AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Devon dövründə canlıların nəslinin kəsilməsinin səbəbi

Devon dövründə canlıların nəslinin kəsilməsinin səbəbi

Təfsilat
31 May 2020, 19:23 185
Paleontoloqların fikrincə, Devon dövründə Yer üzündə dənizdə yaşayan canlı növlərinin 75 faizinin, dəniz onurğalılarının 97 faizinin nəslinin kəsilməsi atmosferdə ozon konsentrasiyasının kəskin azalması səbəbindən baş verə bilərdi. Bu barədə məlumat "Science Advances” nəşrində dərc edilən məqalədə yer alıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Southempton Universitetinin (Böyük Britaniya) professoru Con Marşallın fikrincə, ozon təbəqəsi həmin dövrdə bir müddət yoxa çıxıb ki, bu da iqlimin kəskin istiləşməsi vaxtı ilə üst-üstə düşür. Alim deyib: "Bizə çoxdan məlumdur ki, ozon təbəqəsinin qalınlığı və vəziyyəti müxtəlif amillər, o cümlədən vulkan püskürməsi nəticəsində kəskin dəyişə bilər. Kəşfimiz göstərir ki, bu, müvafiq katalizatorların təsiri olmadan da baş verə bilərdi”.
Tədqiqatçıların fikrincə, Yer planetində altı dəfə canlıların nəslinin kəsilməsi hadisəsi baş verib. Onlardan sonuncusu təqribən 65,5 milyon il əvvəl olub ki, nəticədə dinozavrlar, habelə digər nəhəng quru və dəniz sürünənləri yoxa çıxıb. Bu qəbildən ikinci hadisə təqribən 359 milyon il əvvəl – Devon dövrünün sonunda baş verib. Həmin vaxt planetdən bütün heyvan və bitki növlərinin 50 faizi və fəsilələrin təqribən 15 faizi yoxa çıxıb. Nəhəng heyvanlar, o cümlədən trilobitlər, dəniz əqrəbləri, habelə çənəsiz və zirehli balıqlar bundan daha çox əziyyət çəkib.
Bəzi alimlər Devon dövründə canlıların nəslinin kəsilməsi hadisəsini Yer üzünə nəhəng asteroidin düşməsi, digərləri mağmanın axması və ya okean sularında oksigenin miqdarının kəskin azalması ilə əlaqələndirirlər.
Britaniya paleontoloqları suala tamamilə başqa cavab veriblər. Onlar Qrenlandiyanın şərq sahillərində iki gölün dibində Devon dövrünün sonuna aid çöküntüləri tədqiq ediblər. Devon dövründə Qrenlandiya planetin cənub yarımkürəsində yerləşib və müasir Avropa ilə Şimali Amerikanı birləşdirən nəhəng qitənin bir hissəsi olub. Bu göllərin dibində daşlaşmış çöküntüləri öyrənən alimlər vaxtilə Qrenlandiyada hansı iqlimin üstünlük təşkil etdiyini və onun dəyişməsinin kütləvi yoxa çıxmanın başlanğıcı ilə bağlı olub-olmadığını müəyyənləşdirməyə çalışıblar. Bu axtarışlar nəticəsində Yer üzündə sadə primitiv plaunların və digər quru bitkilərinin sporları aşkarlanıb. Onların əksəriyyəti qeyri-adi şəkildə zədələnib.
Paleontoloqların fikrincə, bu deformasiyalar ultrabənövşəyi şüalanma ilə bağlıdır. Kütləvi şəkildə bu cür zədələnmələr ona göstərir ki, təqribən 359 milyon il əvvəl ozon təbəqəsi, demək olar, tamamilə yoxa çıxıb və heç də tezliklə bərpa edilməyib.
Qrenlandiyanın qədim göllərinin dibindəki çöküntülər, habelə vaxtilə planetin cənub qütb dairəsi yaxınlığında yerləşmiş Titikaka gölü sahilindəki arxeoloji qazıntılar nəticəsində əldə edilən tapıntıların analizləri göstərir ki, daha öncə planetin iqlimi kəskin istiləşib. Alimlər güman edirlər ki, atmosferdən ozonun yoxa çıxmasının hərəkətverici amillərindən biri qlobal istiləşmə olub, bu səbəbdən də su buxarı və xlor birləşmələri ozon təbəqəsinin yerləşdiyi stratosferə düşə bilərdi.
Alimlərin fikrincə, asteroid düşməsi və ya vulkan püskürmələri deyil, məhz ozon təbəqəsinin itməsi Devon dövrü dənizlərinin flora və faunasının mühüm hissəsinin məhvinə səbəb olub. Ultrabənövşəyi şüaların nüfuz edə biləcəyi, Yer üzündə iqlim dəyişmələrinin daha çox təsir etdiyi dayaz sularda və ya okeanın səthində yaşayan heyvanların və bitkilərin məhv olması da bunu göstərir.
"Klimatoloqların cari qiymətləndirmələrinə görə, Yer üzündə 360 milyon il əvvəl üçün səciyyəvi olan iqlimə təqribən yaxın 100 ildə çatmaq mümkündür. Nəticədə ozon təbəqəsinin analoji dağılması baş verə bilər və qlobal istiləşmə qurunun bütün flora və faunası, habelə dayaz sularda yaşayanlar üçün qlobal fəlakətə çevrilə bilər”, - deyə Con Marşall fikrini yekunlaşdırıb.