Dərslərində Qarabağın işğalını müzakirə edən amerikalı professor
Amerikalı
folklorşünas alim, Cənubi Karolina ştatındakı Kostal Karolina Universitetinin
(Coastal Carolina University) professoru Anna Oldfield Azərbaycan aşıq sənətini
tədqiq edib. Bu tədqiqat işi 2005-2008-ci illəri əhatə edib. Ancaq onun ölkəmizlə
əlaqələri, bağlılığı bu gün də davam edir. Amerikalı tədqiqatçı ilə söhbətləşdik.
- Xanım Anna Oldfield, Azərbaycanla ilk
tanışlığınızı necə xatırlayırsınız? Ölkəmizə maraq haradan qaynaqlanıb?
- Azərbaycana
marağım Viskonsin-Medison Universitetində Türk folklorunu öyrənən zaman
yaranmağa başlayıb. İnana bilmirdim ki,
burada "Koroğlu” və "Aşıq Qərib” dastanını aşıq kimi ifa edə biləcək sənətkarlar
var. Bu, nadir sənət olduğundan , bu
haqda çox məlumat toplamaq istəyirdim. Lermontovun əsərlərindən Qafqaz
dağlarının gözəlliyi haqqında çox
oxumuşdum və bu dağları görmək arzusunda idim. İlk dəfə Azərbaycana gələndə
Bakının gözəlliyi və insanların səmimiliyi məni heyran etdi. Bundan sonra isə dağları ziyarətə də
getdim.
- Bakıya
ilk gəlişinizdən keçən vaxt ərzində paytaxtımız necə dəyişib?
Mən ilk dəfə
Bakıya 2004-cü ildə gəlmişdim. O vaxtdan etibarən Bakıda yeni binalar inşa
olunub və çox müasir nəqliyyat vasitələri xəttə buraxılıb.
- Yaşadığınız
ştatda Azərbaycanı nə qədər tanıyırlar?
- Mən namizədlik dissertasiyasını müdafiə etmək
üçün Viskonsində yaşayarkən
Universitetimizdə Dünya Musiqi Festivalı keçirilirdi və o vaxt Azərbaycanlı
ifaçılarla tanış olmaq Medison sakinlərinə nəsib olmuşdu. Bunun sayəsində Azərbaycan
haqqında bir az məlumatlanmışdılar.
Vaşinqton, Nyu-York, Los-Anceles kimi böyük şəhərlərdə isə insanlar Azərbaycan haqqında daha çox eşidiblər. Yaşadığım və işlədiyim Cənubi Karolina ştatında isə
insanların Azərbaycan haqqında mənim dərslərimdə verilən informasiyadan başqa
detallı məlumatları yoxdur.
- "Azərbaycanın
qadın aşıqları: adət-ənənələr və onların transformasiyası” mövzusunda
dissertasiya müdafiə edibsiniz. Bu araşdırma üçün nə qədər vaxt sərf etdiniz?
Başlıca olaraq, hansı mənbələrə müraciət etdiniz?
- Azərbaycan
qadın aşıqları haqqında araşdırmalarım bir neçə il davam etdi, tədqiqatıma
sıfırdan başlamışdım. Aşıqlar və ya qadın aşıqları haqqında heç bir məlumatım
yox idi və Amerikada bu haqda informasiya mənbəyi tapmaq qeyri-mümkün idi. Xoşbəxtlikdən Azərbaycana gələ bildim, Azərbaycan
dilini öyrəndim və folklorşünaslarla, aşıqlarla birlikdə mövzunu tədqiq
etdim. Aşıqlar haqqında çox şey öyrəndim,
onların kitablarını və səs yazılarını topladım, aşıqlarla müsahibələr apardım.
Alimlər belə fikirləşirlər ki, qadınlar epik janrı ifa edə bilməzlər, yəqin qadın aşıq janrı SSRİ-də yaranıb . Mənim
tədqiqatım sübut etdi ki, Azərbaycanda qadın aşıqlar 100 il bundan öncə, SSRİ-dən
əvvəl də var idi.
- Azərbaycan aşıq sənətinin aparıcı məktəblərindən
olan Qarabağ aşıq məktəbinin formalaşdığı ərazinin böyük bir hissəsi 25 ildən
artıqdır ki, Ermənistan tərəfindən işğal altında saxlanılır, bu ərazilərdəki
bütün infrastruktur, eləcə də milli-mədəni abidələr, aşıq sənəti ilə bağlı olan
bütün abidələr darmadağın edilib. Sizin araşdırmalarda bu fakt öz əksini tapırmı?
- Mən aşıqlar
haqqında yazanda və ya aşıq sənətini tədris edəndə, Qarabağın işğalı və aşıq sənətinin
diyarı olan Göyçə və Kəlbəcər kimi bölgələrdən Azərbaycanlıların qovulmasını da
müzakirə edirəm. Aşıqlar diyarı olan bu bölgələr müharibə nəticəsində
darmadağın edilmiş və aşıq sənətinə böyük ziyan vurulmuşdur. Aşıq sənətinin ifaçıları və dinləyiciləri əsasən
məcburi köçkünlərdir və indi aşıqların mövzusu itirdiyi doğma diyarlarından bəhs
edir. Bütün bunları dərslərimdə müzakirə edirəm.
- Yəqin
tədqiqat zamanı klassikləri araşdırmaqla yanaşı, müasirlərlə də görüşübsünüz.
- Mən həm
klassik ədəbiyyat nümunələrini (məsələn, "Leyli və Məcnun”) və eləcə də
müasir ədəbiyyat nümunələrini (məsələn, "Əli
və Nino”) tədris və tədqiq edirəm. Bəli, bunlar bir-biri ilə əlaqədardır.
- Vətəninizdə
bu araşdırmanızı necə qarşıladılar?
- İnsanlar çox
maraqlanırlar, çünki onların Azərbaycan haqqında məlumatları yoxdur. Çox zaman
bunun dəqiq yerini tapmaq belə çətin olur, çünki bu sahədə çalışanların sayı
azdır. Əsasən Azərbaycan tarixi və siyasəti tədqiq edilir.
- Səhv etmirəmsə, Azərbaycan folklorunun ABŞ
universitetlərində tədris edilməsi və Koustal Karolina Universitetində Azərbaycan
guşəsinin yaradılması ideyalarını irəli sürmüşdünüz. Bu ideyalar hansı
miqyasda gerçəkləşdi?
- Mən artıq Azərbaycan
folklorunu ("Kitabi Dədə Qorqud”, Aşıq sənəti) ABŞ-ın Kostal Karolina
Universitetində tədris edirəm. Lakin
ABŞ-da tədris etmək üçün çox sayda əsərlərin tərcümələrinə ehtiyacımız
var. Belə bir proyekt üzərində birgə işləmək
yaxşı olardı.
- Bu
günlərdə Qərb Kaspi Universitetində (Qərb Universiteti) seminar keçdiniz, tərcümə
və filologiya ixtisası üzrə təhsil alan tələbələrlə müzakirələr, fikir mübadiləsi apardınız.
Başlıca mövzu nə idi? Azərbaycanlı tələbələr barədə rəyiniz də bizim üçün
maraqlıdır.
- Qərb
Universitetinin tələbələri ilə görüşdən çox məmnun oldum. Gəncləriniz ağıllı və
fəaldırlar. Amerika tələbələri ilə oxşar cəhətləri çoxdur, çünki bu gənclər
qlobal nəslin nümayəndələridir. Onların gələcəyinə böyük ümid bəsləyirəm. Əsas
mövzumuz mədəni mübadilə və tərcümə idi
- Azərbaycan mədəniyyətini necə tədris etməli və nəyi tərcümə etməliyik? Başqa
ölkələrdə gənclərin nəyə üstünlük verməsini tələbələr yaxşı bilir və Azərbaycan
mədəniyyətinin Amerika gənclərinin maraq dairəsinə çatdırmaqda tələbələrin bizi
istiqamətləndirməsinə imkan yaratmalıyıq. Mənim tələbələrim keyfiyyətli tədris
edilən klassikləri, məsələn, antik, rus ədəbiyyatı, Şekspiri, eləcə də, müasir ədəbiyyatı,
Magik Realizmi çox sevir.
- Təhsil sahəsində ölkəmizlə əməkdaşlığınızın
genişlənməsi gözlənilirmi?
- Əlbəttə. Mən
artıq öz şöbəmdə Qərbi Kaspi Universiteti tələbələri ilə bizim tələbələrin tərcümə
layihələrini istiqamətləndirən siniflər haqqında söhbət açmışam. Biz birgə
proyektimizi istiqamətləndirən ideyalar üzərində işimizi davam etdirə bilərik.
Nigar