təhsil almaq, tələbə olmaq istədim. Amma bir məqam mənim üçün qaranlıq qaldı. Bəs mənim buraxılış imtahan nəticələrim necə müəyyən ediləcək?
Ümumiyyətlə bir neçə il əvvəl orta məktəbi bitirmiş şəxslərin imtahan nəticələri necə müəyyən ediləcək, bu mexanizm necə tətbiq olunacaq? Bu kimi suallara cavab tapmaq üçün aidiyyəti qurumlar olan Təhsil Nazirliyinə və Dövlət İmtahan Mərkəzinə, həmçinin təhsil üzrə ekspertə müraciət etdik.
Hər iki qurumdan - həm Təhsil Nazirliyindən, həm də Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hələ ki, bəzi məsələlərlə bağlı konkret bir açıqlama vermək mümkün deyil: "Yeni sistemlə bağlı müzakirələr davam edir. Bəzi məsələlərlə bağlı konkret açıqlamalar bu yaxınlarda olacaq. Ya hər iki qurumun iştirakı ilə mətbuat konfransı keçiriləcək, ya da yazılı məlumat veriləcək. Amma hələ ki, dəqiq bir şey deyə bilmərik”.
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, əvvəlki illərin məzunları və ya buraxılış imtahanı verməyənlər yenidən imtahanda iştirak edəcəklər: "Bu günə qədər buraxılış imtahanın nəticələri yalnız ixtisas seçimi zamanı qəbulda eyni bal toplayan abituriyentlər arasında seçim etmək üçün nəzərə alınırdı. Amma 2019-cu ildən etibarən təhsil sistemində edilən ən ciddi dəyişiklik ondan ibarətdir ki, ali məktəblərə qəbul zamanı buraxılış imtahanın nəticələri qəbul imtahanın nəticələri ilə toplanacaq. Təbii ki, siz də çox düzgün vurğuladınız ki, elə insan var buraxılış imtahanı verdiyi ildən uzun müddət keçib, eləsi də var ki, heç buraxılış imtahanı verməyib. Həmin şəxslər də eyni qaydada yenidən buraxılış imtahanı verəcəklər. Bir misal deyim, artıq bir neçə ildir ki, orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanının nəticələri ilə həyata keçirilir. Yəni əgər kimsə buraxılış imtahanı verməyibsə və ya uzun müddətdir ki, buraxılış imtahanı verib, onlar da imtahana girəcək, eyni model testlərlə imtahan verəcəklər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər