• cümə, 19 Aprel, 22:30
  • Baku Bakı 24°C

“Dəniz kubokunun əsas məqsədi Xəzər ölkələri arasında sülhün möhkəmlənməsidir”

31.07.18 13:30 622
“Dəniz kubokunun əsas məqsədi Xəzər ölkələri arasında sülhün möhkəmlənməsidir”
"Beynəlxalq ordu oyunları çərçivəsində Bakıda keçirilən Dəniz kubokunun əsas məqsədi Xəzər ölkələri arasında dostluq və sülhün möhkəmlənməsidir”.
APA-nın məlumatına görə, bunu yarışda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov yarışın açılış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan bu yarışlarda 2015-ci ildən iştirak edir və müsabiqəyə maraq ildən-ilə artır: "Kubok iyulun 31-dən avqustun 8-dək keçiriləcək və üç mərhələdə baş tutacaq. Kubokda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak edir. Kubok çərçivəsində mədəni tədbirlərin keçirilməsi,şəhər gəzintisi, muzey və tarixi yerlərə gəzinti nəzərdə tutulub".
Rusiya nümayəndə heyətinin rəhbəri Sergey Yekimov isə oyunların ən yüksək səviyyədə təşkil olunduğunu deyib: "Dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq mahiyyəti ilə fərqlənib. Rusiya bu oyuna həmişə böyük önəm verir. Biz bu il heyətə yeni tip gəmilər- kiçik tipli artilleriya gəmiləri daxil etmişik".
İran nümayəndə heyətinin rəhbəri Şahram Həbibi deyib ki, ölkəsi bu oyunlarda ikinci ildir iştirak edir: "Bu dostluq yarışıdır. Əminəm ki, hərbi sahədə əlaqələr ictimai, siyasi, mədəni sahələrdəki əlaqələrə təsir edəcək".
Qazaxıstan nümayəndə heyətinin rəhbəri Kanat Niyazbekov isə yarışda ölkəsində istehsal olunan gəmilərlə iştirak etdiklərini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Sonra üç mərhələdə keçiriləcək 6 müsabiqədə iştirak sırası ilə bağlı püşkatma keçilib.
Qeyd edək ki, iyulun 28-dən avqustun 11-nə kimi keçiləcək Beynəlxalq Ordu Oyunları-2018 ilə bağlı Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiyada 28 müsabiqə təşkil olunacaq.Yarışlarda Türkiyə, Pakistan,Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ müşahidəçi qismində iştirak edir.
banner

Oxşar Xəbərlər