• çərşənbə axşamı, 23 aprel, 13:34
  • Baku Bakı 24°C

Dərman reklamının məhdudlaşdırılması təqdir olunur

06.02.15 05:31 1758
Dərman reklamının məhdudlaşdırılması təqdir olunur
Mütəxəssislər deyir ki, dərmanın alınıb-satılmasının bircə yolu var: həkim resept yazmalı, xəstə isə aptekdən alıb istifadə etməlidir

Ölkədə dərman preparatlarının reklamı məhdudlaşdırılacaq. Milli Məclisdə “Reklam haqqında” qanuna edilən əlavə və dəyişikliklərdən sonra Azərbaycanda dərman vasitələrinin reklamı ilə bağlı yeni qadağalar tətbiq olunacaq. Belə ki, yalnız həkim resepti olmadan buraxılan, müvafiq icra hakimiyyəti tərəfindən sertifikatlaşdırılmış dərman vasitələri, istifadəsi və tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmamış tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.
Həmçinin dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda reklamda bu barədə məlumat verilməli, həkimlə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır. Müvafiq qeyd kütləvi informasiya vasitələri ilə reklamın sahəsinin ən azı 7 faizini tutmalı, 5 saniyədən az müddətdə səsləndirilməlidir. Qanuna görə, həkim resepti olmadan buraxılan dərmanların reklamı üçün yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilə bilməz. Reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsinin istifadəsi ilə bağlı fiziki şəxslərin minnətdarlığını ehtiva etmək olmaz.
Sənədə görə, belə reklamlar zamanı sağlam insanda reklam olunan dərmanın istifadəsinin zəruriliyi barədə təsəvvür oyatmaq qadağandır. Həmçinin reklam olunan dərmanın təbii mənşəli olması, onun təhlükəsiz olmasına təminat verilməsi barədə məlumatın yayılmasına da icazə verilmir. İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərmanlar, tibbi texnika barədə yalnız tibb sahəsində ixtisaslaşdırılmış çap nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.
Mütəxəssislər isə dərman vasitələrinin reklamının ümumiyyətlə qadağan olunmasını istəyirlər. Ekspertlərin fikrincə, dərmanlar reklam edilməməlidir. Belə ki, hər xəstəliyin müəyyən müalicəsi və dərmanları var ki, onları xəstənin həkimi özü müəyyənləşdirir və təyin edir. Reklamların köməyi ilə istifadə edilən dərmanlar insan orqanizmində ciddi fəsadlar yarada bilər.
Beynəlxalq təcrübəyə gəlincə, Amerika və Rusiyada yalnız əlavə təsirlər göstərilməklə dərmanın reklamına icazə verilir. Avropada isə yalnız reseptsiz buraxılan dərmanların reklamına icazə var. Bir sıra ölkələr də var ki, dərman preparatlarının reklamı ümumiyyətlə, qadağandır.
Yalnız həkimin nəzarəti altında
Millət vəkili Musa Quliyev hesab edir ki, dərmanları qəbul edərkən mütləq həkim məsləhətləşməsi lazımdır: ”Reklam olunan dərmanların müəyyən ağırlaşmaları, yan təsirləri ola bilər. Bunlar da mütləq reklamda göstərilməlidir. Bütövlükdə dərmanın, səhiyyə sisteminin, həkimlərin gen-bol reklamının əleyhinəyəm. Çünki bu reklam vətəndaşları yanlış istiqamətə yönəldə bilər”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, dünya praktikasında da dərmanların reklamına qadağa qoyulur. Azərbaycanda isə reseptlə buraxılan dərmanların reklamı ümumiyyətlə, qadağandır: “Reseptsiz buraxılan dərmanların reklamına icazə verilir, amma Səhiyyə Nazirliyinin komissiyası bu məsələni araşdırır. Belə ki, reklamın mətni dərmanın instruksiyası ilə tam üst-üstə gəlirsə, artıq şeylər yoxdursa, etik nöqteyi-nəzərdən düzdürsə, onda icazə verilir. Yalnız Səhiyyə Nazirliyinin icazəsi alındıqdan sonra reseptsiz buraxılan dərman vasitələrinin reklamı mümkündür. Bu, onunla bağlıdır ki, insanlar yalnız reklama bel bağlayıb dərmanları alaraq özlərini müalicə ilə məşğul olmasınlar. Yəni həm dərmanın yazılması, həm də müalicə prosesi həkimin nəzarəti altında keçirilsin”.
Həkim resept yazmalı, xəstə almalıdır
Professor Adil Qeybullanın fikrincə, dərman məhsullarının reklamı nəinki məhdudlaşdırılmalı, hətta qadağan olunmalıdır: «Dərman maddəsi reklam oluna, kommersiya məqsədilə satıla bilməz. Dərman ərzaq, gündəlik tələbat vasitəsi deyil. Dünyanın bütün ölkələrində tibb müəssisələrinin, dərmanların reklamı ilə bağlı ciddi qaydalar mövcuddur. Bizdə isə bu məsələlərə ciddi nəzarət olunmur. Tibb vasitələrinin və dərmanların reklamı xalqı maarifləndirməyə xidmət etməlidir, kommersiya və pul qazanmaq məqsədilə edilməməlidir”.
Professorun sözlərinə görə, dünyanın heç bir ölkəsində adi insanlar efirdən dərman preparatlarını və tibbi müəssisələrinin xidmətlərini reklam etmirlər: “Bu məsələlər birbaşa insan taleyi və genefondla əlaqəlidir. Bəzən istifadəsinə icazə verilməyən, xəstəyə köməyi olmayan, əksinə, zərər verə bilən vasitələr də burada reklam olunur. Bu səbəbdən müəyyən müalicə metodlarının reklamı yalnız və yalnız Səhiyyə Nazirliyində və yaxud müvafiq strukturlarda reyestrə düşən və Azərbaycanda istifadəsinə icazə verilən üsullar ola bilər”.
Professorun sözlərinə görə, dərmanlar yalnız həkim resepti əsasında buraxılmalıdır: «Diqqət edin, hansısa bir dərman reklam olunur və xəstə onu aptekdən alır. Həkim resepti olmadan dərmanı qəbul edir və nəticədə hansısa bir hadisə baş verir. Dərmanların təyinatı mütləq həkim nəzarəti və resepti əsasında olmalıdır. Hər hansı bir xəstənin həkim məsləhəti olmadan aptekdən dərman alması düzgün deyil. Dərmanların bir-biri ilə antoqonist təsiri ola bilər. Təəssüf ki, bizim apteklər, kommersiya təyinatlı dərman şirkətləri yalnız dərmanların satışında maraqlıdırlar. Bu satışın hər hansı qaydaya salınmasında maraqlı görünmürlər. Bu korporativ maraqlar yüksəldiyindən yəqin ki, məhdudlaşdırıcı tədbirlər görmək zərurəti yaranıb. Amma dərman reklamı ümumiyyətlə, qadağan olunmalıdır».
Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev qanunda nəzərdə tutulan məhdudlaşdırıcı qadağanı təqdirəlayiq hesab edir: «Əvvəllər Milli Məclisin qəbul etdiyi “Əczaçılıq haqqında qanun”da dərman, süni qida qatışıqlarının reklamı qadağan olunub. Çünki dərman spesifik vasitədir. Həkim yazır və xəstə də aptekdən alıb istifadə edir». N.Quliyevin fikrincə, dərmanların reklamı yalnız qazanc məqsədilə aparılır: «Dərmanları reklam etməyə ümumiyyətlə, ehtiyac yoxdur. O dərmanları reklam edirlər ki, onlar satılmır. Dərmanın alınıb-satılmasının yeganə bir yolu var: həkim resept yazmalı və xəstə də aptekdən alıb istifadə etməlidir. Xəstələr reklam olunan dərmanı həkimin razılığı olmadan alıb istifadə etdikdə, daha pis fəsadlarla qarşılaşa bilərlər. Ona görə, dərman preparatlarının reklamı insanların səhhətinin əleyhinədir. Hansısa işbazlar bu yolla pul qazanırlar. Amma bu reklamlarla pul qazanmaq doğru deyil. Ona görə də mən qanunla tətbiq olunacaq qadağanı alqışlayıram!”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər