AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputatın ölümü ilə bağlı cinayət işi açılıb

Deputatın ölümü ilə bağlı cinayət işi açılıb

Kriminal
08 Mart 2013, 10:40 1402
Deputat Hikmət Atayevin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, martın 7-də saat 21:40 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun Balakən rayonunun Poçtbinə kəndi ərazisində Milli Məclisin deputatı Hikmət Atayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən əks istiqamətdən hərəkət edən Poçtbinə kənd sakini Şaban Qardaşovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillə toqquşmuşdur.

Nəticədə H.Atayev hadisə yerində vəfat etmiş, digər avtomobilin sürücüsü və sərnişini Vüsal Bodurov isə bədən xəsarətləri almışlar.

Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək mütəxəssislər və məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir. İlkin araşdırmalarla Ş.Qardaşovun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən olunmuşdur.

Faktla bağlı Balakən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərşəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Cinayətin törədilməsində şübhəli bilinən Ş.Qardaşov tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.