• şənbə, 20 Aprel, 17:08
  • Baku Bakı 23°C

Dərs ilinin uzadılması yaxşıdır, ya pis? - Polemika

11.06.16 11:41 2004
Dərs ilinin uzadılması yaxşıdır, ya pis? - Polemika
Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də dərs ilinin iyun ayınadək davam etməsidir. Belə ki, bu fakt hamı tərəfindən birmənalı qarşılanmır. Hətta narazı valideynlər bununla bağlı petisiya da hazırlayıblar. Bəs gənclərimiz bu haqda nə fikirləşir? Dərs ilinin iyun ayının 14-dək uzadılmasının hansı müsbət və mənfi tərəfləri var?

"Heç bir faydası yoxdur”

Nərmin Əkbərli, tələbə


Nərmin fikirləşir ki, tədris ilinin iyunun 14-dək uzadılmasının əslində elə də ciddi bir faydası yoxdur: "Dərs ilinin uzadılmasına münasibətim o qədər də yaxşı deyil. Hesab edirəm ki, bu, həm müəllimlərin, həm də şagirdlərin vaxtını alır. Yay aylarında şagirdlərin dərs oxumağa bir o qədər də həvəsi olmur. Elə mən özüm də məktəbdə oxuyarkən tədris ilinin sonuna yaxın yalnız istirahət haqqında fikirləşirdim. İyunun ortalarına kimi uzadılan dərslərin heç bir mənası yoxdur. Çünki şagirdlər dərsdə həvəssiz şəkildə, candərdi otururlar. Bunun isə nə müəllimə, nə də şagirdə faydası ola bilər”.
Həmsöhbətimiz deyir ki, ən yaxşısı əvvəlki qaydada - sentyabrın 1-dən mayın 25-dək olan müddətdir: "Hesab edirəm ki, dərs ilinin əvvəlki qaydada olması daha məntiqəuyğun olardı. İyun ayı məktəblilərin yay tətili üçün nəzərdə tutulub. Belə isti havada şagirdlərin dərsə getməsi sağlamlıq cəhətdən də əlavə problemlər yarada bilər. Belə ki, istidə yorğun, halsız uşaqlar bir də məktəbdə əlavə olaraq yüklənirlər. Bu isə onların səhhətinə yaxşı təsir göstərməyə bilər. Mənim fikrimcə, dərs ili əvvəlki qaydada olsa, daha məqsədəuyğun olar. Bu, uşaqlardan əlavə, valideynlər üçün də artıq problemdir. İyunda övladını məktəbə aparıb-gətirmək onlar üçün də çətin və zəhmətlidir. Çünki bu ayda artıq bir çoxları istirahət və tətil planları qurur”.

Bunun valideynlər üçün daha çox ziyanı var...

Zaur Məmmədov, işsiz

Zaur da Nərminlə həmfikirdir. O da düşünür ki, dərslərin iyunun ortalarına kimi uzadılması yersizdir: "Bu addımın təhsilin inkişafına faydalı olacağını düşünmürəm. Əksinə, bunun lazımsız bir qayda olduğunu fikirləşirəm. İndiyə kimi dərslərin may ayında bitməsinin hansısa mənfi tərəfini görməmişdik. İndi belə bir qərarın verilməsinin və onun icrasının tamamilə yersiz və vaxt aparan bir şey olduğunu fikirləşirəm. Bunun valideynlər üçün daha çox ziyanı var. Çünki əlavə olaraq iki həftə də məktəb xərclərini ödəmək heç də yaxşı hal deyil. İyun ayı məktəblilərin həvəslə gözlədiyi tətil ayıdır. Havaların bu qədər isti olduğu bir vaxtda heç kim əlavə olaraq iki həftə də dərsə getmək istəməz”.
Müsahibimizin fikrincə, təhsilin inkişafı üçün dərs müddətinin uzadılması faydalı ola bilməz: "Yəqin ki, bu qərarı verərkən onun təhsil üçün faydalı olacağı nəzərdə tutulub. Lakin bəzi məqamlar diqqətdən yayınıb. Vaxtı 14 gün uzatmaqla nəyəsə nail olmağın mümkün olmadığını hesab edirəm. Təhsilin inkişafı üçün başqa addımlar atılmalıdır. Bu gün bizim təhsil sistemimizdə xeyli boşluqlar var. Hesab edirəm ki, ilk növbədə həmin boşluqları doldurmaq lazımdır. Daha məktəbi iki həftə uzatmağın heç bir mənası yoxdur. Bundan həm uşaqlar, həm valideynlər, həm də müəllimlər əziyyət çəkir. 30-35 dərəcə temperaturun olduğu bir vaxtda öyrədilən dərs nə dərəcədə faydalı ola bilər ki? May ayının sonuna yaxın onsuz da heç bir şagird dərsə öz istəyi ilə getmir. Onlar, sadəcə, dərsdə iştirak etmək xatirinə dərsə gedirlər. Mənim fikrimcə, bu "işgəncə”nin iyunun 15-nə qədər uzadılması məktəblilərə edilən haqsızlıqdır”.

Yeni qayda ilə bəzi problemlər öz həllini tapacaq...

Aysel Qurbanova, jurnalist

Aysel isə, digər müsahiblərimizdən fərqli olaraq, hesab edir ki, dərs ilinin iyunun 14-dək uzadılması vaxtında və doğru verilən qərardır: "Təhsil insan həyatında ən vacib amillərdən biridir. Bunun iki həftə artıq olmasının heç bir ziyanı ola bilməz. Bundan əlavə, dərs müddətinin uzadılmasının uşaqların səhhətinə zərərli təsir edəcəyini də düşünmürəm. Əgər məktəbli 9 ay ərzində davamlı olaraq məktəbə gedirsə, iki həftə onun sağlamlığına ziyan vurmaz. Çünki artıq onların rejimi 9 ay ərzində buna uyğunlaşıb. Həmçinin, qeyd edim ki, məktəblilərin bir çoxu onsuz da yay tətilini səmərəsiz şəkildə keçirirlər. Hətta elələri var ki, davamlı olaraq 3 ay yay tətilini kompyuterdə oyun oynayaraq, yaxud digər zərərli işlərlə məşğul olaraq keçirir. Bundan əlavə, uşaqların çoxu bütün tətil boyu evdə qapalı mühitdə olur. Bunun yerinə iki həftə uşaqların dərsə getməsini daha məqbul və faydalı hesab edirəm. Uşaqların çox az faizi tətillərdə kitab oxuyur, yaxud ictimai işlərdə iştirak edirlər. İki həftə ərzində öyrənilən dərs uşağa xeyli faydalıdır”.
Həmsöhbətimiz deyir ki, bu proses gələn ildən öz axarına düşəcək: "Bu il ilk il olduğuna görə bəzi neqativ halların şahidi olduq. Təbii ki, bunu heç kim inkar etmir. Bu, ən çox da məktəblərdə dərs proqramının yanlış qurulması ilə bağlı oldu. Əslində ilk il olduğuna görə problemlərin olması təbiidir. Birdən-birə bu rejimə keçmək heç də asan məsələ deyil. Yəqin ki, gələn ildən artıq bütün işlər öz axarına düşəcək. Elə vaxtın uzadılması da əslində proqramın artması ilə bağlıdır. Biz məktəb vaxtı may ayının sonunda bəzi fənlərin proqramını tam şəkildə başa çatdıra bilmirdik. Bunun isə özlüyündə müxtəlif səbəbləri olurdu. Dərslər qeyri-iş günlərinə düşürdü, havaların soyuq keçməsi ilə əlaqədar uşaqların çoxu dərsə gəlmirdi və beləliklə, proqramı tam olaraq mənimsəyə bilmirdik. Artıq belə bir problem də olmayacaq. Gələn il və bundan sonrakı illərdə bütün proseslərin öz axarına düşəcəyinə əminəm. Dərslərin uzadılmasının şagirdlərə ziyanından çox faydası olduğu qənaətindəyəm”.

Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər