• cümə axşamı, 25 aprel, 16:04
  • Baku Bakı 23°C

Deyəsən Avropa dağılır

16.01.18 15:30 707
Deyəsən Avropa dağılır
Avropa Komissiyası Polşa barəsində cərimə prosedurunu müzakirə edir. Rumıniyada on minlərlə nümayişçi hüquqi dövlət prinsiplərinin saxtalaşdırılmasına qarşı etiraz edir. İstər Budapeşt olsun, istərsə Buxarest və ya Varşava – hər üçündə ümumi cəhət ondan ibarətdir ki, bu dövlətlərin hökumətləri məhkəmə təsisatları üzərində nəzarət etməyə və hakimiyyət bölgüsü prinsipini pozmağa cəhd göstərirlər.
AZƏRTACxəbər verir ki, Avropa Komissiyasının fikrincə, "dəmir pərdə” götürüləndən təxminən 30 il sonra Şərqi Avropa ölkələrində demokratiya prinsipləri "təhlükə qarşısındadır”.
"Alman dalğası” yazır ki, Polşa, Macarıstan və Rumıniya hökumətləri tərəfindən bu ölkələrdə məhkəmə hakimiyyətinə birbaşa nəzarət etmək cəhdləri qismən uğurlu olub, lakin məhkəmə təsisatlarının müstəqilliyinin pozulması hakimiyyət bölgüsü prinsipini və dövlətdə qüvvələrin tarazlığını təhlükə altına alır.
Rumıniyada hakimiyyət orqanları korrupsiya ilə bağlı işlərin təhqiqatının qarşısını almaq imkanı əldə etmək üçün prokurorluğun səlahiyyətlərini məhdudlaşdırmağa çalışırlar. Polşada məhkəmə islahatı ədliyyə nazirliyinə öz mülahizəsinə əsasən məhkəmələrin sədrlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək səlahiyyəti verilməsini nəzərdə tutur. Macarıstanda 2011-ci ildə yeni Konstitusiya qəbul ediləndən sonra Konstitusiya Məhkəməsinin səlahiyyətləri xeyli məhdudlaşdırılıb, hakimlərin və prokurorların pensiya yaşının azaldılması isə "namünasib” dövlət qulluqçularından yaxa qurtarmağa imkan verib.
Şərqi və Cənub-Şərqi Avropa ölkələrində qaçqınlarla bərabər milli azlıqların nümayəndələrinin də vəziyyəti gərginləşib. Macarıstan hökuməti mütəmadi olaraq piar-aksiyalar keçirir, miqrant müsəlmanların zərəri barədə təbliğat apararaq ksenofob və islamofob ifadələrin köməyi ilə öz reytinqini artırmağa çalışır.
Ən iri etnik azlıq olan qaraçılar regionun bütün dövlətlərində ayrı-seçkiliyə məruz qalırlar. Keçmiş Yuqoslaviyada müharibənin nəticələrini ən çox hiss edən bu dövlət parçalanandan sonra onun yerində yaranmış ölkələrdəki etnik azlıqların nümayəndələri olub. Xorvatiyada və Kosovodakı serblər kimi, Serbiyadakı albanlar və bosniyalı müsəlmanlar da özlərinə qarşı düşmənçilik münasibəti ilə üzləşirlər. Macarıstan başqa ölkələrdə yaşayan həmvətənlərinin mənafelərini həddən artıq müdafiə etdiyinə görə Rumıniya və Slovakiya ilə daim münaqişə vəziyyətindədir.
Almaniyalı ekspert Martin Xok öz bloqunda yazır: "Bütün Avropa ölkələrində yüksəliş hiss edən populist partiyalar getdikcə tez-tez hökumətə daxil olurlar - yaxın vaxtlarda Avstriyada olduğu kimi. Lakin Şərqi Avropa bloku ölkələrinin əsas xüsusiyyəti hökumət partiyalarının çox güclü, dövlət institutlarının isə hədsiz zəif olmasıdır. İş yerlərinin və rəhbər vəzifələrin bölgüsü çox vaxt ixtisas səviyyəsindən və təcrübədən deyil, partiya mənsubiyyətindən asılıdır. Demokratik dəyərlərə sadiqlik bəzi dövlət liderləri üçün praktiki olaraq nominal məsələdir: həqiqətdə bu liderlərin bəziləri az qala bolşeviklər kimi hakimiyyəti mütləqləşdirməyə can atırlar”.
Brüssel isə Budapeşt və Varşava tərəfindən Aİ prinsiplərinin daim pozulmasına incidilmiş və qayğılı, lakin işi başdan aşan məktəb müəllimi kimi baxır. O, gah hiddətlənmiş şəkildə xəbərdarlıq edir, gah da cərimə prosedurları tətbiq etməyə başlayır, lakin illərlə davam edən bu prosedurlar çox səmərəsiz olur.
Görünür, Avropada mürəkkəb dövr başlanır və o hələ ümumi yanaşmalar və prinsiplər hazırlamalıdır. Lakin Aİ üzvləri arasında yaranmış fikir ayrılıqlarından göründüyü kimi, bu məsələ heç də asan olmayacaq.
banner

Oxşar Xəbərlər