• çərşənbə, 17 Aprel, 02:18
  • Baku Bakı 14°C

Dərsdən çıxan bir uşaq... Çıxıb neyləsin?

25.09.13 09:35 3908
Dərsdən çıxan bir uşaq... Çıxıb neyləsin?
“Azərbaycanda uşaqlar üçün yaradıcılıq mərkəzləri, günüuzadılan qruplar, yay-qış düşərgələrinin yaradılması gözlənilir”. Milli Məclisin Sosial siyasət komitəsinin bu ilin payız sessiyasında hazırlayacağı qanun layihəsi ilə bağlı səslənən məlumat xüsusən valideynlərin sevincinə səbəb olub. “Məktəbdən sonra uşağı hara qoyum?” sualı ilə üzləşənlərin bir növ rahat nəfəs alacaqlarına ümidləri yaranıb.
Belə ki, millət vəkili Məlahət İbrahimqızının mətbuata verdiyi açıqlamaya görə, komitə bu ilin payız sessiyasında "Uşaqların asudə vaxtının təşkili haqqında" qanun layihəsini hazırlayacaq: "Bu, Azərbaycan dövlətinin gənclər siyasətinə yönələn sosial layihəsidir. Uşaqların həm mənəvi cəhətdən, həm vətənpərvərlik nöqteyi-nəzərindən tərbiyələndirilməsi üçün onların asudə vaxtının təşkili çox vacibdir. Bununla bağlı da artıq qanunvericilik əsasları yaradılmalıdır". Uşaqların həm fiziki, həm də mənəvi kamilliyini şərtləndirən tədbirlərin görülməsinin olduqca vacib olduğunu bildirən millət vəkili böyüyən nəslin mənəvi zənginliyini düşünməyin vacib olduğunu vurğulayıb: "Uşaqlarımızı yalnız savadlı deyil, həm də mənəvi cəhətdən kamil böyütməliyik. İnsan çox savadlı, lakin robot kimi böyüyə bilər. Ona görə də onların mənəvi zənginliyini düşünməlıiyik”.
M.İbrahimqızı sovet vaxtı uşaqlar üçün günü uzadılmış qruplar, düşərgələrin təşkil olunduğunu, uşaqların asudə vaxtının boş keçməməsinə şərait yaradan tədbirlərin həyata keçirildiyini xatırlayıb: “Xüsusi qruplarda uşaqlar dərslərini oxuyardılar, dərsdənkənar oxu ilə, idmanla məşğul olardılar”.
Komitə üzvü "Uşaqların asudə vaxtının təşkili haqqında" qanun layihəsi qəbul olunduqdan sonra bununla bağlı xüsusi dövlət proqramının hazırlanmasının mümkünlüyünü qeyd edib. “Dövlət proqramının fəaliyyət planına Azərbaycanda Uşaq Yaradıcılıq mərkəzlərinin sayının artırılması, həmçinin məktəblilər üçün yay-qış istirahət mərkəzlərinin tikilməsi daxil edilə bilər”.
Təhsil Nazirliyinin təlimat məktubunda isə ümumtəhsil məktəblərində günü uzadılmış qrupların çox müstəsna hallarda, bufet və ya yeməkxana olduğu, şagirdlərə isti yemək verildiyi, onların gündüz yuxusu təmin edildiyi və məktəblərdə növbəliliyin artmasına təsir etmədiyi təqdirdə açıla biləcəyi bildirilir. Ekspertlər təlimat məktubunun tələblərinin bu cür qrupların açılmasına əngəl olduğunu bildirirlər. Onların fikrincə, günüuzadılan qrupların yaradılması, fakültativ məşğələlərin, əlavə dərslərin tətbiqi və dərnəklərin fəaliyyəti şagirdlərin hərtərəfli inkişafı üçün əhəmyyətlidir.
Fakultativ məşğələlərin məktəbdə olması
Əməkdar müəllim Almaz Həsrət bizimlə söhbətində məsələnin gündəmə gəlməsinin təqdirəlayiq olduğunu bildirdi: “Hər bir şeydə nəzəriyyəçiliklə yanaşı, praktiklik də olmalıdır. Yəni şagird nəyisə öyrənmək istəyirsə, onun praktiki xüsusiyyətlərini əlində yük kimi götürməli, onu yaşamalıdır. Belə ki, məktəblərdə hər bir fənnin profilinə uyğun dərnəklər fəaliyyət göstərməlidir”. A.Həsrətin fikrincə, bu cür dərnəklər sovet dövründə necə fəaliyyət göstəribsə, onları eynilə təkrarlamağın heç bir faydası yoxdur: “Nə yaranırsa, öz orijinallığında qalır, onun surəti isə öz xüsusiyyətini itirir. Bu baxımdan, biz daha yenisini yaratmalıyıq. Dərnək və ya fakultativ məşğələ yaranarsa belə, adı eyni olsa da, fəaliyyəti tam fərqli olmalıdır». A.Həsrət hesab edir ki, xüsusən hazırki vaxtda bu cür dərnəklərin və ya əlavə məşğələlərin yaradılmasına ehtiyac daha çoxdur: «Bu, inkişafa təkandır. Öncə bu barədə proqram hazırlanmalıdır. Ənənəvi resurslarla yanaşı, bu gün daha müasir resurslar da yaranıb. İndi Youtube-da daha gözəl bloqlar, saytlar yer alıb ki, uşaqlar oradan istifadə edə bilərlər».
A.Həsrət hesab edir ki, bu proqram təkcə paytaxt məktəblərini deyil, bölgələrdə yerləşən təhsil ocaqlarını da də əhatə etməlidir: «Ucqar yerlərdə yerləşən məktəblərdə şagirdlər praktik olaraq həyətyanı sahələrdə işləyə bilərlər. Uşaqlar dərslərdə keçdikləri drsləri praktik olaraq canlı müşahidə etməlidirlər. Bu baxımdan tədris proqramında dəyişiklik etməyə ehtiyac var. Bu cür əlavə saatların, fakultativ məşğələlərin məktəbdə olması gözəl haldır. Təcrübələr göstərir ki, bu, şagirdlər tərəfindən də çox bəyənilir”. Ekspertin fikrincə, yeni təlim proqramı hazırlananda əlavə dərs saatları və ya fakultativ məşğələlər nəzərdə tutulacaqsa, bu, layihələrin hazırlanmasına da köməklik göstərəcək: “Çünki dərs vaxtı əlavə məşğələləri şagirdə çatdırmaq olmur. Dərsdən sonra şagirdlərin layihə hazırlamağa, ixtiralar etməyə imkanları olur. Həmçinin distant təhsillə bağlı şagirdlər bu ölkədən başqa ölkəyə müəyyən videoproqramlar vasitəsilə konfranslar təşkil edə bilirlər».
Günü uzadılan qrupların valideynlərin həyatında oynayacağı rola gəlincə, ekspert qeyd edib ki, bu, xüsusən işləyən valideynlər üçün çox əhəmiyyətlidir: «Valideyn işə gedir. Ancaq övladının dərsləri günorta qurtarırsa, valideyn onu məktəbdən götürməyə nə vaxt tapır, nə də onu nəzarətsiz qoymaq istəyir. Valideyn istəyir ki, övladı həm etibarlı, həm də səmərəli yerdə qalsın. O istəmir ki, övladı qonşularda otursun və ya evdə televizora baxsın. O bilsə ki, uşağı məktəbdədir və iş gününün sonuna yaxın gedib onu götürəcək, bu, onun üçün də rahatlıq yaradar. Həm də biləcək ki, övladı məktəbdə vaxtını boşuna keçirmir, əvəzində əlavə dərslər və sənətlər öyrənir».
Həm şagirdlər, həm də valideynlər üçün sərfəli
Söhbətləşdiyimiz valideynlər də hesab edir ki, günü uzadılmış qrupların təşkili, əlavə dərslərin və dərnəklərin tətbiqi günün tələbidir və onların hər bir məktəbdə fəaliyyəti zəruridir. Belə ki, bu cür qruplar həm şagirdlərin dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkilinə kömək edər, həm də valideynlər üçün uşaqlarının rahatlığında rol oynayar.
Övladları 5 və 6-cı sinifdə oxuyan Azər Nuriyev hesab edir ki, günüuzadılan qrupların fəaliyyəti valideynlərin işini xeyli asanlaşdıra bilər: «Mən də, həyat yoldaşım da işləyirik. Yoldaşım müəllimədir. Onun dərsləri axşamüstü bitir. Onun evə gəlişi ilə uşaqların dərslərinin bitmə vaxtı üst-üstə düşmür. Uşaq təbii ki, özü evə gələ bilməz. Buna həm evlə məktəb arasında olan məsafə, həm yolların təhlükəli olması imkan vermir. Həm də valideyn evdə olmadan azyaşlı uşağının evdə tək qalması da narahatlıq yaradır. Valideynin işdən çıxacağı müddətə qədər məktəblərdə müəyyən hazırlıq kurslarının fəaliyyət göstərməsi yaxşı olardı. Bu, həm şagirdlərin özləri üçün, həm də valideynlər üçün sərfəlidir”. Valideynin fikrincə, şagird əlavə dərs saatlarında, fakultativ məşğələlərdə müəyyən əmək dərsləri ilə məşğul ola bilər. Bu, onun həm dünyagörüşünü artırar, həm də onda əməyə məhəbbət aşılayar: “Həmçinin uşaqlar üçün əlavə idman dərslərinin – basketbol, voleybol, futbol yarışlarının təşkili onların fiziki sağlamlığına da kömək edər. Valideyn əmin olar ki, dərsdən sonra uşağın üzərində müəllimin nəzarəti var”.
Müzakirəyə çıxarılacaq qanun layihəsi hələlik valideynlərə ümidlər vəd edir. Ümidlərin gerçəkləşməsi üçünsə nə qədər vaxtın lazım olacağını hələlik heç kəs bilmir. Əlbəttə, əgər Təhsil Nazirliyinin təlimat məktubunda göstərilən şərtlər layihəyə maneçilik yaratmasa, valideynlərin arzuları tezliklə reallaşa bilər...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər