• çərşənbə axşamı, 19 mart, 07:44
  • Baku Bakı 8°C

Dəniz cəsurları sevir - Fotolar

19.09.18 10:00 2001
Dəniz cəsurları sevir - Fotolar
Təqvimimizdə əlamətdar günlər çoxdur və onlar arasında müxtəlif sənət sahiblərinə ayrılan, özünəməxsus yeri olan peşə bayramları seçilir. Həmin peşə bayramlarından biri də 20 sentyabrda qeyd edilən Neftçilər günüdür. Neftçilər günü - ölkəmizdə neft-qaz sənayesində işləyən mütəxəssislər, mühəndislər, fəhlələr, geoloqlar və bu sahədə çalışan digər şəxslərin əməyinin qiymətləndirilməsi ilə bağlı qeyd olunan peşə bayramıdır. Məlumat üçün qeyd edək ki, bu bayram Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il 20 sentyabrda keçirilir.

Bu peşənin necə şərəfli, əziyyətli olduğunu hamımız bilirik. Belə ki, ömrünün yarısını dənizdə - ailədən kənarda keçirmək hər adamın bacaracağı iş deyil. Elə neftçinin ailəsi də olmaq sizə asan gəlməsin. 15 gününü evdə, 15 gününü dənizdə keçirən kişinin ömür-gün yoldaşı olmaq, onun yolunu gözləmək bir qadından böyük səbr tələb edir. Ona görə qərara gəldik ki, bu sahənin çətinlikləri, müsbət və mənfi tərəfləri ilə daha yaxından tanış olmaq üçün 33 ildir ki, neft sahəsində çalışan Əli Əliyevin ailəsinə qonaq olaq.
Əli bəy 1964-cü ildə Şəmkir rayonunda anadan olub. 1981-ci ildə orta məktəbi bitirib, elə həmin il o vaxtkı Neft və Kimya İnstitutuna qəbul olub. Beləcə, qara qızıl müsahibimizin həyatının ayrılmaz hissəsinə çevrilib. Hazırda isə SOCAR AQŞ-nın tərkibində ola "Ümid-1” qaz platformasında çalışır. 30 ildir evlidir, Aytac və Aysun adlı qız övladları var.
"Gərək, təyyarəçi ilə dənizçinin həyat yoldaşı dözümlü, səbirli olsun”
Bizi ilk olaraq onun həyat yoldaşı Gilə Əliyeva qarşılayır. Çox mehriban, gülərüz olan bu xanım həm də zarafatcıldır. Gülə-gülə "Əlidən müsahibə almağa gəlmisən?” deyə soruşur. Mən isə hələ ki Əli bəy digər otaqdan gəlməmiş, Gilə xanımla bir az həmsöhbət olmaq istəyirəm. Düzdür, bir az utancaqlıq edir, suallara cavab vermək istəmir, amma xanımların ürəyinin sarı siminə toxunan o sualı verəndən sonra yarızarafat, yarıdoğru danışmağa başlayır. İndi yəqin ki, ilk sualın nə olduğunu düşünürsünüz. Bəli, əlbəttə ki, qısqanclıqdan danışdıq. Gilə xanımdan həyat yoldaşının dənizdə olduğu müddətdə onu qısqanıb-qısqanmadığını, bunun üstündə davalarının düşüb-düşmədiyini soruşdum. Həmsöhbətim deyir ki, söz-söhbətsiz ailə olar?: "Əslində ilk vaxtlar qəbul etmək çətin gəlirdi. Düşünürdüm ki, bu iş necə olacaq? O, dənizdə, mən evdə. O vaxtı texnika-texnologiya da belə inkişaf etməmişdi. İndi hər cür şərait var. Hətta görüntülü belə danışmaq olur. Amma bizim dövrümüzdə bu imkanlar yox idi. 15 gün xəbərsiz qalırdım. Gənclik dövrümdə də dəhşət qısqanc idim. Elə davalarımız da ən çox bunun üstündə olurdu. Amma bir dəfə televizorda bir kişi dənizçilərdən danışırdı. Söhbətin sonunda belə bir cümlə işlətdi: "Gərək, təyyarəçi ilə dənizçinin həyat yoldaşı dözümlü, səbirli ola”. Elə bil o söz məni tutdu. Bir anlıq kimin həyat yoldaşı olduğumu, onun hansı çətinliklərlə çörəkpulu qazandığını anladım. O vaxtdan qısqanclığı, boş yerə evdə söz-söhbət yaratmağı tərgitdim. Təbii ki, sözümüzün üst-üstə düşmədiyi zamanlar da olur. Amma elə də güclü, bir-birimizin qəlbini qıracaq şəkildə ciddi münaqişələr yaşamamışıq. Həmişə güzəştə getmişik. Ailəni qurmaq da, dağıtmaq da asandır, amma onu davam etdirmək çətindir”.
Xəzər dənizində ən dərin quyuları qazan komandada işləyir
Elə bu məqamda yan otaqdan Əli bəy gəlir. Gülə-gülə "hə, nə danışırsız? Yenə cavanlıqdakı qısqanclıqlarından danışırsan?” deyərək, xanımının yanında əyləşir və biz söhbətə başlayırıq.

Müsahibimdən bu sahəyə necə gəldiyini, 33 illik iş həyatını xəbər alıram. Dediyinə görə, uşaq vaxtı diş həkimi olmaq istəyib, amma qohumlardan kiminsə, "Neft və Kimya İnstitutuna qəbul olmaq asandı, amma oxumaq çətindi” ifadəsinə görə prinsipə düşərək bu sahəni seçib: "Həmin cümlə məni prinsipə saldı. Özümə söz verdim ki, o instituta qəbul olacağam, yaxşı qiymətlərlə də bitirəcəyəm. Amma haqlı idilər, Neft-mexanika fakültəsi həqiqətən çətin idi. Lakin mən bunun öhdəsindən gəldim və kifayət qədər yüksək nəticə ilə bitirdim. Yaxşı oxumağım mənim köməyimə o zaman çatdı ki, institutu qurtaranda təyinat zamanı işləmək istədiyim yeri özüm seçdim. Çünki qiymətləri yüksək olan tələbələrin belə bir üstünlüyü vardı. Və mən "Dənizdə geoloji kəşfiyyat” kontoruna düşdüm. Açığı, dərin quyuların qazılmasında işləməyi daha çox istəyirdim, bəlkə də ən böyük arzum idi. Təəssüf, ilk ora düşə bilmədim. Amma bu arzuma 2008-ci ildə çatdım. Demək olar ki, hazırda Xəzər dənizində ən dərin quyuları qazan komandada işləyirəm”.
33 ildir ki, bezmədən, yorulmadan bu sahədə çalışır
Həmsöhbətimdən "kaş, diş həkimliyi istəyimin arxasınca gedərdim” dediyiniz anlar olub? - deyə soruşdum: "Yox, heç yadıma belə düşməyib. Bizim işimiz nə qədər çətin olsa da, işimi sevirəm. 33 ildir ki, bezmədən, yorulmadan bu sahədə çalışıram. Şükürlər olsun ki, işimizin öhdəsindən gələ bilirik. Biz quyular qazılmağa başladığı andan etibarən 24 saat dayanmadan işləyirik. Bacardığımız qədər boş dayanmamağa çalışırıq. Təbii ki, hava şəraitindən asılı olaraq müəyyən fasilələr olur. Amma mümkün qədər operativliyə riayət edirik. Çünki gördüyümüz işin məsuliyyətini anlayırıq”.
İlk iş günü xatirəsi

Əli bəy ilk iş günü xatirəsini bizimlə bölüşür: "İlk iş günü olanlar heç vaxt yadımdan çıxmır. İnstitutu bitirdikdən sonra bir tələbə yoldaşımla məni neftçilərin işlədiyi əraziyə göndərdilər. Biz orada işləyən fəhlələrin paltarlarını, üst-başlarının necə çirkli olduğunu görəndə, 5 illik ali təhsil həyatımıza heyfimiz gəldi. İşimizin ilk həftəsində bizə verilən paltarlar 2-ci həftə geyinilməz vəziyyətdə idi. Çünki gənc idik, hər işə qaçırdıq, üst-başımız bütün mazut olurdu (gülür). Amma indiki dövrdə işləmək daha asandı. Texnika-texnologiya inkişaf edib və yeni təchizat qurğuları paltarlarımızı elə də çox çirkləndirmir”.
"Yerişinə baxıb deyə bilərəm ki, bu adam neftçidir”
İşinin çətinliklərindən danışan Əli bəy deyir ki, dənizdə işləmək böyük riskdir, hələ üstəlik, quyuların qazılması sahəsi daha çox çətindir: "Hər bir işin çətinlikləri var. Amma dənizdə işləmək özü daha çətindir. 15 gün ayağın torpağa dəymədən, dörd tərəfin su, dəmir bir platformanın üstündə yaşamaq böyük dözüm tələb edir. İşimiz ağır olsa da, dəniz cəsurları sevir (gülür). 33 illik iş təcrübəmdən bunu anlamışam ki, hər şey insanın özündən asılıdır. Əgər hansısa bir mütəxəssis qorxmadan, geri çəkilmədən işin üzərinə gedirsə, bu zaman o, işinin öhdəsindən gələcəkdir. Amma əksinə, iş onun üzərinə gəlirsə və o, geri çəkilirsə, onda çətin ki uğur əldə oluna”.

Müsahibim dənizdə işləməyin insan sağlamlığına vurduğu ziyandan da danışdı: "Təbii ki, 15 gün dənizdə işləmək sağlamlığımıza müəyyən mənfi təsirlərini göstərir. Revmatizm xəstəliyi yaradır. İndi şəhərə çıxsaq, insanların yerişinə baxıb deyə bilərəm ki, bu adam neftçidir, ya deyil. Ömrünü dənizə həsr edən biri çətin ki qaməti düz şəkildə yerisin” (gülür).
21 gününü bərabər keçirən kollektiv

Əlbəttə, hansı sahədə çalışmağımızdan asılı olmayaraq iş yerini, işi bizə sevdirən həm də birgə fəaliyyət göstərdiyimiz kollektivimizdir. Maraqlıdır, onların iş kollektivi necədir: "Əgər ilin hansı hissəsini evdə, hansı hissəsini işdə olduğumuza nəzər yetirsək, görərik ki, həyatımızın böyük bir kəsimi elə iş yoldaşlarımızla keçir. Kollektivimiz həqiqətən çox mehriban, canayaxındır. Çünki hər bir şəraitdə birlikdə oluruq. Yəni yaşından asılı olmayaraq, hamımızın bir-birimizlə əlaqəmiz var. Və təzə gələnlər də dərhal bizə alışır. Düşünün, 15 gün dənizdə birlikdə işləyirik, bir həftə də işdən əlavə kursda görüşürük. Bir ayın 21 gününü bərabər keçirən kollektiv arasında qeyri-səmimilik, inciklik olmaz”.
2015-ci ilin 4 dekabrını yad edirik
Söhbətimizin bu şirin məqamında 2015-ci ilin 4 dekabr tarixində Günəşli neft yatağında baş vermiş yanğını üzülərək yada salıb, müsahibimin bununla bağlı fikirlərini öyrənirəm: "Bilirsiniz, o elə bir hadisədir ki, ondan heç kim sığortalanmayıb. Həmin hadisə dənizdə işləmək riskini gözə alan hər bir neftçinin başına gələ bilər. Bu məqamda işə münasibət, məsuliyyətlilik və ən əsası, hava şəraiti böyük önəm daşıyır. Onu da qeyd edim ki, hazırda işlədiyim "Ümid-1” platforması təhlükəsizliyinə görə dünyada 2-ci yerdədir. Amma hər bir halda, hər şey Allahın əlindədir. Həmin hadisədə dünyasını dəyişən həmkarlarımızı həmişə yad edirik və heç vaxt da unutmayacağıq. Allah onların hər birinə rəhmət eləsin”.
Qızlarım mənim güvən yerimdir

Bir az da ailədən danışaq. 30 illik ailəli, 2 qız atası olan Əli bəydən 15 gün evdən ayrı qalmağın çətinliklərini soruşuruq: "Biz xanımla 30 illik evli olsaq da, bir az gec övlad sahibi olduq. Amma şükürlər olsun ki, bu gün 2 qız övladım var. Onlar mənim güvən yerimdir. Əlbəttə, çox çətindir onlardan ayrı qalmaq. Dənizdə olarkən telefonla danışırıq, amma canlı ünsiyyətin yerini heç nə vermir. Qızlarım mənim üçün dünyanın ən şirin nemətidir. Onlarsız həyatımı təsəvvür etmirəm. Hələ də dənizdə işləməyimin səbəbi onlardır. Onla üçün əlimdən gələni edirəm. Ən böyük arzum onları ali təhsilli, vətənə, millətə layiqli övladlar kimi yetişdirməkdir”.
Ailə üzvləri ilə söhbət
İndi də söhbətimizə Gilə xanımla davam edək. Gilə xanımdan Əli bəyin evdə olmadığı müddətdə hansı çətinlikləri yaşadığını soruşuram. Deyir edir ki, arada gecələr tək qalmaqdan qorxur. Ən böyük problemləri isə evdə nəyinsə xarab olması, kommunal xidmətlərdə nasazlıq yaranmasıdır.

Daha sonra ailənin böyük qızı Aytacla danışırıq. Aytac pianinoda ifa etməyi bacarır. Deyir ki, musiqi məktəbinə atasının istəyi ilə getsə də, özü də sonradan pianinoda ifa etməyi çox sevib. Ondan neftçi qızı olmağın nə demək olduğunu soruşanda, bəzi ad günlərində atasının yanında ola bilməməyinin onu çox üzdüyünü bildirir. Balaca Aysun isə hələ tam danışa bilmədiyi üçün onunla həmsöhbət ola bilmirik.

Vaxt ayırıb bizimlə söhbət etdiklərinə görə təşəkkür edib, neftçi ailəsi ilə sağollaşırıq. Və Əli Əliyevin timsalında bu sahədə çalışan bütün neftçilərin peşə bayramını təbrik edirik.
Günel Azadə

banner

Oxşar Xəbərlər