• şənbə, 20 Aprel, 02:57
  • Baku Bakı 15°C

«Dərslik yazılmasında inhisarçılıq yoxdur»

19.12.14 13:58 1963
«Dərslik yazılmasında inhisarçılıq yoxdur»
Təhsil naziri Mikayıl Cabbarovun dərslik sahəsindəki mövcud problemlərlə bağlı səsləndirdiyi fikirlər problemin kifayət qədər dərin olması ilə yanaşı, həmçinin həllinin diqqətdə olduğunu təsdiqlədi. Ekspertlər problemin həlli üçün müxtəlif təkliflər irəli sürürlər.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı “Kaspi”yə müsahibəsində bütün qabaqcıl ölkələrdə dərslik yazmağın çətin bir iş olduğunu bildirdi:
- Musa müəllim, təhsil naziri bu günlərdə dərslik sahəsindəki problemlərə toxunaraq qeyd etdi ki, birmənalı surətdə dərsliyi ən yaxşı mütəxəssislər hazırlamalıdır. Sizcə həmin yaxşı mütəxəssisləri necə müəyyənləşdirmək mümkündür?
- Bu, tamamilə təbiidir. Hər bir təhsil işçisi və elm adamı dərslik yaza bilməz. İndi şərtlər daha sərtləşdirilib. Yalnız özünə inamı olan adamlar bu işin altına girə bilərlər. Ümumiyyətlə, təkcə bizdə deyil, demək olar ki, bütün qabaqcıl ölkələrdə dərslik yazmaq çox çətin bir işdir. Hər bir orta məktəb müəllimi və ya alim şagirdlər üçün dərslik yaza bilməz. Onu orta məktəbi yaxşı bilən alim və ya yüksək səviyyəli məktəb müəllimi, mütəxəssis yaza bilər. Dərsliklərin yazılmasına verilən mövcud standartlar vardır. Onları bilmədən necə dərslik yazmaq olar? Tenderə təqdim edilən dərsliklərin həmin tələblərə cavab verib-vermədiyini, hansının daha yaxşı olduğunu Təhsil Nazirliyinin təsdiq etdiyi ekspertlər və onların təqdimatı əsasında üzvləri əsasən görkəmli elm və təhsil işçiləri olan Dərslikləri Qiymətləndirmə Şurası müəyyənləşdirir. Müvafiq standartlara cavab verməyən dərsliyin yüksək bal alma ehtimalını mən demək olar ki, mümkünsüz hesab edirəm. Ona görə ki, ekspertlər və Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri dərslikləri rəyləşdirərkən və qiymətləndirərkən müəlliflərin kim olduğunu bilmirlər. İkincisi, hər hansı bir ekspertin zəif dərsliyə yüksək qiymət verməklə risk edib nüfuzunu zərbə altına qoyacağına inanmaq çətindir.
- “Əksər hallarda müəlliflərdən müsabiqəyə çıxarılması üçün kifayət qədər dərslik əldə etmirik”. Bu fikirləri də nazir səsləndirdi. Dərslik bolluğunda çatışmazlığın səbəbi nədir?
- Yaranmış vəziyyət ciddi problemin olduğunu göstərir. Bu, o deməkdir ki, xarici dillərdə orta məktəb şagirdləri üçün dərslik yazmaqda özünə güvənən müəllimlərimiz və alimlərimiz ya yoxdur, ya azdır, ya da var, lakin dərslik yazmağa maraq göstərmirlər. Problem dərindən öyrənilməli və səmərəli həlli yolu tapılmalıdır.
- İş ondadır ki, bu il keçirilən tenderlərin də hamısı baş tutmayıb. Məsələn, 2014-cü ildə 22 fənn üzrə keçirilən tenderdən cəmi 6-sı baş tutub. VIII sinifdə 2 fənn üzrə ümumiyyətlə, heç bir təklif verilməyib. Bunlar əsasən xarici dillər (alman, fransız, bəzi hallarda artıq rus dili) üzrədir. Nazirin sözlərinə görə, mövcud çərçivədə dərsliyin yaradılması üçün maraq göstərən yoxdur. Bu problemin səbəbini necə izah edərdiniz?
- Heç bir ölkədə ideal dərslik yoxdur. Bütün dərsliklərdə çatışmazlıqlar və qüsurlar olur. Nə qədər tənqid etsələr də, həmin tənqidlərdə həqiqət anı olsa da, şagirdlərimizin öz milli dərsliklərimizlə məktəbə getməsi müsbət bir haldır və müstəqillik illərində təhsilimizin keçdiyi yolu özündə əks etdirir. Dərslik yazılmasında inhisarçılıq yoxdur. Bildiyimə görə, Təhsil Nazirliyindən heç bir asılılığı olmayan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspertləri dərslikləri dərindən öyrənir, testləşdirir və rəyləşdirirlər. Onların kimliyini bilməsəm də, bu məsələyə tam ciddiyyətlə, obyektivliklə yanaşdıqlarına dərslik müəllifi kimi əmin olmuşam. TQDK-nin ekspertlərinin üzə çıxardığı nöqsanlara hörmətlə yanaşılmalı, dərslik müəllifləri tərəfindən aradan qaldırmalıdırlar. Çünki bu fəaliyyət ümumi iş, dərsliklərimizin daha yaxşı olması üçün edilir. Dərsliklərin təkmilləşdirilməsi sahəsində hər iki qurumun səmərəli əməkdaşlığının yalnız fayda verəcəyinə inanıram. Belə bir əməkdaşlıq olarsa, dərsliklərdəki qüsur və çatışmazlıqlar ya müəlliflər tərəfindən aradan qaldırılar, ya da müəlliflər və dərslikləri rəqabətə tab gətirməyərək sıradan çıxar, dərslik yazan peşəkar müəlliflər qrupu formalaşar, nəticədə qazanan təhsil sistemimiz və şagirdlərimiz olar.
Söhbətləşdi:
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər