• cümə axşamı, 28 mart, 22:45
  • Baku Bakı 13°C

Dərdini açıb-ağarda bilməyən kişilər - Araşdırma

05.11.16 11:51 5702
Dərdini açıb-ağarda bilməyən kişilər - Araşdırma
"Qonşuluqda yaşayan Malik əminin səsi heç vaxt qulaqlarımdan getmir. Əvvəl yaşadığımız yerdə qonşu idik. Evdə kişi rolunu xanımı oynayırdı. Onlar hər dalaşanda anamla o qədər pis olurduq ki, Malik əmiyə yazığımız gəlirdi… Nə atam, nə də qonşuluqdakı başqa kişilər Malik əmiyə salam vermirdilər. Arvadı demək olar, hər gün onunla dalaşırdı. Divar qonşusu olduğumuzdan evdəki dava-dalaş səsini aydın eşidirdik. Hətta bir dəfə Malik əmi evə içib gəldiyindən arvadı onu döymüşdü. Həmin vaxt kişinin səsini qonşuların çoxu eşitmişdi. Özü də evə pul gətirən də Malik əmi idi. Hamı Malik əmiyə Sədaqətin arvadı deyirdi”.
Bu sözləri bizimlə söhbətində Bakı sakini Günel Quluyeva deyir. İndi ailə həyatı quran Günel ağlına belə gətirə bilmir ki, arvad kişini necə döyə bilər: "Düzdür, kişi bir az sısqa idi, amma inanmıram qadına gücü çatmasın. Çox tərbiyəli, başı aşağı, mədəni adam idi, yəqin elə xanımı bundan istifadə edirdi. Uşaqları da atalarını saymırdılar. O vaxt tam başa düşmürdüm, amma indi anlayıram ki, arvadı Malik əmini istəmirmiş, bu səbəbdən ona əziyyət verirmiş”.

Ətrafımıza nəzər salsaq, görərik ki, Malik əmi kimi kişilərin sayı heç də az deyil. Sadəcə, qadınlardan fərqli olaraq, onlar cəmiyyyətdən gizlənir, xanımları tərəfindən döyüldükləri, söyüldülkləri, təhqir olunduqları, alçaldıqları zaman "ürəklərini” heç kimə aça bilmirlər. Nəticədə Azərbaycan cəmiyyətində belə bir fikir formalaşır ki, məişət zorakılığına məruz qalanlar yalnız qadınlardır. Faktlar nə deyir? Sualımıza aydınlıq gətirmək üçün yola çıxdıq…


Məişət zorakılığı nədir?

Qeyd edək ki, 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və həmin qanun məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi, eləcə də məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsini nəzərdə tutur.
"Məişət zorakılığı” əsasən fiziki, psixoloji, iqtisadi və cinsi baxımdan ola bilər.
Fiziki zorakılıqda söhbət döyülməkdən gedir. Psixoloji zorakılıqda insan özünə qəsd həddinə qədər çatdırıla bilər. İqtisadi zorakılıq - evi maliyyələşdirən bir nəfər hegemon qüvvəyə çevrilir və digər ailə üzvlərini özündən iqtisadi baxımdan asılı vəziyyətə gətirərək bundan sui-istifadə edir. Cinsi zorakılıqda isə söhbət zorlanmadan gedir.

Döyülən kişilər azdır, amma var

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bizimlə söhbətində bildirdi ki, qadınların döyülməsi ilə müqayisədə kişilərin fiziki zorakılığa məruz qalması hədsiz dərəcədə azdır: "Belə faktlar azdır, amma qarşılaşmışıq. Məsələn, bir dəfə qarşılaşdığımız faktda qadın kişini baltalamışdı. Səbəbini öyrəndik. Məlum oldu ki, qadının səbri tükənəndə bu yola əl atır. Qadın hansısa səviyyəyə kimi özünün döyülməyinə, söyülməyinə dözür, səbr kasası bitəndə isə baltanı əlinə alıb kişini öldürür”.
E.Səfərov məişət zorakılığının təkcə fiziki zor tətbiq etmə ilə bitmədiyini deyir: "Kişilər etiraf edir ki, qadınlar tərəfindən onlara psixoloji zorakılıq çox olur. Amma təəssüflər olsun ki, nə kişilərin, nə də qadınların, pxixoloji zorakılıqla bağlı statistikasını öyrənə bilməmişik”.

Statistika

Statistika Komitəsinin rəsmi saytından əldə etdiyimiz məlumata görə, 2015-ci ildə 995 nəfər məişət zorakılığı cinayətləri nəticəsində zərər çəkib. Onlardan 201-i kişilərdir. Kişilərdən 15 nəfəri (qadınlardan 33 nəfər) məişət zorakılığı nəticəsində öldürülüb, 6 nəfəri isə özünü öldürməyə cəhd edib. Ötən il ərzində 9 qadının, 14 kişinin sağlamlığına məişət zəminində qəsdən ağır zərər vurulub.
Məişət zəminində baş verən hadisələrin heç də hamısı ailədən kənara çıxmadığını nəzərə alsaq, real rəqəmin Statistika Komitəsiin açıqladığı rəqəmdən dəfələrlə böyük olduğunu demək olar.
Amma yuxarıdakı statistikaya baxıb 201 qadının kişilərə zorakılıq tətbiq etməsi qənaətinə gələ bilmərik. Məişət zorakılığı nəticəsində zərər çəkən 201 kişinin heç də hamısı qadınlar tərəfindən zorakılığa məruz qalanlar deyil. Statistika Komitsinn məlumatında zorakılıq edənlərin cinsi yazılmadığından belə qənaətə gəlmək olar ki, aralarında oğlanları, qardaşları, ataları tərəfinfən məişət zəminində zorakılığa məruz qalan kişilər də var.

Kişini döyənlərin qanunla cəzası

Bəs yaxınlarını məişət zorakılığına məruz qoyanların cəzalandırılma mexanizmi necədir?
VHS Consulting Hüquq MMC-nin direktoru Vüqar Səfərli şəxsi təcrübəsində kişilərin məişət zorakılığına məruz qaldığı üçün hüquqi yardım almaq hallarına rast gəlməyib. Amma belə halları istisna etmir: "Məsələyə qanunvericilik baxımından yanaşdıqda, məişət zorakılığını törədən şəxsin cəzalandırılması zamanı cinsi ayrı-seçkiliyə yol verilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində məişət zorakılığı ayrıca cinayət əməli kimi və ya digər cinayət əməlində ağırlaşdırıcı hal kimi nəzərdə tutulmur. Daha dəqiq desək, qanun, məişət zorakılığına yol vermiş şəxslərin Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayətlərə uyğun cəzalandırılmasını nəzərdə tutur. Əlbəttə, əməl, kontekstindən asılı olaraq, müxtəlif növ cinayət əməli katerqoriyasına aid edilə bilər. Nəzərə alsaq ki, məişət zorakılığı haqqında qanun "məişət zorakılığını” qismən "qəsdən fiziki və mənəvi zərər vurma” kimi müəyyən edir, məişət zorakılığı ilə əlaqədar əksər cinayətlər Cinaəyt Məcəlləsinin VIII Bölməsinin (şəxsiyyət əleyhinə olan cinayətlər) altına düşür”.

Qanundakı boşluq

Hüquqşünas Ellada Bayramova deyir ki, ortada fiziki zorakılıq olanda, bədənə xəsarət ediləndə, ölüm halları baş verəndə qanunlar yaxşı işləyir, cinayətkar cəzasını alır: "Amma bilirik ki, bu gün kişilərə qarşı mənəvi psixoloji zorakılıq daha çoxdur, nəinki fiziki zorakılıq. "Sən kişi deyilsən”, "biqeyrətsən, qazanıb gətirə bilmirsən”, "ailənə baxa bilmirsən” kimi psixoloji təhqirlərlə rastlaşan kişilərimiz az deyil. Fiziki işgəncənin yeri sabahısı gün sağala bilər, amma ən böyük cinayət mənəvi zorakılıqdır. Dayanmadan eyni şey hər gün təkrar olursa, o adam psixoloji cəhətdən cinayətkara çevrilə, adam öldürə, yaxud intihara əl ata bilər. Ölüm həddinə çatdırılma deyə bir şey var. Bu, bir il ərzində də, beş il ərzində ola bilər. Bu müddət ərzində insana psixoloji-mənəvi təzyiq göstərilərsə, həmin insan sonda özünə qəsd edə bilər. Hesab edirəm ki, bununla bağlı qanunda böyük dəyişiklik olmalı, bu məsələlər ciddiyə alınmalıdır. Çünki mənəvi, psixoloji zorakılıqdan pis heç nə yoxdur. Amma təəssüflər olsun ki, "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda mənəvi zorakılıq edən ailə üzvünə hansı cəzanın verilməsi ilə bağlı bir cümlə belə yoxdur”.
Hüquqşünasın sözlərinə görə, əgər mənəvi zorakılıqla bağlı məhkəməyə kimsə müraciət etsə, o, məhkəməni mütləq uduzacaq: "Mən öz təcrübəmdə də, həmkarlarımın təcrübəsində də bununla qarşılaşmışam. Çünki qanunda mənəvi, pxisoloji zorakılıqla bağlı hissədə böyük boşluq var. Təəssüflər olsun ki, heç bir cinayət olmadıqda, mənəvi təzyiqə görə Azərbaycanda kiminsə kimisə məhkəməyə verib, qalib gəlməsi mümkün deyil”.
Qeyd edək ki, qanunda bildirilir ki, "Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
E.Bayramova deyir ki, qanunun bu hissəsi işləmir: "İstər qadın, istərsə də kişi mənəvi, psixoloji basqıya məruz qalması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları sayılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yaxud rayon icra hakimiyyətlərinin tərkibindəki Qəyyumluq şöbələrinə müraciət etsə, heç birində işinə baxılmayacaq. Ola bilsin ki, ən yaxşı halda mənəvi işgəncəyə məruz qalan insan üçün psixoloq təyin etsinlər. Amma elə psixoloq təyin edirlər ki, psixoloqun özünün köməyə ehtiyacı olur. Ümumiyyətlə, qanunun mənəvi zorakılıqla bağlı hissəsi işləmir. Belə məsələlərlə bağlı dəfələrlə qanunda göstərilən müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmişm, amma heç bir nəticəsi olmayıb. Bu qurumlar xəstə vəziyyətdədir. Vəziyyət nə qədər bu cür davam edərsə, həm qadınların, həm də kişilərin məişət zorakılığından əziyyət çəkməsi nəinki davam edəcək, hətta çoxalacaq”.

"Kişilər daha çox təzyiqə məruz qalır”

Psixoloq Rövşən Cavadov deyir ki, bu gün Aəzrbaycan ailələrində kişilər qadınlardan daha çox təzyiqə məruz qalır: "Başqa cəmiyyətlərdə kişilər problemlərini dilə gətirib bir az yüngülləşirlər. Avropa ölkələrində, elə qonşu Türkiyədə kişilər üçün sığınacaq evləri var. Ailəsi tərəfindən mütəmadi olaraq alçaldılan, mənəvi təzyiqlərə məruz qalan kişilər həmin sığınacaqlara gedir, orada psixoloji müalicə alırlar. Azərbaycanda kişilərimiz nadir hallarda xanımları tərəfindən fiziki şiddətə məruz qalsalar da, mənəvi təzyiqlə rastlaşanlar həddən artıq çoxdur. Çünki bizdə yazılmamış qanuna görə, evin maddi tələbatını mütləq kişi qarşılamalıdır. Qadının işləmək imkanı olsa belə, yenə də evə pul gəlməyəndə, yaxud az gələndə günahkar kişi olur. Psixoloq olduğuma görə ətrafımda mənə dərdini danışan kişilər çoxdur. Onların ən böyük problemi ailədə mənəvi zorakılığa məruz qalmalarının cəmiyyətdə qabardılmaması, hamı kimi, onların da bu dərdi içlərinə salaraq yaşamalarıdır. Bəlkə məsələ qabardılsa, kişilərimiz də qadınlarımız kimi ürəkli olar, psixoloqlara, müxtəlif insan haqları ilə bağlı qeyri-hökumət təşkilatlarına müraciət edərlər”.

Lalə MUSAQIZI

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Gender hüququ: qanunvericilik və təcrübə” mövzusuna elan etdiyi müsabiqəyə təqdim olunur.
banner

Oxşar Xəbərlər