• cümə axşamı, 28 mart, 13:13
  • Baku Bakı 16°C

Deputat: Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur

20.10.17 10:10 2083
Deputat: Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplərdən başqa həll variantı yoxdur
Oktyabrın 18-də ABŞ Senatının "Rassel” binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda brifinq əslində Ermənistanı təbliğ etmək və Ermənistan üçün ABŞ-dan daha çox yardım almaq məqsədi daşıyırdı.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, məhz bu məqsədlə də tədbirin iştirakçıları bu mövqedən çıxış edən adamlardan seçilmişdi və çıxışlar bu istiqamətdə edilirdi: "Bununla belə, az da olsa, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri Ceyms Uorlik və digərləri tərəfindən obyektivliyə yaxın mövqelər də ortaya qoyuldu. Bu da məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həlli və problemə mərhələli planla son qoymaqdan ibarətdir”.
A.Mirzəzadə bildirib ki, mərhələli plan isə Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı rayonlardan Ermənistan silahlı qüvvələrinin çıxarılması, Laçın dəhlizinin açılması, Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir: "Bu prinsiplər ortadadır və dəfələrlə müzakirəsi aparılıb. Bu prinsiplərin ABŞ-da keçirilən brifinqdə yenidən səslənməsi bir daha göstərir ki, problemin bundan başqa çıxış yolu yoxdur. Azərbaycan başqa variantla razı olmayacaq, Ermənistan isə köhnə mövqeyində qalmaqla sadəcə olaraq öz ağır vəziyyətini daha da ağırlaşdıracaq”.
Qeyd edək ki, okyabrın 18-də ABŞ Senatının "Rassel” binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə 2013-2016-cı illərdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlik çıxış edib. O bildirib ki, Madrid prinsiplərinə əsaslanan altı elementın sülh sazişinin tərkib hissəsi olmalı və vahid paket kimi qəbul edilməlidir. Birinci element Dağlıq Qarabağa müvəqqəti status verilməsindən ibarətdir. Onun qəti hüquqi statusu gələcəkdə tərəflərin qarşılıqlı razılığı ilə öz iradələrini ifadə etmələri vasitəsilə müəyyən olunacaq. İkinci element nəzarət edilməyən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri daxilindəki əraziyə müvəqqəti status verilməsini, bu müddətdə təhlükəsizliyin minimal qarantiyasını və özünüidarəni nəzərdə tutur. Üçüncü element ondan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Çünki Azərbaycanın suverenliyinə hörmət edilmədən tənzimləmə mümkün ola bilməz. Dördüncü element Dağlıq Qarabağı Ermənistanla birləşdirən "Laçın dəhlizi”nin mövcud olmasını nəzərdə tutur. Bu dəhliz hərəkət etmək üçün kifayət qədər olmalı, lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Beşinci element məcburi köçkünlərə öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmaq hüququ verilməsindən ibarətdir. Nəhayət, altıncı element təhlükəsizliyə beynəlxalq qarantiyaları, o cümlədən sülhyaratma əməliyyatını nəzərdə tutur.
banner

Oxşar Xəbərlər