• cümə axşamı, 18 aprel, 08:28
  • Baku Bakı 12°C

Dərman reklamı məhdudlaşdırılır

25.06.13 09:55 2317
Dərman reklamı məhdudlaşdırılır
Səhiyyə Nazirliyi özəl tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına dair rəylərin verilməsi proseduruna başlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, artıq bundan sonra nazirliyin rəyi olmadan özəl tibb müəssisələrinin öz xidmətlərini və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklam edilməsi qanunsuz hal sayılacaq.
Məsələyə münasibət bildirən Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, nazirliyin kollegiyasının qərarı ilə təsdiq edilmiş "Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi qaydası"na əsasən, tibbi xidmətlərin və dərmanların reklamına rəy almaq istəyən şəxs Səhiyyə Nazirliyinə ərizə ilə müraciət etməlidir: “Bu qayda “Reklam haqqında qanuna” əlavə və dəyişikliklər edildikdən sonra həyata keçirilməyə başladı. Belə ki, “Özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına rəy verilməsi qaydası”na əsasən, tibbi xidmətlərin və dərmanların reklamına rəy almaq istəyən şəxs Səhiyyə Nazirliyindən icazə almalıdır”. S.Məmmədovanın sözlərinə görə, tibbi xidmətlərin və preparatların reklamını etmək istəyən şəxs nazirliyə nəyi yayımlayacaqları haqqında məlumat verən disk və ya fotoşəkil də təqdim etməlidirlər: “Ərizəyə baxılarkən tibbi xidmətlərin və dərmanların reklamı bır sıra tələblərə cavab verməlidir. Bu tələblərə əsasən, reklam olunacaq xidmətlər lisenziya ilə müəyyən edilmiş fəaliyyət növlərinə uyğun olmalı, reklam olunacaq xidmətləri göstərən tibb mütəxəssisləri qanunvericiliyə uyğun olaraq müvafiq ixtisasa malik olmalıdırlar. Bundan əlavə, dərman vasitəsi dövlət qeydiyyatına alınmış və həkim resepti olmadan buraxılan olmalıdır. Nazirliyə daxil olan ərizələr Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən araşdırılır, baxılır və məqsədəuyğun olduğu halda müəyyən proseduralar keçdikdən sonra 30 gün ərzində onlara rəy verilir. Zərurət yarandıqda həmin müddət 30 gün də uzadıla bilər”.
Xatırladaq ki, qəbul olunmuş qərardan məhkəmə qaydasında və inzibati qaydada şikayət verilə bilər.
“Dərman reklamı ümumiyyətlə qadağan olunmalıdır”
Tibb elmləri doktoru, professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, dərman preparatlarının reklamı ümumiyyətlə qadağan olunmalıdır: “Dünyanın bütün ölkələrində tibb müəssisələrinin, dərmanların reklamı ilə bağlı ciddi qaydalar mövcuddur. Bizdə isə bu məsələlərə ciddi nəzarət olunmur. İstənilən şəxs öz təbliğatını aparmaq üçün ekrana çıxıb “ağzına gələni” danışır. Tibb vasitələrinin və dərmanların reklamı xalqı maarifləndirməyə xidmət etməlidir, kommersiya və pul qazanmaq məqsədilə edilməməlidir”. Professorun sözlərinə görə, dünyanın heç bir ölkəsində adi insanlar ekranda çıxıb dərman preparatlarını və tibbi müəssisələrinin xidmətlərini reklam etmirlər: “Bu məsələlər birbaşa insan taleyi və genefondla əlaqəlidir. Bəzən istifadəsinə icazə verilməyən, xəstəyə köməyi olmayan, əksinə, zərər verə bilən vasitələr də burada reklam olunur. Bu səbəbdən müəyyən müalicə metodlarının reklamı yalnız və yalnız Səhiyyə Nazirliyində və yaxud müvafiq strukturlarda reyestrə düşən və Azərbaycanda istifadəsinə icazə verilən üsullar ola bilər. Yoxsa televiziya ekranlarından kimsə ağzına gələni danışıb reklam etsin, bu, dünyanın heç bir yerində yoxdur və hesab edirəm ki, kifayət qədər ciddi qayda-qanun olmalıdır. Bu baxımdan düşünürəm ki, Səhiyyə Nazirliyinin verdiyi qərar beynəlxalq standartlara uyğundur və başqa ölkələrdə olduğu kimi müsbət nəticələr verəcək”.
AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru Adilə Namazova bizimlə söhbətində əhalinin sağlamlığı baxımından bu addımı yüksək qiymətləndirdiyini bildirdi: “Mən hesab edirəm ki, ümumiyyətlə dərmanlar reklam edilməməlidir. Çünki, hər xəstəliyin müəyyən müalicəsi və dərmanları var ki, onları xəstənin həkimi özü müəyyənləşdirir və təyin edir. Reklamların köməyi ilə istifadə edilən dərmanlar insan orqanizmində ciddi fəsadlar yarada bilər”.
Qeyd edək ki, dünyada tibb preparatlarının reklamının qanunvericiliklə nizamlanmasının bir neçə əsas modeli mövcuddur. Məsələn, Amerikada istənilən dərmanı reklam etməyə icazə verilir, bir şərtlə ki, əlavə təsirlər göstərilsin. Ancaq, o dərmanları da həkimin resepti olmadan almaq mümkün deyil. Çünki pərakəndə satışda son dərəcə ciddi qayda-qanun var. Çox az sayda preparatlar reseptsiz satılır. Avropa modelinə görə, yalnız reseptsiz buraxılan dərmanları əhali arasında reklam etmək olar. Bir sıra dövlətlərdə isə ümumiyyətlə tibb preparatlarının reklamı qadağan olunub.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər