• cümə axşamı, 28 mart, 15:17
  • Baku Bakı 16°C

Deputatlar Sloveniyada səfərdə olub

24.05.16 15:37 1345
Deputatlar Sloveniyada səfərdə olub

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 23-24-də Sloveniya Respublikasında rəsmi səfərdə olub.
Zəngin proqramı olan səfərin çərçivəsində nümayəndə heyəti Sloveniya Milli Şurasının prezidenti Mitya Bervar tərəfindən qəbul edilib və daha sonra Miryam Bon-Klanyşçekin rəhbərlik etdiyi Sloveniya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvlərilə görüşüb.
Milli Şuranın prezidenti qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan nümayəndə heyətinin Sloveniyaya səfərindən məmnunluğunu ifadə edib.
Qarşılıqlı etimad şəraitində keçən görüşdə Mitya Bervar 2015-ci ilin mart ayında rəhbərlik etdiyi Sloveniya Milli Şurasının nümayəndə heyətinin Bakıya səfərini, Prezident İlham Əliyev tərəfindən qəbul edilməsini, Milli Məclisin sədri Oqtay Əsədovla və parlamentlərarası dostluq qrupunun üzvlərilə görüşlərini yaxşı xatırladığını, Azərbaycanda aparılan genişmiqysalı quruculuq və abadlıq işlərinin, gerçəkləşdirilən sosial-iqtisadi layihələrin, Sloveniyalı parlamentarilərin timsalında ölkəsinə və xalqına olan isti və doğma münasibətin bilavasitə şahidi olduğunu vurğulayıb.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ağalar Vəliyev səfərin çox əlamətdar bir dövrə – Sloveniya Respublikasının Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımasının 25-ci ildönümünün və ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünün tamam olduğu bir dövrə təsadüf etdiyini qeyd edib.
Ağalar Vəliyev vurğulayıb ki, bənzər talelər yaşayan xalqlarımız XX əsrin sonlarında müstəqil dövlətçilik arzularına qovuşmuş, Azərbaycan və Sloveniya müasir dünyanın siyasi xəritəsində öz layiqli yerlərini tutmuşlar.
Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun son on iki il ərzində uğurla davam etdirilməsini xüsusilə vurğlayan Ağalar Vəliyev məhz bunun sayəsində hazırda ölkəmizin regionda lider, Avropanın enerji təhlükəsizliyində fəal iştirak edən önəmli tərəfdaş və beynəlxalq arenada böyük nüfuzu olan dövlətə çevrildiyini qeyd edib.
Eyni zamanda Ağalar Vəliyev bildirib ki, Azərbaycanla Sloveniya arasında parlamentlərarası münasibətlər də daxil olmaqla siyasi, iqtisadi, humanitar, elmi, mədəni əlaqələr durmadan inkişaf etməkdədir və ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində Prezidenti İlham Əliyevin Sloveniyaya 2006 və 2011-ci illərdəki rəsmi səfərlərinin, Sloveniyanın dövlət, hökumət və parlament rəhbərlərinin Azərbaycana rəsmi səfərlərinin və bu səfərlər zamanı əldə olunan razılaşmaların və imzalanan sənədlərin müstəsna əhəmiyyəti olub.
Azərbaycan nümayəndə heyətinin rəhbəri görüş ərzində xalqımız üçün olduqca aktual olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə və bununla bağlı son duruma ayrıca toxunub. Ağalar Vəliyev bildirib ki, 20 ildən çoxdur ki, Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, tarixi Azərbaycan torpaqları olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətilə yanaşı 7 rayonumuz işğal olunub və bir milyondan çox soydaşımız həmin ərazilərdən deportasiya olunaraq qaçqın taleyi yaşamağa məcbur edilib.
Cari ilin aprel ayı ərzində erməni silahlı qüvvələrinin təxribatları ilə Azərbaycanın cəbhə boyu yerləşən mövqeləri və yaşayış məntəqələri intensiv atəşə tutulub ki, bunun da nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub, 500-dən artıq yaşayış evi və sosial obyekt dağıdılıb.
Azərbaycanın təmas xəttində yerləşən Goranboy, Ağdam və Tərtər rayonlarının Milli Məclisdə təmsilçisi olan deputat kimi həmin günlərdə bu bölgələrdə olarkən bütün bunların bilavasitə şahidi olduğunu qeyd edən Ağalar Vəliyev erməni işğalçılarının bu təxribatının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən cavab tədbirlərinin görüldüyünü, strateji əhəmiyyətə malik olan bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin işğaldan azad edildiyini Sloveniyalı həmkarlarının diqqətinə çatdırıb.
Son vaxtlar istər Minsk qrupu üzrə həmsədrlər, istərsə də onların dövlət başçıları tərəfindən, məsələnin müsbət həlli istiqamətində səylərin artırılmasını müsbət dəyərləndirən Ağalar Vəliyev münaqişənin beynəlxalq hüquq və normalara uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yoluyla həll edilməsinə və işğal olunmuş torpaqlarımızın dinc yolla azad olunmasına inamını ifadə edib.
Bu kontekstdə Sloveniya Parlamentinin Milli Şurasının 23 dekabr 2014-cü il tarixində qəbul etdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədi yüksək dəyərləndirən Azərbaycan nümayəndə heyətinin rəhbəri buna görə öz dərin minnətdarlığını bildirib.
Yekunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sloveniyadakı görüşlərin parlamentlərimiz və işçi qruplarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə layiqincə xidmət edəcəyinə əminliyimi ifadə edib.
Səfər çərçivəsində nümayəndə heyəti Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzi xiyabanlarından olan Şimal Parkında ucaldılan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimində də iştirak edib. Mərasimdə qeyd edilib ki,, XII əsrdə yaşamış Nizami Gəncəvinin yaradıcılığında ümümbəşəri ictimai və siyasi, sosial və mənəvi ideallar parlaq bədii əksini tapmış və onun yaradıcılığı bütövlükdə şərq və qərb xalqlarının ədəbiyyatlarının inkişafına müsbət təsir göstərmiş və dünya mədəniyyəti xəzinəsinə qiymətli incilər kimi daxil olub.
Memorial abidənin Azərbaycan-Sloveniya dostluq münasibətlərinin parlaq təcəssümü olduğunu vurğulayan Ağalar Vəliyev bunu Sloveniya xalqının Nizami Gəncəviyə olan ehtiramı və bütövlükdə mədəniyyətimizə və tariximizə verilmiş yüksək qiymət kimi dəyərləndirmış və bu işdə əməyi keçmiş hər kəsə minnətdarlığımı bildirib.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin Lyublyana şəhərinin meriyasının rəhbərliyi ilə də görüşü olub. Görüşdə meriyanın rəsmi nümayəndə heyətinin 2013-cü ildə Bakıya səfəri xoş məqamlarla xatırlanmış, paytaxtlarımız Bakı ilə Lyublyana arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalanması, onun bütün müddəalarının hazırda uğurla həyata keçirildiyi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.
Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti səfər çərçivəsində həmçinin 28 May – Respublika Günü və Azərbaycanla Sloveniya arasında diplomatik əlaqələrin 20 illiyinin tamam olması ilə bağlı təşkil edilmiş rəsmi ziyafətdə də iştirak edib.
Eyni zamanda nümayəndə heyəti Novoqoritsa şəhərində II Dünya müharibəsinin əfsanəvi partizanı, Azərbaycanın və Sloveniyanın Milli Qəhrəmanı "Mixaylo” təxəllüslü Mehdi Hüseynzadənin və digər azərbaycanlı zabit və əsgərlərin məzarlarını, xatirə-abidə kompleksini və memorial muzeyi ziyarət edib.
Bununla da Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin rəhbərlik etdiyi Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətinin Sloveniya Respublikasına rəsmi səfəri başa çatıb.
Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov da daxil olub.

banner

Oxşar Xəbərlər