• cümə axşamı, 25 aprel, 04:19
  • Baku Bakı 19°C

Deputatlar Vyanada Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak ediblər

01.07.16 17:26 1273
Deputatlar Vyanada Krans Montana Forumunun  27-ci illik sessiyasında iştirak ediblər

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev iyunun 29-dan iyulun 1-dək Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak ediblər.
Müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə Enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, Təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi, İqtisadi cinayətkarlığa qarşı mübarizə, Fövqəladə halların idarə edilməsi, Parlamentlər və dinlər arasında qlobal dialoqun təşviqi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Forumda Eldar İbrahimov aqrar-sənaye sahəsində inkişaf, investisiya, iqlim dəyişikliyi və onların ətraf mühitə təsiri mövzusunda müzakirələr zamanı çıxış etmiş və bu barədə fikirlərini bildirib.
Həmçinin, forumda çıxış edən Ağalar Vəliyev ilk öncə İstanbulun Atatürk hava limanında baş vermiş terror aktı ilə əlaqədar həlak olanların ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı vermiş və terror aktını qətiyyətlə pisləyib.
Azərbaycanın müstəqillik dövründə sürətli iqtisadi inkişafı və uğurla həyata keçirilən neft-qaz strategiyası məsələlərinə toxunan Ağalar Vəliyev qeyd edib ki, zəngin karbohidrogen resurslarına malik ölkəmiz Avropa ölkələrinin enerji resursları ilə təmin edilməsində fəal iştirak edir: "Azərbaycanın təşəbbüsü sayəsində regionda irimiqyaslı neft-qaz və infrastruktur layihələr həyata keçirilir. 1994-cü ildə, müstəqillik əldə etdikdən sonra cəmi üç ildən sonra "Əsrin müqaviləsi” imzalandı və Azərbaycan dünya neft şirkətləri ilə bu cür müqavilə imzalayan ilk postsovet ölkəsi oldu. Bu müqavilədə 8 ölkədən 13 şirkət iştirak etdi və ölkəmizin tarixində Xəzər dənizində beynəlxalq əməkdaşlıq prosesinə başlanıldı. Hazırda Azərbaycanın neft məhsulları Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən Bakı-Supsa-Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri ilə ötürülür.
2006-cı ildən başlayaraq Azərbaycan, həmçinin Türkmənistan və Qazaxıstan neftinin dünya bazarlarına fasiləsiz çatdırılmasında böyük əhəmiyyəti olan əsas ixrac boru kənəri olan Bakı-Tbilisi-Ceyhan fəaliyyət göstərir. "Əsrin müqaviləsi” iqtisadi, geostrateji və siyasi dividendlərdən başqa, Azərbaycana tərəfdaş ölkələrin və Avropanın və dünyanın başqa ölkələrinin enerji təhlükəsizliyinə mühüm töhfə verməsinə imkan yaratdı. Bununla da Azərbaycan özünü dünya bazarında enerji resurslarının etibarlı tədarükçüsü kimi tanıtdı”.
Ağalar Vəliyev vurğulayıb ki, on ilə yaxındır ki, Şah-Dəniz layihəsi çərçivəsində çıxarılan Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə nəql edilir: "Azərbaycan Prezidenti, çox hörmətli cənab İlham Əliyevin səyi sayəsində hazırda Cənub qaz dəhlizinin tikintisi qrafiki üstələməklə gedir. TANAP (Transanadolu) qaz kəmərindən ibarət olan bu dəhliz vasitəsilə Azərbaycandan gələn qaz Gürcüstan vasitəsilə Türkiyəyə veriləcək, sonra estafeti TAP (Transadriatik) qaz kəməri qəbul edəcək və onu Yunanıstandan, Albaniyadan, Adriatik dənizindən nəql edərək İtaliyada qurtaracaq. Azərbaycan qazını ilk növbədə İtaliya, Yunanıstan və Bolqarıstan şirkətləri alacaq, gələcəkdə isə Avropanın digər ölkələri də əldə edəcək”.
Komitə sədrinin müavini forum iştirakçılarının diqqətinə çatdırıb ki, enerji istehsalı labüd olaraq təbii resurslardan istifadə ilə bağlıdır ki, bu da ətraf mühitə zərərli təsir göstərir. "Bununla əlaqədar olaraq, respublikamızda eyni zamanda, ərtaf mühitin mühafizəsi üçün təsirli tədbirlər həyata keçirilir. Azərbaycanın böyük enerji resursları ehtiyatına malik olduğuna baxmayaraq, əlverişli ətraf mühitin təmin edilməsi məqsədilə tükənməyən və ekoloji təmiz enerji mənbələrinin işlənməsinə fəal daxil olmuşdur. Bu məqsədlə, Alternativ enerji mənbələri agentliyi yaradılmış və respublikanın hər bir ərazisi üçün külək, günəş, kiçik çaylar və Xəzər dənizininin enerjisi hesabına alternativ enerjinin müəyyən növündən istifadə imkanının hazırlanmasına başlamışdır. Bəzi regionlarda alternativ enerji mənbələrindən istifadə etməklə müasir texnologiyalar əsasında "yaşıl” evlər yaradılıb. Günəş modulları və LED lampalar buraxılışı üzrə Sumqayıt şəhərində "Azpontex” zavodu fəaliyyət göstərir. Səkkiz kiçik hidroelektrik stansiyası istismara verilmiş, Qobustan rayonunda isə hibrid tip (külək, günəş və bioməhsullar) elektrik stansiyası işə salınmışdır. Yüksək texnologiyalar parkı layihəsi başa çatmaq üzrədir ki, onun ərazisində alternativ və bərpa olunmuş enerji və enerjidən effektiv istifadə texnologiyası əsasında 15 zavod tikmək planlaşdırılır” – deyən Ağalar Vəliyev qeyd edib ki, bütün bunlar hazırda alternativ enerji mənbələrinin payını 10 faizə çatdırmağa imkan verib və 2020-ci ildə isə 20%-ə nail olunacaqdır. Deputatın sözlərinə görə, bu, parnik qazlarının həcminin bir qədər aşağı salınmasına imkan verəcək ki, bu da ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizəyə böyük töhfəsi olacaq: "Bu istiqamətdə aparılan işlər davam etdiriləcək və Azərbaycan Avropa dəyərlərinin qorunmasında və çoxaldılmasında fəal iştirak edəcək”.


banner

Oxşar Xəbərlər