• cümə axşamı, 28 mart, 22:49
  • Baku Bakı 13°C

Dərdə şərik olmaq, yoxsa reytinq qazanmaq?

26.09.18 09:30 1308
Dərdə şərik olmaq, yoxsa reytinq qazanmaq?
Televiziyalar evlərimizin daimi qonaqlarıdır. İstəsək də, istəməsək də, bu qonaq hər an qapımızı döyür, hətta yeri gələndə evimizin ən əziz sakininə çevrilir. Ancaq bəzən orda gördüklərimiz bizi çox məyus edir. Bu məyusluq sosial şəbəkələrə ayaq açır, böyüyür, müzakirə olunur və hələ də öz həll yolunu tapmır ki, tapmır...
Sözümün canı ondadır ki, son zamanlar efirdə, sosial şəbəkədə əməkdar artist, hər zaman pozitiv görməyə alışdığımız Tünzalə Əliyevanın ağlayan və tamaşaçılardan yardım istəyən videoları ilə rastlaşırıq. Həmin görüntülər o videonu izləyən hər kəsin ürəyini parçalayır. Aktrisanın qızına sarılaraq onun necə böyüdüyünü görməyəcəyini, qızı Zəhranın kiçik yaşından anasız qalacağını fəryad etməsi isə təsirsiz ötüşən səhnə deyil. Onu bir ana kimi anlayırıq və yerində olmağı heç istəməzdik. Bu, məsələnin bir tərəfidir. Ancaq efirə tanınmışları dəvət edib, onların zəif damarlarını tutaraq hissləri ilə oynanılmasının nə dərəcədə normal hal olması sosial şəbəkənin əsas gündəminə çevrilib. Aktrisanı hər gün efirə çıxararaq ağladıb, həmkarları tərəfindən ona verilən pulların miqdarının deyilməsi bir aktrisa kimi onun qüruruna təsir etmirmi, obrazları ilə gözümüzdə göylərə qaldırdığımız o aktrisanı birdən-birə ayaqlar altına sərmirmi? Bu mövzu sosial şəbəkələrin gündəmindədir. Aktrisaya haqq qazandıranlar da var, onu qınayanlar da. Bunun yaxşı və pis tərəfləri var və bilirik ki, sevərək izlədiyimiz komediya aktrisamıza yardım olunur və bu onu az da olsa sevindirir. Onu da bilirik ki, aktrisa belə verilişlərdə daxilən nələr çəkir...
Mövzu ilə bağlı ekspertlərimizə müraciət etdik. Onların da fikirləri birmənalı deyil.
Əməkdar artist Məlahət Abbasova məsələyə öz kəskin etirazını bildirmişdi. Aktrisa verilişin xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ilə reytinq qazanmağa çalışdığını vurğulamışdı.O bildirmişdi ki, aktrisanın efirə çıxarılması düzgün deyil: "Tünzalə Əliyevaya yardım etmək istəyirsinizsə, onu bu qədər stressə soxmaq lazım deyil. Yaşadığı hər stress ona ziyandır. Tünzalə xanımın əhval-ruhiyyəsini yüksəltmək, ürək-dirək vermək lazımdır. Kameralar qarşısında onu bu qədər aciz göstərmək, ağlatmaq və stressə soxmaq ən böyük pislikdir. Tünzalə Əliyevanın xəstəliyindən reytinq qazanmasınlar, günahdır. Tünzalə xanımı kameraların qabağında yazıq vəziyyətində görüb, həmin görüntülərə rəy yazdım. Mən bu xəstəliyə qarşı çox həssasam. Bu cür xəstələrin mütləq əhval-ruhiyyəsi yaxşı olmalıdır. Verilişə gələn məşhurlar onu qucaqlayıb ağlayırlar. Mən əslində həmin məşhurlara etirazımı bildirmişəm. Nə olar, Tünzaləni ağlatmayın! Türkiyədə qucaqlaşıb ağlamırlar, yardım konsertləri təşkil edirlər, pul toplayırlar”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azadinforum” saytının baş redaktoru Niyaz Niftiyev mövzu ilə bağlı fikirlərini bölüşərkən ictimaiyyət qarşısında insanları bu qədər aşağılamağın və acınacaqlı vəziyyətdən sui-istifadə etməyin əleyhinə olduğunu vurğuladı: "Xüsusən də Tünzalə xanımın efirə azyaşlı övladını gətirməsi doğru deyil. Bilirsiniz ki, azyaşlıların bu kimi hallardan uzaq tutulması vacibdir. Bir verilişdə mən onun övladını da gətirdiyini müşahidə etdim. Bu həm media və teleradio haqqında qanunlara, həm də uşaq hüquqları ilə bağlı bütün beynəlxalq konvensiyalara ziddir. Bir tanınmış şəxsin ölkə ictimaiyyəti qarşısında bu şəkildə alçaldılması istənilən halda yolverilməzdir. Xüsusən də yardım kampaniyalarının aparılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Dövlətimiz həmişə bu kimi məsələlərə həssas yanaşıb. Xüsusilə sənət adamlarına qayğı göstərilir. Biz buna neçə sənətkarın timsalında da şahid olmuşuq. Düşünürəm ki, medianı işi yardım kampaniyası aparmaqdan ibarət deyil, tamaşaçıları maarifləndirməkdir. İctimaiyyəti bu kimi məsələlərdə daha diqqətli olmağa dəvət edirəm. Yardımın tələb olunacağı sahələrin hamısı diqqətə alınmalıdır. Kimsə kömək istəyirsə, bunu ictimaiyyətin qarşısında alçaldıcı şəkildə etməməlidir. Hər kəs onun evini, ünvanını, müalicə aldığı xəstəxananı tanıyır. "Sağ əlin verdiyini sol əl bilməməlidir” məsəlində olduğu kimi”.
N.Niftiyev təəssüf hissi ilə qeyd etdi ki, televiziyalarımız bu ənənəni illərdir davam etdirirlər: "Bəzən bu məsələnin şəffaflığına tamaşaçı şübhə edir. Yardımlaşmaq çox gözəl bir təşəbbüsdür. Amma bu şəkildə heç də yaxşı deyil. Bu həmin xəstə üçün əlavə zərbə, stresdir”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyir ki, ümumilikdə Şura verilişlərdə insanların problemləri üzərində şou yaradılması ilə bağlı halları doğru hesab etmir: "Təəssüf ki, bir sıra sosial problemlərə həsr olunmuş verilişlərdə bu var. Tək sizin qeyd etdiyiniz verilişdə deyil, digər kanallarda da belə hallar müşahidə olunur. Lakin əgər həmin verilişlərdə, konkret olaraq "Bizimləsən" verilişində həqiqətən də köməyə ehtiyacı olan birisinə, xüsusilə cəmiyyətdə tanınan incəsənət nümayəndəsinə yardım edilibsə, bu, alqışlanmalıdı. Verilişlərə cəmiyyətdə nümunəvi olmayan insanları - falçıları, "ekstrasens"ləri və s. çıxararaq onların qeyri-etik davranışları, efir etikasına zidd hərəkətləri, ifadələri üzərində reytinq qazanmaqdansa, heç olmasa kiməsə az-çox köməyi dəyən veriliş daha faydalıdır”.
Televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoruElçin Əlibəyli də mövzu ilə bağlı açıqlamasında sənət adamlarına yardım etməyin pis bir hal olmadığını bildirdi: "Tünzalə xanıma edilən yardımı təqdirəlayiq hesab etmək lazımdır. Cəmiyyətimiz xüsusilə bu məsələyə həssas yanaşır. O verilişdə təkcə sənət adamlarına deyil, eyni zamanda adi insanlara da kömək edilir. Televiziyanın bu missiyası çox yaxşı qiymətləndirilməlidir. Uzun müddətdir ki, belə verilişlər nəticəsində bir çox insanlara yardımlar göstərilir, şəfa tapmaq üçün həmin verilişlərə müraciət olunur. Burada söhbət əməkdar artistdən getmir. Bu məsələ insanlıq stereotipləri, humanizm baxımından yüksək dəyərləndirilir. Amma başqa bir məsələ var ki, sosial şəbəkələrdə Tünzalə xanımın məsələsi qıcıq yaratdı və birmənalı qarşılanmadı. O da əsassız deyil. Çünki maddi baxımdan hər kəs onun hansı imkana malik olduğundan xəbərdardır. Hər halda buna qədər müəyyən paylaşımlar etmişdi. Onun xına şirkəti var, durmadan seriallara çəkilir, bahalı maşında gəzir, mənzili var. Tamaşaçılar bunu bilir və həmin xanım efirə çıxaraq müalicəyə ehtiyac olduğunu deyir. Tamaşaçılar məhz bunu yaxşı qarşılamadılar. Azərbaycanda həmin xəstəlikdən əziyyət çəkən, yataqda olan incəsənət nümayəndələrimiz var ki, onlar heç xəstəliklərini dilə gətirmirlər, ancaq onların həqiqətən yardıma ehtiyacları var. Azərbaycan mədəniyyətinə xidmət etmiş insanlar var ki, onlar xəstəlik nəticəsində ölür, biz ancaq bundan sonra xəbər tuturuq ki, filankəsin bu xəstəliyi varmış. Cəmiyyət bunu da birmənalı qarşılamır. Bu verilişin insanları xoş mərama, mərhəmətə dəvət etməsi əlbəttə ki, yaxşıdır. İmkanlı adamların bu prosesə qoşulması yalnız sevindirici ola bilər”.
Sosioloq, Sağlam Cəmiyyət ictimai birliyinin sədri Lalə Mehralı mövzunun çox həssas olduğunu deyir: "Bu xəstəliyin gətirdiyi dəhşətin nə olduğunu bilirəm. Düzdür, kənardan baxanda döyüş insana asan gəlir. İnsana elə xərçəng xəstəliyinin adının vahiməsi bəs edir. Tünzalə xanımın nələr yaşadığını, nələr çəkdiyini az da olsa təxmin edə bilirik. Ancaq bu, əsas vermir ki, o, ikinci evinin kredit pulunu tamaşaçıların hissi, duyğusu ilə oynayaraq əldə etsin. Onun müalicəsinə lazım olan məbləği dövlət təmin edib. Həmin xanımın bu baxımdan pula ehtiyacı yoxdur. Kiminsə efirdə insanların hissi, duyğusu ilə oynamasında televiziyanın rolu böyükdür. Bilirik ki, televiziyalar bu işdə çox maraqlıdır. Azyaşlı qızını efirə çıxarıb onu qoxulaya-qoxulaya ağlaması ürəyimi parçalayır. Mənim də təxminən o yaşda övladım var və mən də özümü onun yerinə qoyuram. Onun keçirdiyi hissləri təxmin edə bilirəm. Amma o, efirdə xəstəliyi üçün kimdənsə kömək istəmir. İkinci evinin ödənişi üçün müraciət edir. O, evini uzunmüddətli ipotekaya götürəndə bu hadisənin başına gələcəyini bilmirdi. Bir yandan baxanda öz övladının gələcəyi üçün indi bu addımı atır. Amma o ev olmasa belə, onun övladının gələcəyini təmin edən hazırda bir mülkü var. Bu addımı mən o xanıma yaraşdırmadım”.
L.Mehralı Tünzalə Əliyevanı efirlərdən izlədiyini və izlədiyi qədər də pozitiv bir xanım kimi tanıdığını deyir: "Tünzalə xanım həyat dolu, yaşam mübarizəsi verə biləcək bir xanımdır. Ancaq onu orada saatlarla ağlatmaq, insanlara müraciət etdirtmək cəmiyyət tərəfindən qəbul olunan deyil. Həmin mühitdə sağlam insan da xəstələnər. O kadrları görəndə mənim içimdən nəsə qopdu. Onun yüksək pozitiv bir mühitə ehtiyacı var, nəinki efirdə saatlarla oturub ağlasın və kimdənsə dəstək gəlməsini gözləsin. Mən həmin xanıma olunan dəstəyin əleyhinə deyiləm. O uşağın istismar olunmağına və minlərlə xərçəng xəstəsindən hansınınsa müalicəsinə yönəldilə bilinəcəyi halda, həmin məbləğin ipoteka evinə ödənilməsinə qarşıyam. Onkologiya mərkəzində həyatı ipdən asılı olan körpələr, gənclər var. Allah hamısına şəfa versin. Heç kim istəməz ki, hansısa uşaq anasız qalsın, hansısa ana övladının böyüməsini görməsin. Mən Tünzalə xanımı o mühitdə heç görmək istəməzdim. Onun çox sağlam həyat yoldaşı var. Əgər düşünsək ki, tək qadındır, həyat yoldaşı yoxdur, xərçənglə təkbaşına mübarizə aparır, onda onu başa düşmək olardı”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında Azərbaycanda müalicəsi mümkün olmayan xəstəliyin olmadığını deyib: "Bu gün tibbi-texniki imkanlar bütün xəstəlikləri müalicə etməyə imkan verir. Elə xəstəliklər var ki, tibb elmi bunun qarşısında acizdir və belə xəstəliklərin sayı çox deyil. Belə xəstələrdən istifadə etmək vicdansızlıqdır”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər