• şənbə, 20 Aprel, 03:53
  • Baku Bakı 15°C

“Dərin quyular”ın qurbanı olan ziyalılarımız

05.04.17 14:00 1259
“Dərin quyular”ın qurbanı olan ziyalılarımız
Bu məqaləni yazmağa başlamazdan əvvəl yadıma dahi Üzeyir bəyin "Dərin quyular” adlı məqaləsi düşdü. O, yazırdı: "Rusiya mütləqiyyətinin quyuqazan alətləri... biz müsəlmanların içində quyu qazılmağa qabil olan yerlər tapdı. Rusiya hökuməti bir o qədər zəhmət çəkmədi. Çünki bizim aramızda yaramaz əllər əvvəldən quyu qazıb, hazır qoymuşdular, o quyunu ancaq bir o qədər də dərinləşdirmək və lazım olsa, digər bir quyu qazmaq kifayət idi. Rusiya hökuməti onu da elədi, bunu da”. Bu quyulara ilk olaraq ölkənin, millətin ziyası olan ziyalılarımız düşdü. Amma elə öz əlimizlə...
Dərnəklərdə tərbiyə məsələsi inzibati prinsiplə əvəz olunur
1930-cu ildə partiyanın XVI qurultayı keçirilib. Bu qurultay SSRİ tarixinə "elliklə kollektivləşmənin həyata keçirilməsi qurultayı kimi də daxil olub”. Qurultaydan iki il sonra ÜİK (b) P MK-nın "Ədəbiyyat və incəsənət təşkilatlarının yenidən qurulması haqqında 23 aprel 1932-ci il tarixli qərarı bütün ölkədə əks-səda doğurur. Qərara əsasən, ölkənin ədəbiyyatı, mətbuatı qarşısında bir çox vəzifələrlə yanaşı, yazarların tərbiyəsi məsələsi də qoyulur. Bu məqsədlə 1932-ci ilin mayında Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti iclas keçirir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin işi "böyük qardaşı” qane etmədiyi üçün yenidən cəmiyyətin işlərini qüvvətləndirmək məqsədilə qərar qəbul edilir: "Azərbaycan Proletar Yazıçıları cəmiyyətində bolşevik özünütənqidinin qüvvətləndirilməsi, yazıçı kadrların tərbiyə edilməsi işinə böyük diqqət yetirilməsi zəruriliyi meydana çıxır”. Bu "tərbiyələndirmə” tez bir zamanda, Mərkəzin istədiyi bir şəkildə başa çatmalı idi. Ona görə ki, sovet siyasi rejimi ədəbiyyata, mətbuata ideoloji təbliğat vasitəsi kimi yanaşdığından, onun sinfi dünyagörüşü əsasında yaradılması tələbini birmənalı olaraq irəli sürürdü. Bu tələblər əsasında "tərbiyələnməyən” yazarlarımız Üzeyir bəy demişkən, "Dərin quyular”ın qurbanı oldular...
Bütün gücü ilə yazarlarını "tərbiyələndirməyə” başlayan Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin rəhbərliyi birinci növbədə Bakıda və onun bir sıra rayonlarında ədəbiyyat dərnəkləri təşkil edir. Bu dərnəklərdə tərbiyə məsələsi inzibati prinsiplə əvəz olunur və Azərbaycan yazarlarının qara günləri də elə bu gündən başlanır. Mətbuatda və ədəbiyyatda 1920-ci ilin sonlarından başlanan "proletar mətbuatı”, "proletar ədəbiyyatı” uğrunda yenidən və çox amansız bir mübarizəyə start verilir. Bu mübarizə Azərbaycanda ədəbi irsə münasibət məsələsində mürəkkəb və ziddiyyətli bir hal alır və Azərbaycan MK-nın 1925-ci il qətnaməsini xatırladırdı. 1925-ci il qətnaməsində yazılırdı: "APYC-nin üzvü olan bəzi tənqidçilər proletar yazıçılarının kəndli ədəbiyyatına və kəndli yazıçılarına rəhbərliyi məsələsini də tamamilə yanlış həll edirlər. Kəndli yazıçılar dostcasına qarşılanmalı və bizim tərəfimizdən danışıqsız müdafiə edilməlidir. Biz onları da proletar məfkurəsi relsinə keçirməliyik”. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin bəzi üzvləri bu qətnamənin əksinə çıxaraq kəndli ədəbiyyatı ilə proletar ədəbiyyatı arasında uçurum yaradırdılar.
Bu "dəvət” mərkəzdən istiqamətləndirilirdi
Beləliklə, birinin "kəndli yazar”, birinin "proletar yazar”, digərinin "burja yazar” adlandırıldığı APYC-də "tərbiyələndirmə” prosesi başlayır, nə başlayır. "Ədəbi mübahisələr”, "ədəbi ittihamlar”a çevrilir. Bir-birinə qarşı duran iki ədəbi qüvvə bir-birini "siyasi cəhətdən geri qalmış”, "bisavad” adlandıraraq, ittihamlara, böhtanlara, təhqirlərə meydan verirlər. İfşa pafosu ilə yüklənmiş bu "mübarizədə” yazarlarımız bir-birini siyasi sayıqlığını itirməkdə günahlandıraraq "tərbiyə” olunmağa dəvət edirdilər. Təbii, bu "dəvət” mərkəzdən istiqamətləndirilirdi. Professor Bədirxan Əhmədov demişkən: "...ədəbi prosesdə baş verən ən mühüm hadisələr birbaşa mərkəzə - Moskvaya bağlı idi”. Odur ki, Azərbaycanda da ədəbi prosesdəki tənqidi "dəyərləndirmələr”, "tərbiyələndirmələr” Mərkəzin siyasətini əks etdirməli olurdu.
"Tərbiyələnməyən” və siyasi rejimin ideoloji tələblərini ödəyə bilməyən yazarlarımız isə ən yaxşı halda ilk olaraq "cığırdaşlar” adlandırıldı. Ədəbi mübahisələri, ədəbi ittihamlara çevirən yazarlarımız "cığırdaşlar” arasında hakim partiyanın ideologiyasına uyğun "tərbiyə” ola bilməyən dahi Mirzə Cəlili, Hüseyn Cavidi, Əhməd Cavadı, Seyid Hüseyni və Mikayıl Müşfiqi marksizm-leninizim nəzəriyyəsini dərk edə bilməməkdə günahlandırdılar.
1934-cü ilin iyun ayının 13-də APYC-in birinci qurultayı keçirilir. Beş gün davam edən qurultay sonda "hələ də sıralarımızda zərərli məfkurələr yayanlar var və onlar ifşa edilərək sıralarımızdan çıxarılmalıdır” prinsipini irəli sürür. "Yenidən yetişməyə can atan, lakin həyatın dərinliyini tezliklə qavraya bilməyən müəyyən yazıçılarımız var. Onlar üçün müəyyən şərait yaradılmalı, kömək edilməli və onlardan heç bir şey əsirgənməməlidir”. Qurultay bu tələblə, hansı yolla olur-olsun Azərbaycan yazıçısını Şura yazarına çevirmək, marksizm-leninzm nəzəriyyəsinin təbliğatçısı olmaq üçün "tərbiyələndirməyə” can atırdı. Bəzən buna nail də olurdu. Məsələn, elə həmin qurultayda Cəfər Cabbarlı çıxışının sonunda demişdir: "Biz indiki quruluşumuzu bütün dərinliyi ilə duyaraq mənimsəməliyik. ...indiki quruluşumuzun qəhrəmanını hiss etməli, onları bütün dərinliyi ilə mənimsəməli və öz əsərlərimizdə əks etdirməliyik. Mən də vaxtilə görə bilmirdim, hiss edə bilmirdim; lakin indi görürəm, hiss etməyə çalışıram”. Mehdi Hüseyn isə "tərbiyələnməyən” qələm yoldaşlarına üzünü tutaraq tələb edirdi: "Bu gün sovet Azərbaycanının xoşbəxt həyatını vəsf etməməyə haqqınız yoxdur”.
M.Hüseynin sovet Azərbaycanını xoşbəxt adlandırdığı zamanda repressiyanın daha güclü və amansız vaxtı idi. Ədəbi ittihamların qurbanı olan təxminən 70-80 min Azərbaycan ziyalısı məhv edildi. Millətin zəka sahibləri 15-20 dəqiqəlik məhkəmələrin qurbanı oldu. "Xalq düşməni” adı ilə nə qədər ocaqlar qaraldı, evlər dağıldı.
Sovetin amansız qayda-qanunları nə qədər tətbiq edilsə də...
Bütün bu faciələrə baxmayaraq, Mərkəz öz işində idi. Siyasi rejim proletar ədəbiyyatı, mətbuatı uğrunda mübarizəni özünün ədəbi-mədəni siyasətinin baş xəttinə çevirmişdi. "Proletar ədəbiyyatı hərəkatı qarşısında duran birinci və başlıca məsələ Sosializm hücumumuzda bütün bir dövrü təmsil edən Stalin yoldaşın göstərişlərini həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir” təklifini irəli sürən RPYC tərfindən yayımlanan bu və buna bənzər saysız-hesabsız çağırışlar APYC tərəfindən müzakirəsiz və danışıqsız yerinə yetirilib. Çünki APYC- nin qarşısında bir vəzifə dururdu: Mərkəzə xoş gəlmək üçün RPYC-in bütün tələb və göstərişlərini kor-koranə yerinə yetirmək...
1938-1940-cı illərdə Azərbaycan sovet yazıcıları ittifaqının keçirdiyi yaradıcılıq konfranslarında sosialist xəlqiliyinin problemi ciddi müzakirə edildi. Amma sovetin amansız qayda-qanunları nə qədər tətbiq edilsə də, bu, "mühüm problemin” tənqidi axıra qədər davam etdirilməyib. Çox təəssüflər ki, ədəbiyyatda və sənətdə xəlqilik məsələsini təhrif edənlər də, klassik ədəbiyyatın və milli dilin əhəmiyyətini azaldan yazarlarımız da olub. Klassik ədəbi irsimizə, milli mənəvi dəyərlərimizə nihilistcəsinə yanaşan tənqidçilərimiz, yazarlarımız "tərbiyə olunanlar” idilər. Sonradan bəzi yazarlarımız onların əksəriyyətini "ən az sapıntılara yol verən marksist ədəbiyyatşünas”, "məhsuldar və ardıcıl fəaliyyətlə ədəbiyyat tariximizdə nüfuzlu bir tənqidçi”, "ədəbiyyatımızın Fərhadı”, "ədəbi döyüşlər cəngavəri”, "ədəbi gəncliyin mənəvi atası” adlandırırdılar. Amma nə yaxşı bu "tərbiyələndirmə” prosesi ədəbiyyatımızın, mətbuatımızın, ədəbi mühitimizin yüzlərlə ədibini öz əqidəsindən döndərə bilmədi. Onda bu gün klassik irsimizdən ağızdolusu, vüqarla danışa bilməzdik.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər