• cümə, 19 Aprel, 22:31
  • Baku Bakı 24°C

Deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb

22.01.19 10:38 375
Deputat AŞPA-da gender bərabərliyinin vacibliyindən danışıb
Mən ailə və davamlı inkişaf mövzusuna toxunmaq istəyirəm. Bilirik ki, dünya gündən-günə sürətlə dəyişir və bu dəyişikliklər yeni risklər meydana gətirir. Hər yerdə qeyri-müəyyənlik hökm sürür, gələcəyimiz aydın deyil.
AZƏRTACxəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında sərbəst debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva söyləyib.
Deputat bildirib ki, iqlim dəyişikliyi, ifrat yoxsulluq, urbanizasiya, maliyyə böhranı, ərzaq və enerji çatışmazlığı, miqrasiya kimi yeni qlobal çağırışlarla mübarizə parlamentariləri bir araya gətirir. Amma əsas məsuliyyətlərdən biri olan ailənin qorunub saxlanması diqqətdən kənarda qalır. Ailə təkcə cəmiyyətin əsas qrupu deyil, həm də davamlı, sosial, iqtisadi və mədəni inkişafın əsas təməlidir. Ailənin bir hissəsi olmaq insanı gərgin işləməyə, rahatlığını və təhlükəsizliyini onun rifahı üçün qurban verməyə təşviq edir. Ailə siyasəti dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Azərbaycanlı deputat qadınların əmək bazarlarında iştirakını dəstəkləyən, ailə maraqlarına xidmət edən siyasət aparılmasının zəruriliyini vurğulayaraq deyib: "Əmək bazarında hər iki cins üçün bərabər şərtlər qoyulmalıdır. Qidalanma, yoxsulluq, gender bərabərsizliyi kimi problemlərinin uzunmüddətli həllinə nail olmaq üçün bu, əsas məsələdir”.
Deputat, həmçinin valideyn məzuniyyəti, ailə ilə iş arasında balans yaradan, vaxtın səmərəli idarəedilməsi, davranış qaydaları, ailə müavinətlərini təmin edən siyasətə ehtiyac olduğunu diqqətə çatdırıb.
Erkən nikah problemini xatırladan deputat qeyd edib ki, bu, insan hüquqlarının pozulmasıdır və problemin əsas səbəblərindən biri təhsilə məhdud çıxışın olmasıdır.
Ailənin sosial sabitlik, iqtisadi tərəqqi, sülh və davamlı inkişaf üçün son dərəcə vacib amil olduğunu vurğulayan Ü.Ağayeva gender bərabərliyinə nail olmaq, ədalətli cəmiyyət qurmaq üçün ailəni gücləndirmək istiqamətində proqramların həyata keçirilməsinin, siyasət yürüdülməsinin və onlarının monitorinqinin aparılmasının vacib rol oynadığını diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər