• cümə, 19 Aprel, 23:15
  • Baku Bakı 24°C

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

15.12.17 13:00 3481
Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…
Fransada 15 yaşına çatmamış şagirdlərin dərs vaxt mobil telefondan istifadəsinə qadağa qoyulacaq. Belə ki, Fransanın Təhsil Nazirliyinin təşəbbüsü ilə 2018-ci ilin sentyabr ayından qüvvəyə minəcək bu qanun 15 yaşına qədər olan bütün əsas, kiçik və orta məktəb şagirdlərinə aid olacaq. Qanunla, həmçinin şagirdlərin dərs vaxtından əlavə fasilələr, nahar və ya istirahət müddətlərində də telefonlarından istifadə etməyinə icazə verilməyəcək.
Fransanın təhsil naziri Jean-Michel Blanquer bu problemi "ictimai səhiyyə məsələsi" adlandırıb. O bildirib ki, son dövrlərdə uşaqlar fasilə vaxtında oynamırlar. Onlar bütün vaxtlarını yalnız smartfonlar qarşısında keçirirlər və bu, ciddi problemdir.
Bəs görəsən belə bir qadağanı Azərbaycan məktəblərində də tətbiq etmək mümkündürmü? Bunun üçün hansı addımlar atılmalıdır?
Təhsil eksperti Nadir İsrafilov deyir ki, bu məsələ dəfələrlə gündəmə gətirilib: "Mobil telefon və kompüterdən dərs vaxtı istifadə şagirdlərin həm sağlamlığına, həm də təlim-tərbiyəsinə mənfi təsir göstərir. Bu barədə biz çox demişik. Dünya ölkələrində bunun qarşısının alınması üçün müxtəlif təcrübələr var. Bizdə də belə bir qadağa əvvəllər bir neçə məktəbdə tətbiq olunub. Amma bu, valideynlərin narazılığına səbəb oldu. Onlar bildirdilər ki, biz öz övladımızla əlaqə saxlamaq istəyirik. Nəticədə həmin məktəblərdə yenidən mobil telefondan istifadəyə icazə verildi. Dünyanın əksər qabaqcıl ölkələrində məktəbin girişində mobil telefonlar uşaqlardan toplanır və onlar xüsusi qutularda saxlanılır. Dərs bitdikdən sonra isə telefon uşaqlara təhvil verilir. Bu metodu bizdə də tətbiq etmək olar. Çünki hər məsələyə münasibət heç də həmişə birmənalı olmur. İstənilən halda narazı qalan tərəflər olur. Ona görə də tam qadağa qoymaq mümkün olmur. Albert Eynşteyn deyirdi ki, mən atomu ona görə kəşf etmədim ki, insanlar ondan bomba düzəldib bir-birini məhv etsinlər. Həmçinin texnologiyaların inkişafının da müsbət tərəfi çoxdur. Amma bu o demək deyil ki, onlardan ifrat dərəcədə istifadə edilsin. Mobil telefon əlaqə vasitəsidir. Amma şagirdlərin əksəriyyəti məktəbdə, küçədə, evdə bütün günü əllərindəki telefona aludə olublar. Bunun nəticəsidir ki, bu gün "Mavi balina” kimi təhlükəli oyunlar meydana çıxıb. Hesab edirəm ki, belə məsələlərin həlli üçün yeni metodlar olmalıdır. Amma düşünmürəm ki, bizdə dövlət səviyyəsində belə bir qadağa tətbiq edilsin. Çünki digər qanunla mobil telefon şəxsi mülkiyyət hesab olunur və şəxsi mülkiyyət toxunulmazdır. Ona görə də tam qadağa mümkün deyil. Ola bilsin ki, bu məsələ bizdə də Mili Məclisin gündəliyinə salınsın. Bunun üçün ictimai rəy öyrənilə və sorğular da keçirilə bilər. Lakin bütün hallarda mobil telefona tam qadağa qoyulmasa da, əlçatanlığı məhdudlaşdırılmalıdır”.
Psixoloq Aydan Talıbova deyir ki, uşağa qadağanı kiçik yaşlardan təlqin etməliyik: "Hələ kiçik yaşlarından valideyn mobil telefon və planşetlərdə müxtəlif oyunlar və yaxud cizgi filmləri vasitəsilə uşağının başını qatmağa çalışır. Əslində bu, çıxış yolu deyil. Çünki belə olan təqdirdə, uşaqda mobil telefona marağı biz özümüz yaratmış oluruq. Belə uşaqlar artıq getdikcə, dünyadan təcrid olunur və onların bütün maraq dairəsi telefondan ibarət olur. Uşağın telefonla çox vaxt keçirməsinə kiçik yaşlarından icazə verdiyimizə görə, 15 yaşında birdən-birə ona belə bir qadağa qoya bilmərik. Əgər mobil telefonu uşağa müəyyən zaman çərçivəsində vermək istəyiriksə, bunu ona kiçik yaşlarından aşılamalıyıq. Çünki birdən-birə edilən qadağa uşaqda müxtəlif psixoloji problemlərə, davranış pozğunluqlarına, suisidal hallara gətirib çıxarır. Bəzən valideynlər rəngləri, hesablamaları uşağa izah etmək əvəzinə, mobil telefonla öyrətməyi üstün tuturlar. Belə olan təqdirdə, uşaq bilmədiyini mobil telefondan soruşa bilir. Əgər uşağın mobil telefondan az istifadə etməsini istəyiriksə, biz özümüz onunla çox vaxt keçirməliyik. Ona görə də hər bir ailənin özünün planı olmalıdır. Necə ki, birdən-birə biz bir uşağa qadağa qoya bilmirik, eləcə də birdən-birə qanunvericilik səviyyəsində bu məhdudiyyət qoyula bilməz. Bunun mənfi tərəfləri daha çox ola bilər. Ona görə də ilk olaraq bu problem ailə daxilində həll edilməlidir. Cəmiyyət yavaş-yavaş buna öyrəşməlidir. Valideynlər özləri də başa düşməlidir ki, uşaqla əlaqə saxlamaq üçün ona bahalı smartfonlar almalı deyilik. Bunun üçün sadə telefon kifayətdir”.
Sosioloq Lalə Mehralı deyir ki, müəyyən edilmiş bir mexanizm yaradılmalıdır: "Bizim məktəblərdə qadağaların olmasına baxmayaraq, ciddi yoxlama aparılmadığı üçün şagirdlər məktəbə telefon apara bilirlər. Uşaqlar dərs vaxtı telefonu səssiz və ya titrəmə rejimində istifadə edirlər, müəllimin bundan xəbəri olmur. Amma məktəbin giriş qapısında yoxlansa və telefon alınsa, yaxud xəbərdarlıq edilsə, şagirdlər məktəbə bu qədər rahatlıqla telefon gətirə bilməzlər. Əslində valideynləri də başa düşmək lazımdır, övladından narahat qalır. Valideyn özü iş və ya digər səbəblərə görə övladı ilə məktəbə gələ bilmir. Ona görə də işdən uşağına telefonla məktəbə gedəndə, evə qayıdanda nəzarət edir. Məncə, elə bir mexanizm yaradılmalıdır ki, uşaq telefonunu məktəbə daxil olanda lazımi otağa təhvil verib, dərs qurtaranda təhvil ala bilsin. Beləcə, nə dərs zamanı telefonla oynayıb fikri yayınmaz, nə də valideyn narahat qalmaz. Dərs zamanı isə vacib olarsa, valideyn müəllimlə əlaqə saxlaya bilər. Bu həm də valideyn-müəllim münasibətlərini möhkəmləndirər”.
Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Gövhər Baxşəliyeva bildirdi ki, hələlik bu məsələ Milli Məclisdə müzakirə olunmayıb: "Bu barədə hələlik hansısa bir təşəbbüs irəli sürülməyib. Belə bir istək varsa, bu təklif ilk olaraq məktəblərdən gəlməlidir. Amma hələlik müəllimlər və valideynlər hər hansı bir müraciət etməyiblər. Bu isə o deməkdir ki, Azərbaycanda bu məsələ Avropada olduğu kimi ciddi problem deyil”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər