• cümə, 29 Mart, 03:03
  • Baku Bakı 7°C

Deputat İsa Həbibbəyli: "Bu iddianı təsdiqləyən sənəd yoxdur"

07.11.18 10:30 778
Deputat İsa Həbibbəyli: "Bu iddianı təsdiqləyən sənəd yoxdur"
Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı işlərin gedişatına Prezident İlham Əliyev gündəlik nəzarət edir.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında yayılan materialların araşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun üzvü, akademik İsa Həbibbəyli deyib.
Akademikin sözlərinə görə, Prezident İlham Əliyev işçi qrupa konkret olaraq vəzifələr tapşırıb. Hazırda işçi qrup bu vəzifələrin icrası istiqamətində intensiv iş aparır.
İ.Həbibbəyli qeyd edib ki, hazırda AMEA tərəfindən M.Müşfiqə aid arxiv sənədlərinin araşdırılması və məlumatların toplanılması istiqamətində işlər aparılır:
"Mikayıl Müşfiqin şəxsi işi bizim əlimizdədir, bu iş bizim tədqiqatçılara məlumdur. Oradakı sənədləri diqqətlə öyrənirik. Komissiyaya onun nəticələri barədə məlumatlar verəcəyik".
İşçi qrupunun üzvü əlavə edib ki, M.Müşfiqin güllələnməsi və bundan sonra baş verənlərlə bağlı iki versiya var:
"Bu versiyalardan biri odur ki, M.Müşfiqi Nargin adasında güllələyiblər və daha sonra onu, eləcə də onunla birlikdə güllələnən şəxslərin hamısını Xəzər dənizinə atıblar. İkinci versiya odur ki, onlar kütləvi məzarda dəfn ediliblər. Lakin hər iki versiya şifahi məlumatlardan ibarətdir, xalq yaddaşı əsasında formalaşıb. Bunların heç birini təsdiq edən rəsmi sənəd yoxdur. Ona görə də indi DNT kodunun müəyyən edilməsi çox mühüm məsələdir. Bu istiqamətdə səlahiyyətli rəsmi orqanlar iş aparırlar".
İ.Həbibbəyli hazırda arxivdə işlərini davam etdirdiklərini, araşdırmaların yalnız Azərbaycan arxivlərində aparıldığını da söyləyib:
"Sənədlər elə də çox deyil. Biz br neçə qovluğa baxmışıq. Bizim işimizin nəticələri məlumdur. Belə ki, M.Müşfiqin işində onun güllələnməsi ilə bağlı məlumat var. M.Müşfiq 1938-ci ildə yanvarın 5-dən 6-a keçən gecə güllələnib. Onun işində bu faktı təsdiq edən arayış var. Amma harada güllələnib və harada dəfn edilib? Şəxsi işdə bu barədə məlumatlar yoxdur. Buna görə də indi biz araşdırma üçün digər sənədlər axtarırıq".
Xatırladaq ki, şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.
İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNT analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.
İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.
banner

Oxşar Xəbərlər