AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat:

Deputat: "Bu il sosial layihələrin həcmi rekord həddə çatıb"

Cəmiyyət
09 Avqust 2020, 13:30 310
"Azərbaycan dövləti koronavirusla mübarizə tədbirləri çərçivəsində mühüm işlər görməkdədir. Məhz bu işlərin nəticəsidir ki, virusa yoluxma sayı xeyli azalıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətində  əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin daha da gücləndirilməsi başlıca yer tutur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur: "İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Görülən işlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Prezident İlham Əliyev avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd edib ki, koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq. Dövlət başçısının qeyd etdiyi kimi, artıq üç həftədir ki, müsbət dinamika müşahidə edilir. Bütövlükdə isə, pandemiya başlayandan dərhal sonra dövlət tərəfindən bütün lazımi qabaqlayıcı tədbirlər həyata keçirilməyə başlandı. Bunun nəticəsində ölkəmiz vəziyyətdən az itkilərlə çıxa bilir”.

Koronavirusla mübarizədə həkimlərin fədakarlığını da vurğulayan F. Yıldırım qeyd edib ki, insanların sağlamlığının qorunmasında tibb personalının böyük zəhməti var: "Hazırda ölkədə 46 xəstəxana yalnız koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Həmçinin bugünədək modul tipli 9 xəstəxana istifadəyə verilib. Eləcə də, Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri də öz həllini tapıb”.

Deputat nəzərə çatdırıb ki, dövlət pandemiyanın fəsadlarının minimuma enməsi üçün bütün addımları atır: "Prezident müşavirədə bir daha söylədi ki, əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Dövlət başçısı diqqətə çatdırıb ki, koronavirusla bağlı mübarizədə addımlar vəziyyətə uyğun şəkildə atılacaq. Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır. Nəzərə alsaq ki, dövlət rəhbərliyi, Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi üçün fasiləsiz işləyir, vətəndaşlar vəziyyətin ciddiliyini nəzərə almalıdır. Dövlət başçısı diqqətə çatdırıb ki, karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olub. Vətəndaşlar nəzərə almalıdır ki, əgər bu yumşalmadan sonra yenə də xəstəlik kəskin artsa, karantin rejimi yenə də sərtləşdiriləcək. Ona görə də, hamı məsuliyyətli olmalı, qaydalara əməl etməli, tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməlidir. Belə olarsa, karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıtmaq mümkün ola bilər”.

Deputat xatırladıb ki, pandemiya şəraitində sosial və iqtisadi məsələlərin həlli istiqamətində də davamlı addımlar atılır: "Ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllini tapır. Bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməsə də, dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Bundan əlavə, 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara 190 manat həcmində müavinətin verilməsi buna sübutdur. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək”.
 
Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirildiyini deyən millət vəkilinin sözlərinə görə, 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb: "Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu imkandan 7 mindən çox məcburi köçkün ailəsi faydalanacaq. Eyni zamanda, rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Eyni zamanda pandemiya şəraitində iqtisadiyyatın az zərərlə çıxması üçün dövlət tərəfindən lazımi addımlar atılır. Son illərdə həyata keçirilən islahatlar bu sahədə müsbət dinamikanı göstərir. Pandemiyanın tüğyan etməsinə baxmayaraq, bu ilin 6 ayında proqnozdan daha çox vergi yığılması da islahatların, şəffaflığın nəticəsidir. Bütövlükdə isə, həyata keçirilən düşünülmüş tədbirlər iqtisadiyyatımızın dayanıqlığının qorunmasına xidmət edir”.