• cümə, 19 Aprel, 08:38
  • Baku Bakı 13°C

Deputatların maaşları artırıldı

17.12.13 16:43 1480
Deputatların maaşları artırıldı
Milli Məclisin dekabrın 17-də keçirilən iclası spiker Oqtay Əsədovun təbriki ilə başladı. Milli Məclis sədri deputatları “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sənədinin imzalanması münasibətilə təbrik etdi: “Bu layihə xalqımızın rifahında öz müsbət təsirini göstərəcək. Bu müqavilə 21-ci əsrin müqaviləsidir”.
Deputat Əli Məsimli də öz çıxışında bu müqaviləni “Əsrin müqaviləsi” ilə müqayisə etdi. “Əgər “Əsrin müqaviləsi” 20-ci əsrin müqaviləsidirsə, bu gün imzalanan bu layihə də 21-ci əsrin müqaviləsidir. Bu müqavilə təkcə iqtisadi uğurlar daşımır, həm də müstəqilliyimizə real məzmun vermək istiqamətində bir addımdır. Azərbaycan həm Avropanı qazla təmin edəcək, həm də əsas problemi olan enerji təhlükəsizliyini təmin edəcək” - deyə, o əlavə etdi.
Millət vəkili Zahid Oruc parlamentin dünən keçirilən iclasında Türkiyə xarici işlər nazirinin Ermənistana səfərinə toxundu. Millət vəkili dedi ki, iki rayonun qaytarılması və Azərbaycanın müəyyən maraqlarının qorunması və sair barədə deyilənlər Azərbaycanın maraqlarına uyğun deyil. “Hesab edirəm ki, Türkiyə bu məsələ ilə bağlı izahat verməlidir”, - deyən Z. Orucun fikirlərinə Milli Məclisin sədri Oqtay Əsədov etiraz etdi: “Ay Zahid müəllim, Türkiyə nə izahat verməlidir? Vaxtilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu parlamentdə dedi ki, Qarabağ problemi həll olunmadan Türkiyənin Ermənistanla münasibətlər qurması mümkün deyil. Siz o ara sözlərə fikir verməyin”.
İclasda Milli Məclisin sədrinin maaşının 1950 manatdan 2250 manatadək artırılması təklif edildi. Bununla əlaqədar «Milli Məclisi deputatlarının statusu haqqında» qanuna dəyişiklik edildi. Buna müvafiq olaraq sədr müavinlərinin və deputatların maaşları da artırılacaq.
MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dedi ki, sədr müavinlərinin, deputatların maaşları da sədrin maaşının 90-75 faiz arasında nisbətində hesablanır və təbii ki, sədrin maaş artımı həm də deputatların maaş artması deməkdir.
O bildirdi ki, bu 2250 manat vergilər çıxılmadan olan rəqəmdir: “Bundan 14 faiz gəlir, 3 faiz Sosial Müdafiə Fondunda və 2 faiz Həmkarlar İttifaqına çıxılmalıdır. Yəni daha dəqiq rəqəm 1822 manat təşkil edəcək”.
2008-ci ildən indiyədək deputatların maaşlarında artım olmadığı deyən parlamentin digər komitə sədri Ziyad Səmədzadə də öz çıxışında bildirdi ki, artım olmalıdır.
İclasda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, əlavədə Azərbaycanda qeyri-hökumət təşkilatı yaratmaq istəyən əcnəbilərə şərt tətbiq olunacaq. Qanunun 7.5-ci maddəsinə edilən əlavəyə əsasən, əcnəbilər ölkədə təşkilat yaradarkən mütləq özlərinə müavin olaraq Azərbaycan vətəndaşı götürməli olacaqlar. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir.
Digər dəyişikliyə əsasən, Azərbaycanda ləğv olunan qeyri-hökumət təşkilatları əmlaklarını hansı məqsədlərə sərf edəcəkləri barədə dövlətə rəsmi bilgi verməli olacaqlar. QHT ləğv edildikdə, öz əmlakının müvafiq məqsədlərə yönəldilməsi barədə məlumatları və bunu təsdiq edən sənədləri hüquqi şəxslərin dövlət reyestrinə daxil olunması üçün müvafiq icra hakimiyyəti orqanına (Ədliyyə Nazirliyi) təqdim etməlidir.
Müzakirələrdə çıxış edən millət vəkili Siyavuş Novruzov bildirdi ki, sırf şəffaflıq məqsədilə edilən bu dəyişiklərə etiraz edənlərə tək bir sual var: “Sizin fəaliyyətiniz şəffafdırsa, onda nədən qorxursunuz?” O qeyd etdi ki, bu qruplar ömrü boyu şəffaflıqdan danışır, amma şəffaflıq məsələsi gələndə hay-küy salınır ki, QHT-lər sıxışdırılır: “Burada məqsəd xarici mənbələrdən pul alıb ölkə əleyhinə fəaliyyət göstərən QHT-lərin qarşısını almaqdır. Burda siyasi partiyalarla bağlı məsələ səsləndi. Azərbaycanda bir sıra partiyalar var ki, QHT-lər vasitəsilə beynəlxalq təşkilatlardan maliyyə alıb hökumət əleyhinə fəaliyyət göstərir. Onlar vergi sənədlərində sıfır göstərirlər. Amma rəngləri günü-gündən açılır, çəkiləri çoxalır, cangüdənlər və 30-40 işçi saxlayırlar. Fəaliyyətlərini və gəlirlərini göstərmirlərsə, bunlar nə ilə yaşayırlar?”
Qərargah məsələsi ilə bağlı dəyişikliyə gəldikdə, S.Novruzov dedi ki, burda söhbət yeni yaradılan siyasi partiyalardan gedir: “İkincisi, dövlət heç bir təşkilat qarşısında öhdəlik götürməyib ki, ona qərargah verəcək. Get yer götür, icarə haqqı ödə fəaliyyət göstər, hələ bir dövlətin siyasətinə qarşı mübarizə apar, hökumət də səni qərargahla təmin etsin. Kim qanun çərçivəsində fəaliyyət göstərmək istəyir, buyursun. Kim istəmirsə, o da qanun qarşısında cavab verməlidir. Harda bir iğtişaş baş verirsə, QHT nümayəndəsi ordadır - sənin orda nə işin var? Misal üçün, REAL hərəkatının nümayəndəsi, sənin orda nə işin var? Kənardan izlə, bax, gör nə olacaq. İndi məhkəmə o işə baxır və müəyyənləşdirəcək ki, onun orda nə işi var idi”.
Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olundu.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər