• cümə, 29 Mart, 01:53
  • Baku Bakı 7°C

Dəniz və küləyin şəhəri - İzmirdən reportaj

01.03.14 08:52 6707
Dəniz və küləyin şəhəri - İzmirdən reportaj
Qəribə havası var İzmirin. Şəhərə ilk dəfə ayaq basan qonaqlarını sanki yarı günəşli, yarı yağışlı, yarı isti, yarı soyuq havası ilə təəccübləndirmək istəyir. Hələ qışdan çıxmamış şəhərin bir ucunda az qala yayın istisini xatırladan hava varsa, o biri başında leysan yağış adamları daldalanmağa məcbur edir. Sonradan bələdçinin dilindən eşitdiyimiz “Adətən Türkiyədə fevral ayı ilin ən soyuq ayı kimi qəbul edilir. Bu aylarda gecələr isti yalnız 3-4 dərəcə, gündüzlər isə 5-7 dərəcə ola bilər. İndiki ayda bu quraqlıq xeyirli əlamət deyil. Əgər hazırda 20 dərəcə isti varsa, iyul-avqust ayları üçün bu, 50 dərəcə istidən xəbər verir” sözləri İzmirin havası ilə bağlı təəccübümüzə bir qədər aydınlıq gətirdi. Elə havasına görə də Bakıya oxşadırlar bu şəhəri. İzmir dəniz və küləyin şəhəridir. Axı qardaşlaşmış şəhərlər üçün iqlim, yaşayış tərzi və coğrafi mövqe əsas götürülür. Amma bu şəhər haqqında maraqlı bir deyim də formalaşıb: “İzmirin havasına, suyuna və qızlarına inanma”.
8500 illik tarix
İzmir mənə bir qədər qədim Təbrizi də xatırlatdı. Həm təzə, müasir binaları, həm də köhnə tikililəri, həm də gülərüz insanları ilə. Buna görə də bu şəhərə “Gözəl İzmir”, “Köhnə İzmir” deyirlər. Burada qədim yunan-Roma, Bizans və Osmanlı mədəniyyəti bir arada qorunub-saxlanılır. Şəhər Egey bölgəsinin ən böyük və inkişaf etmiş yaşayış məntəqəsidir. Bu müasir liman şəhəri öz arxeoloji və tarixi xüsusiyyətlərini qorumaqla qələbəlik ticarət mərkəzinə çevrilib. Burada elə bil hər şey əla istirahət üçün yaranıb – termal bulaqlar, qumsal çimərliklər və mavi dəniz… Səliqəli, təmiz küçələri, çox da hündür olmayan yeni yaşayış evləri, həmçinin bir-birinə yaxın, balaca, köhnə evlərdən ibarət gecəqondu məhəllələri də var bu şəhərin. Şübhəsiz, bunların bir gün “Sovetski” məhəlləsi kimi sökülüb yenilənəcəyini burada da istisna etmirlər.
Türkiyənin 3-cü böyük şəhərinin üç milyondan çox əhalisi, 8500 illik tarixi var. Hər addımda dünya sivilizasiyasının inciləri ilə rastlaşırsan. Egey bölgəsində yerləşməsi şəhərin turizm məkanı kimi inkişafına səbəb olub. Qış fəsli olsa da, şəhərdə xeyli sayda turistlə rastlaşmaq olur. Deyilənə görə, tarixiliyini və turizm imkanlarının əlverişliliyini üstün tutan insanlar ilin bütün fəsillərində buralara gəlməyə üstünlük verirlər. Dəniz nəqliyyatı vasitəsi ilə gələnlər daha çoxdur.
Təbiəti, bir çox mədəniyyətləri bir arada birləşdirməsi, istehsal gücü, xoşniyyətli olması ilə hər dönəmdə Türkiyənin çağdaş üzü olmağı bacarıb İzmir. İxracat həcmiylə Türkiyənin zirvəsində yer alan bir limana sahib olması da şəhərin inkişafında mühüm rol oynayır. İzmirin tarixi ənənələri, milli mətbəxi, Şərq bazarları əcnəbi alıcıların istənilən ehtiyacının ödənilməsinə şərait yaradır. Elə buna görə alver məqsədilə ölkəyə gələn turistlərin ekskursiya turları proqramlarına türk bazarlarına və ticarət mərkəzlərinə səyahət də daxil edilir.
Egey Universitetində təhsil alan Ruslan Aslanov bizimlə söhbətində “İzmirlilər çox mehribandır. Onlar bu xüsusiyyətləri ilə fəxr edirlər. Onları başqa xalqlardan fərqləndirən də budur. Mən bu şəhərə gələndən sonra gördüm ki, insanlar öz şəhərlərinin necə qədrini bilirlər” dedi. Məsələn, insanlar şəhərin küçələrində rast gəldiyimiz portağal dolu ağaclara qətiyyən toxunmur.
İzmir şəhəri boyunca hərəkət edən istənilən şəxs əksər binalardan və fərdi mənzillərdən asılan Türkiyə bayrağını görə bilərlər. Bu, təbii olaraq, türkiyəlilərin dövlətçiliklərinə və bayraqlarına olan sevgisinin ifadəsidir. Bir də Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkə olan məhəbbətlərinin şahidi olmaq olur. Şəhərin hündür bir yerində Atatürkün qayadan yonulmuş əzəmətli büstü diqqət çəkir. Eyni zamanda, İzmirdən bütün kəndlərə gedən yollarda qoyulan Atatürkün abidələri, büstləri dahi şəxsiyyətin böyüklüyünə olan ehtiramın göstəricisidir. Sanki vaxtilə “Mən bütün İzmiri və izmirliləri sevirəm. Gözəl İzmirin təmiz qəlbli insanlarının da məni sevdiklərinə əminəm” deyən Atatürkün ruhu sevgisinin qarşılığını görür.
R.Aslanov İzmir Universitetlərində təhsil alan azərbaycanlı tələbələr haqqında danışaraq onların xeyli fəal olduqlarını bildirdi: “Azərbaycanın tarixi günləri, faciələri ilə bağlı təşkil olunan tədbirlərdə fəal iştirak edirlər”. Hazırda İzmirin ali məktəblərində 300-dən çox azərbaycanlı tələbə təhsil alır. Həmçinin universitetlərdə Azərbaycandan olan müəllimlər də çalışır: “Burda müəllim və həkimlərin nüfuzu çox böyükdür”- deyə R.Aslanov bildirdi. Yaşamaq üçün başqa ölkələrə köçən azərbaycanlılar və iş adamları isə nədənsə bu şəhəri o qədər seçmirlər. Bu üzdən azərbaycanlıların sayı İzmirdə o qədər də çox deyil.
Tarixi məkanların ünvanı
İzmir tarixi mənbələrdə Homerin vətəni kimi də təqdim olunur.
Şəhərin mərkəzi Konak meydanı sayılır. Həm də istirahət mərkəzi kimi tanınan Konak meydanı İzmirin simvolu hesab edilən möhtəşəm Saat qülləsi ilə məşhurdur. Qüllə 1901-ci ildə Osmanlı sultanı II Əbdülhəmidin taxta çıxmasının 25-ci ildönümü münasibətilə tikilib. 25 metr hündürlüyündə olan qüllə meydanın düz mərkəzində yerləşir. Fransız memarı Raymond Çarles Pierin layihəsi əsasında inşa edilən qüllədəki saat alman imperatoru II Vilhelm tərəfindən türk-alman dostluğunun yadigarı olaraq sultana hədiyyə edilib. O gündən indiyə qədər qüllədəki saat işləməkdədir. 1901-ci il sentyabrın 1-də keçirilən rəsmi açılışdan sonra Saat qülləsi İzmirin rəmzinə çevrilib. Yonulmuş daşlardan tikilən və mərmərlə üzlənən qüllənin ətrafında 4 fəvvarə də var. Nəfis tərtibatlı minarə formasında olan Saat qülləsi, doğrudan da möhtəşəm memarlıq əsəridir. Saat qülləsinin xüsusən gecələr əsrarəngiz bir görünüşü var.
İzmirə gələnlər, həmçinin Tarix və Sənət Muzeyi, Əhməd Piristina Şəhər Arxivi və Muzeyi, Tarixi Kəməraltı Çarşısı, Aqora, İzmir Atatürk Muzeyi, Otellər məhəlləsi, İzmir xanları, Borsa sarayı, Arxeoloji və Etnoqrafiya muzeylərini və s. tarixi məkanları maraqla ziyarət edirlər.
İzmir, həmçinin Efes və Məryəm Ana kimi tarixi məkanların ünvanıdır. Avropa ölkələrindən və okeanın o tayından gələnlər isə daha çox Məryəm Ana ziyarətgahına, Efes arxeoloji şəhərinə baş çəkirlər.
Məryəm Ana ziyarətgahı Efesdən bir neçə kilometr yuxarıda, dağlıq ərazidə yerləşir. Hətta bu məkanı xristianların “həcc” yeri adlandıranlar da var. Burada Məryəm Ananın qəbri olduğu iddia olunan abidə ziyarət olunduqdan və dağ bulaqlarından gələn suyun içilməsindən sonra şam yandırılır, kağızlara arzular yazılır, yapışdırılır, dualar edilir, nəzirlər verilir. Ziyarətgahın girişində “qıfıl girişi” formasında olan su hovuzu var. Rəvayətlərə görə, bu “qıfıl girişi” cənnətin qapısınındır. Məhz həmin dövrün inancına görə, bu hovuzda yuyunanlar cənnətə düşə biləcəkdilər. Hal-hazırda da qorunub saxlanılan bu hovuz çoxsaylı turistlərin ziyarət etdiyi abidələrdən biridir.
Antik Efes
Ən çox maraq doğuran turist məkanlarından biri də qədim Efesdir. Burada yunanların, romalıların izləri olduğundan mədəniyyətlərin mərkəzi sayılır antik Efes. Qədim şəhərin yaranması haqqında müxtəlif rəvayətlər və tarixlər söylənir. “Burada 6 min il əvvəl salınmış şəhər var. Şəhərin qalıqları o dərəcədə qabarıq və gözəçarpandır ki, oranı 2-3 saata ancaq gəzmək mümkündür”- deyə bələdçimiz bildirdi. “Şəhər Egey dənizi sahillərində liman şəhəri kimi salınıb. Məhz bu şəhərdə miladdan öncə VI əsrdə dünyanın yeddi möcüzəsindən olan əfsanəvi Artemida məbədi qurulub. Şəhər sahilə yaxın olan müddət ərzində çiçəklənib, ancaq dənizin suyu tədricən geri çəkildikdə ticarət zəifləyib, bununla bərabər möhtəşəm şəhər də itib və özündən sonra xarabalıq qalıb. Hazırda Efesin xarabalıqları dənizdən 6 km aralıda yerləşir”. Bu qədim məkanda diqqəti çəkən əsas məqamlardan biri şəhərin su-kanalizasiya sistemi ilə bağlı oldu. 6 min il öncə salınmış bir liman şəhərində hər ailənin evində kirəmitdən hazırlanmış borular vasitəsilə su axıdılırdı. Şəhərin varlılar yaşayan evləri, onların həyat yoldaşlarının alış-veriş etdikləri mağazaların qalıqları da qorunur bu məkanda. Daha çox maraq kəsb edən isə qədim kitabxanadır. Bu kitabxana bəlkə də, dövrünün ən böyük kitab evlərindən biri kimi tarixə düşüb. Eramızdan əvvəl inşa edilmiş bu kitabxana ilə bağlı bəzi rəvayətlər də maraq doğurur. Belə ki, o zaman imperatorlardan biri şəhər kişiləri arasında “ictimai evə” olan marağı azaltmaq məqsədilə xüsusi qadağa qoyur və hər kəsə kitabxanaya getməyi məsləhət görür. İlk günlərdə kitabxanaya gedənlərin sayı az olsa da, bir müddət sonra bu, axına çevrilir. İmperator kişilərin kütləvi şəkildə kitabxanaya getməsindən şübhələnir və bu işin araşdırılmasını tələb edir. Aparılmış araşdırma zamanı imperatorun nümayəndələri kitabxanadan “ictimai evə” gedən yeraltı yol aşkarlayırlar. Üstündən min illər keçsə də, həmin yeraltı keçid o dərəcədə sağlam qalıb ki, bu gün də onu adi göz ilə gömək mümkündür.
Efesdə ən çox insanın olduğu yerlərdən biri də amfiteatrdır. Bu teatr ilk vaxtlarında 26 000 tamaşaçı üçün nəzərdə tutulub. Xüsusilə də, şəhərə gəlmiş əcnəbilərə qladiator döyüşləri nümayiş etdirilib.
Efesin dünya xalqlarının ən çox maraqlandığı yer olduğuna görə, qədim məkanın YUNESCO Dünya Miras Siyahısına salına bilmәsi üçün təşkilata müraciət olunub.
İzmiri gəzib qayıdanların “Efesi görməsən qayıtma” sözlərində böyük həqiqət olduğuna inanıb bölgənin digər tarixi məkanlarını da gəzmək arzusu ilə İzmirdən ayrılıram.
Təranə Məhərrəmova
Bakı-İzmir

banner

Oxşar Xəbərlər