• çərşənbə axşamı, 23 aprel, 13:26
  • Baku Bakı 24°C

Dərmanların onlayn satışı düzgündürmü?

14.05.15 09:36 2351
Dərmanların onlayn satışı düzgündürmü?
Mütəxəssislər apteklərin internet üzərindən dərman satmasını doğru hesab etmirlər
Son vaxtlar vətəndaşların işlərini asanlaşdırmaq üçün bir çox sahələrdə elektronlaşma aparılır. Amma elə xidmətlər var ki, orada elektronlaşma həssas yanaşma tələb edir. Belə sahələrdən biri də dərman satışıdır. Dərmanlar insanların sağlamlıqlarını bərpa etmək üçün olsa da, düzgün istifadə edilmədiyi təqdirdə həm də təhlükə mənbəyi ola bilir. Lakin buna baxmayaraq, Azərbaycanda dərmanların onlayn satışı da mövcuddur. Onlayn satışda resept əsasında təyin edilən dərmanlardan başqa, digərlərini reseptsiz olaraq ünvanlara göndərirlər.
Onlayn olaraq dərman satışı həyata keçirən aptekonline.az saytında hətta xəstəliklər kataloqu var və orada hər bir xəstəliyə uyğun dərmanlar yerləşdirilib. Demək olar ki, bir çox xəstəliklərə uyğun dərmanları orada tapmaq olar. Saytda eyni zamanda həmin dərmanların təsir mexanizmi, əks göstərişləri və s. haqda da məlumatlar var. Müştəri qismində həmin saytla əlaqə saxladıq. Bildirdilər ki, sifarişimizin yerinə yetirilməsi üçün dərman onların şəbəkəsindəki apteklərdə mövcud olmalıdır. Gün ərzində çatdırılma qiyməti 5 manat, təcili olduğu zaman isə 10 manatdır. Dərmanların qiyməti isə adi apteklərlə eynidir. Reseptin tələb edilməsi isə sifariş edilən dərmana görə dəyişir. Əgər dərman üçün qəti surətdə həkim təyinatı varsa, o zaman resept tələb edirlər. Əks halda istənilən dərmanı sifarişlə ünvana göndərirlər.
Tibbi ekspert Adil Qeybulla qəzetimizə açıqlamasında onlayn formada dərman satışını düzgün hesab etmədiyini bildirdi. Dedi ki, bu xidmət iki formada təzahür edir. Birincisi, onlayn forma yalnız çətin tapılan dərmanların hansısa aptekdə olması haqda məlumat almaq üçün yaxşıdır. İkincisi də bu, dərmanların onlayn sifarişinə keçiddir: “Ümumiyyətlə, dərmanların onlayn satışı düzgün deyil. Dünyanın heç yerində onlayn dərman sifariş vermək olmur. Çünki dərman maddələri konkret olaraq həkim resepti əsasında buraxılır. Almaniyanın, Fransanın apteklərindən istənilən dərmanları ala bilməzsən. Bunun üçün konkret həkim resepti olmalıdır. Elə preparatlar var ki, onları xəstə həkim məsləhəti olmadan istifadə edə bilməz”.
A.Qeybullanın sözlərinə görə, onlayn aptek şəbəkəsi yalnız informasiya vermək üçün əhəmiyyətli ola bilər: “Axtarılan dərmanın hansı apteklərdə olduğunu öyrənmək üçün vətəndaşların işini asanlaşdırmaq baxımından onlayn forma yaxşıdır. Xarici ölkələrdə bu forma yalnız aptekdaxili şəbəkə olaraq inkişaf etdirilir. Amma onlayn dərman sifarişi anlamı düzgün deyil”.
Ekspert deyir ki, dərman vasitələrinin efirdə və ya digər vasitələrlə reklamı aparılmamalıdır. Çünki reklamı gedən dərmanları alanların sayı çox olur. Həkim təyinatı olmadan qəbul edilən dərmanlar isə orqanizmi təhlükəyə ata bilər: “Heç bir tibbi savadı olmayan şoumen və aparıcıların dərmanları reklam etməsi yolverilməz haldır. Təəssüf ki, bu problem bizdə yaşanmaqdadır. Dərman maddəsi reklam oluna bilməz. Bu, yalnız həkim tərəfindən tam məlumat əldə edildikdən sonra xəstələrə təyin edilə bilər. Azərbaycan bazarında isə istehsal yeri müəmmalı olan, kimyəvi tərkibinə güvən olmayan dərmanlar var. Bunlar da genofond üçün təhlükə mənbəyidir. Məsələ o qədər ciddidir ki, bununla bağlı tədbirlər planı həyata keçirilir. Azərbaycana qanunsuz dərman idxal edən firmalar bu işdə birbaşa məsuliyyət daşıyırlar. Aptek şəbəkəsində dərmanların dövriyyəsi sistemində dünyada əməl edilən qayda-qanunlara Azərbaycanda da riayət edilməlidir. Korporativ maraqlar milli maraqları üstələməməlidir. Bu, hamı üçün əsas şüar olmalıdır”.
A.Qeybulla deyir ki, onlayn olaraq xəstəliklərə uyğun dərmanların insanlara təqdim edilməsi isə heç bir halda düzgün hesab edilə bilməz. Bu, həkimlik fəaliyyətinin mənimsənilməsi cəhdidir: “İxtisas həkiminin təyinatı olmadan heç bir aptek şəbəkəsinin dərman təyin etmək ixtiyarı yoxdur. Bu gün biz nələrlə rastlaşırıq? Həkim xəstəyə dərman təyin edir, aptekdə isə onun əvəzedicisini məsləhət görüb, satırlar. Hər bir həkim yazdığı reseptə görə məsuliyyət daşıyır. Aptek şəbəkəsində o reseptə əl gəzdirmək, ona rəy vermək, xəstəni istiqamətləndirmək və sair kimi maraqlara xidmət edən müxtəlif cəhdlərin qarşısı alınmalıdır. Bu sistemdə şəffaflıq olmalıdır. Şəffaflıq təmin olunmasa, korporativ maraqlar qanunları üstələyəcək və bunlar genofonda zərbə deməkdir. Ciddi cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Həkim-terapevt Məlahət Abbasova da resept olmadan heç bir dərmanın insanlara satışını düzgün hesab etmədiyini bildirdi. O, onlayn formada dərman satışını yalnız bir halda qəbul etdiyini deyir: “Elə hallar olur ki, xəstənin və ya yaxınlarının aptekə gedib hansısa dərmanı axtarmağa vaxtları olmur. Belə olan halda internetdə dərmanın hansısa aptekdə olmasını öyrənib, sifarişlə ünvanlarına gətirilməsi normal haldır. Həm də vətəndaşların işini asanlaşdırır. Amma həkim resepti olmadan heç bir dərmanı qəbul etmək düzgün deyil. Bunun sonradan yaradacağı problemləri də düşünmək lazımdır”.
M.Abbasova deyir ki, dərmanın hansısa xəstəlik üçün yaxşı təsir göstərdiyini deyib, məsləhət görsələr belə, həkim təyinatı olmadan qəbul edilməməlidir: “Onlayn olaraq dərmanı alıb, hansısa xəstəliyin müalicəsi üçün istifadə etmək əks-göstəriş verə bilər. Həkimin təyin etdiyi dərmanı onlayn olaraq alıb istifadə etmək olar. Amma həkimin təyin etmədiyi dərmanı qəbul etmək olmaz. Çünki həkim dərmanı təyin edərkən xəstəni hərtərəfli müayinə edir. Əgər antibiotik yazırsa, o xəstənin orqanizmini yoxladıqdan sonra hansı növünü uyğun görsə, onu təyin edir. Elə dərmanlar var ki, qanı durulaşdırır, yaxud başqa nə isə təsirləri ola bilər. O dərmanları xəstəyə təyin edərkən həkim müəyyən yoxlamalar aparır. Amma hansısa dərman hansısa xəstəliyin müalicəsində istifadə edilirsə, onu bütün xəstələrə yaza bilmərik”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər