• cümə, 29 Mart, 11:34
  • Baku Bakı 5°C

Deputat: Paşinyanın mövqeyi danışıqlar prosesinə arxadan vurulan zərbədir

11.09.18 16:54 504
Deputat: Paşinyanın mövqeyi danışıqlar prosesinə arxadan vurulan zərbədir
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi göstərir ki, o, heç də sələflərinin mövqeyindən fərqli bir mövqe ortaya qoya bilməyib. Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, xüsusilə N.Paşinyan Moskvada erməni iş adamları ilə görüşərkən "Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görürəm” bəyanatı verməklə əslində hakimiyyətdən devirdiyi Serj Sarkisyanın siyasətini təkrarlayır.
Millət vəkili vurğulayıb ki, N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı açıqlamaları beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və danışıqlar prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər:
"Bilirsiniz ki, BMT Baş Assambleyasının qarşıdakı sessiyasında hər iki dövlətin xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur, eyni zamanda ATƏT-in baş katibinin Azərbaycana səfəri gözlənilir. Bütün bu reallıqlar fonunda Paşinyanın bu qədər qeyri-konstruktiv, məsuliyyətsiz davranışı və bəyanatı heç şübhəsiz ki, danışıqlar prosesinə arxadan vurulan zərbə kimi dəyərləndirilə bilər və bundan sonra hadisələrin inkişaf istiqamətlərinə görə məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşəcək”.
banner

Oxşar Xəbərlər