• cümə axşamı, 28 mart, 18:41
  • Baku Bakı 13°C

Dərgilər ədəbi prosesə nə verir?

07.08.15 09:02 1822
Dərgilər ədəbi prosesə nə verir?
Ədəbi-bədii dərgilər ədəbi prosesin ayrılmaz hissəsi kimi həmişə ədəbiyyatın inkişafına öz töhfələrini veriblər. Bu gün vəziyyət necədir? Ədəbi dərgilər, ədəbi prosesləri necə işıqlandırır? Ümumiyyətlə, prosesə təsir edə bilirlərmi? Mövzu ilə bağlı ünvanladığımız suallara cavab verən yazarların fikirləri birmənalı səslənmədi.
Azad rəqabətdən nə danışasan?
“Yazı” dərgisinin baş redaktoru Azad Qaradərəlinin fikrincə, bu gün ədəbi proses həm elektron, həm də kağız dərgilərdə az-çox əhatə olunur. Dərgilərin ədəbi prosesə təsiri olduğunu qeyd edən yazar ümumiyyətlə, ədəbi prosesi dərgilərsiz təsəvvür etmir: “Sovremennik”i yada salın. Rus ədəbiyyatına kimləri vermədi bu dərgi? Təəssüf ki, bizdə dərgilərin ən böyük problemi oxucu problemidir. Oxucu ciddi ədəbi əsər ardınca deyil, ucuz sensasiya ardınca qaçır. Mən sabah rəhbəri olduğum “Yazı” dərgisində bir aktrisanın çılpaq şəkillərini versəm, yaxud onun intim həyatından nəsə yazsam, bütün saylar əl-əl gəzəcək. Amma bu, kimə lazımdır ki? Demək, təəssüf ki, ədəbi prosesin inkişafına dərgilərin təsiri minimal dərəcədədir. Yəni hələ ki, bizim dərgilərə tələbat o dərəcədə deyil”. Yazıçının fikrincə, dərgilərin nəşrlə bağlı yeganə problemi maliyyə ilə bağlıdır: “Mən bir naşir və baş redaktor kimi buraxdığım 200 səhifəlik dərgini bilsəniz hansı əzab-əziyyətlər hesabına çap edirəm, inanmazsınız. Amma adını “azad dərgi” qoymusansa, bu əzab və əziyyətlərə də dözməlisən. Çünki bütün zamanlarda həqiqi ədəbiyyat azad sözün hesabına ərsəyə gəlib”. Bu sahədəki rəqabətin də düzgün qurulmadığını qeyd edən baş redaktor hər hansı dəyirmi masada “Yol” dərgisi haqda söhbət açılmamasından, “Yazı”dan kiminsə dəvət edilməməsindən, haqlarında bir kəlmə danışılmamasından narazıdır: “Yazı” bu gün yeganə ədəbiyyat dərgisidir ki, bütün dünyada oxunur. Yəni kağız formatından əlavə, elektron versiyamız da var”.
Əgər canlanma yaranarsa
“Avanqard” ədəbiyyat jurnalının baş redaktoru Səxavət Sahil hesab edir ki, bu gün dərgilər və portallar ədəbi prosesləri tam olmasa da işıqlandıra bilir: “Yəni hazırkı vəziyyəti qənaətbəxş saymasam da, mövcud imkanlar çərçivəsində bununla da kifayətlənmək olar. Ən çox da müstəqil dərgi və portalların fəaliyyətini qeyd etmək istəyirəm”. S.Sahil hesab edir ki, büdcədən maliyyələşən ədəbi orqanlar ədəbi prosesə heç bir təsir göstərmək iqtidarında deyil: “Əslində onlara kifayət qədər yüksək səviyyədə şərait yaradılıb. Məsələn, AYB-nin orqanı olan, büdcədən maliyyələşən “Azərbaycan” jurnalına 150 min manat civarında vəsait ayrılır. Dövlət jurnal üçün öz işini lazımınca görür, lakin jurnal rəhbərliyi heç 15 manatlıq işi də ortaya qoya bilmir. Ölkənin ən böyük ədəbi orqanı olan “Azərbaycan” təəssüf ki, ədəbi prosesdən kənarda qalıb. Hesab edirəm ki, bu cür neqativ hallar aradan qaldırılsa, prosesi daha da sürətləndirmək olar”.
Yazarın fikrincə, ədəbiyyatı, ədəbi gündəmi dərgilərsiz, ədəbi mediasız təsəvvür etmək qeyri-mümkündür. Belə ki, ədəbi dərgi ədəbiyyatın istiqamətvericisi, yönəldicisidir. Yazarlar, ədəbiyyat adamları, oxucular bu vasitələrlə yeni əsərlərdən xəbər tutur, dəgilərdə müxtəlif müzakirələr aparılır, resenziyalar, tənqidi yazılar çap olunur, bir sözlə, ədəbiyyat üçün nəfəslik rolunu oynayır: “Mövcud vəziyyətdə isə rolu artırmağa ehtiyac var, əgər canlanma yaranarsa, bu, ədəbiyyatın xeyrinədir”.
Ədəbi dərgilərin nəşrlə bağlı problemlərinə gəlincə, S.Sahilin sözlərinə görə, bu gün müstəqil ədəbi nəşrlərin ciddi problemləri var. Bu problemlər onları inkişaf etməyə, operativ olmağa və dövriliyini artırmağa imkan vermir: “Maliyyə problemləri onların fəaliyyətini məhdudlaşdırır, ədəbi prosesə təsirini azaldır. Təbii ki, burda da ən ciddi problem nəşrlərin çap olunması məsələsidir. Problem təkcə nəşrlərdə deyil, həmçinin ədəbi portallarda da mövcuddur. Hesab edirəm, dövlət bu sahədə olan problemlərin aradan qaldırılması üçün müəyyən addımlar atacaq, öz köməyini göstərəcək”.
Proseslər gec baş verir
“Dərgilər, qəzetlər, portallar ən çox təngnəfəsliyindən dolayı tərcümə materialları ilə gündəm ehtiyacını ödəməyə çalışırlar”- deyən “Doqquz iqıim” ədəbi-bədii jurnalının baş redaktoru Xanəmir Telmanoğlu hesab edir ki, əslində ədəbiyyatda gerçəkləşməsi gərəkən proseslər sanki gec baş verir: “Ən azından, 20-25 il ərzində sovet sistemindən qopan, ayrılan, öz varlığını isbatlayan bir ədəbiyyat əsrlərdir sevimli canından şarlatanlığın cinini çıxarmağa çalışan cəmiyyətə meydan oxumalıydı fikrimcə. Bugünkü “disko-dərgilər” və “pop-portallar” da ədəbazlığıyla qol-boyunlaşmış ədəbiyyatın olanından artığını ya əskiyini belinə götürəcək dərəcədən o yana keçmir. Mən bu gün bir şeir oxuyub nəyinsə eyforiyasına qapılaraq ona yaxşı deyə bilərəm. Ancaq bu söz mənim sözüm və ya bu söz qənaətim olmaz. Bu, olduqca incə məsələdir. Hətta bu yanaşma, olduqca gülüş də doğura bilər. Kənar ədəbiyyata meyillilik öyrənmək, təzə və yeni malzəmələrlə tanışlıq prinsipinə əsaslansa da, bir də yeni yaranan ədəbiyyatı tərcümə ədəbiyyatı üzərində qurmaq məncə, şüursuzluqdur”. Baş redaktor “Bəlkə də ən maraqlı, ən mükəmməl əsərləri bu adı gedən “məkanlar” sərgiləyir”- desə də “Elə isə bu dərgi və portallarda niyə o mükəmməl nümunələr elə bir estetik zövq aşılamır sizcə?”- deyə axtardığı suala da cavab verir: “Çünki bu dərgi və portalların çevrəsindəki qələmdaşlarımız o materialların, o yayımladıqları mətnlərin yaşında, səviyyəsində, ədəbi məhsulların vəd etdiyi ədəbi varidatda deyillər. Həqiqət bizim gördüklərimiz və bizim dediklərimiz deyil. Bu yerdə həqiqət var, olanların fonunda, müqabilində bizim şüurumuzda və ruhaniyyətimizdə oluşan, həyatımızda yerini tapacaq hər bir şeylə bağlı qənaətlərimizdir”.
X.Telmanoglu hesab edir ki, əslində bu gün dərgilər ədəbiyyatın, sözün, bədiyyatın yozlaşmasına, ədəbi zövq və şüurun inhisara alınmasına xidmət edir: “Belə bir yarqısız anlayış formalaşır ki, bu dərgiləri çıxaran intiligent, bu dərgilərədki materiallar intellektual, verimli yazılardır”.
Ədəbi dərgilərin nəşrlə bağlı problemlərindən danışan baş redaktorun fikrincə, bu onlardan hər hansı biri işıq üzü görməsə, ölkədə ədəbi aclıq, ya qıtlıq hiss olunmayacaq: “Yəni bu dərgilərin olub olmamasıyla, Azərbaycan ədəbiyyatı adlı bir sahibkar heç bir xəzinə itirmir. Qazanmağına gəldikdə isə, bu proses həmişə qazanc məsələsində gizli gedir: “Zamanında, vaxtında gördüyün istənilən iş oğurluqdur. Biz bu gün yaşadığımız dönəmdən, tarixdən nələr oğurlayırıq söz üçün, məcaz, metafora, poetika üçün. Ən əsası isə mif üçün. Sabah yarqılanmaq üçün üzə çıxacaq səsdən kimsənin burnu qanamayacaq. Oğru “oğurluq anında” oğrudur. Oğru qapı qırılandan sonra, içəri girəndən sonra, əlinə geçənlərdən yığışdırdıqdan sonra, aləm duyuq düşəndən sonra cinayətkar adlanır. Elə etmək lazım ki, gələcək bizləri kütləvi şəkildə həbsxanalara doldurmasın. Heç olmasa bir-ikimiz sabah da çöldə qalaq...” Rəhbərlik etdiyi dərginin ədəbi prosesdə yerindən danışan yazar “Dərgi orxan-yenisey əlifbasından, əlifbaların mahiyyətindən, Təbriz fenomenologiyasından,Təbrizin bir etnosun varlığındakı metafizikasından, ortaq dil anlayışından, türk və müsəlman dünyasının ortaq ədəbiyyat, tarix, mədəniyyət dərsliklərinin vacibliyindən, Azərbaycan ədəbiyyatındakı mövzuların mistikasından, sağdan sola yazı üsulunun var olma, düşüncə bazamıza yön verəcəyindən bəhs edirdi. Sanki bu mövzular dərginin elektron versiyasında yaşaya bilmir kimi hisslər aşılayır. Kağız sadaladığım mövzulara sanki daha çox müsaid idi”-deyə bildirir. Yazarın sözlərinə görə, hazırda bu dərgi heç bir vəsait olmadan belə, ədəbi bildiyi nümunələri çap edir: “Kitab oxumalar, Azərbaycan ədəbiyyatını başdan sona, mərhələli
şəkildə öyrənmələr bir tərəfdə qaldığı zaman, dövriyyədəki boşluqda “yad ünsürlərin” azdırıcı, təməlsiz girişimləri öz dağıdıcı, yaradıcı olmayan izlərini geniş şəkildə sürdürür. Gəl bunun qabağında dayan. O zaman, ədəbiyyat nə tərs ərsəyə gələn (doğulan) tərcümələrdən, xarici ədəbiyyatlardan doğulan, nə də Misir ehramlarının da ritmini əsilzadələr kimi qoruyan milli ədəbiyyatdan törəyən mətnlər ola bilmir. O sarıdan da günümüzün ədəbi bədii nümunələri bic təsiri bağışlayır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər