• cümə axşamı, 25 aprel, 11:03
  • Baku Bakı 14°C

Ödənişli yolların üstünlükləri

02.10.13 10:37 1598
Ödənişli yolların üstünlükləri
“Avtomobil yolları haqqında” qanuna edilən əlavə və dəyişikliklərdən sonra ölkəmizdə ödənişli yolların tikintisi aktuallaşdı. Bu yollar haralarda tikilə bilər, ödəniş nə qədər ola bilər, ümumiyyətlə, yolların ödənişli olması Azərbaycan vətəndaşlarının cibinə uyğundurmu? Bu və digər suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə danışdıq.
Bakıda hansı yollar pulludur?
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli bizimlə söhbətində bildirdi ki, dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, bizə qonşu ölkələrdə də bu praktikadan istifadə edilir: “Eyni zamanda bəzi ölkələrdə şəhərdaxili, ümumiyyətlə, bu və ya digər infrastrukturun qorunması tələb olunan ərazilərdə ödənişli sistem tətbiq olunur. Məsələn, Rusiyada Volqa çayı üzərində salınan təxminən 300-400 metr uzunluğunda olan körpüdə ödəniş ağır tonnajlı yük maşınlarına və iri tutumlu avtomobillərə tətbiq olunur. Nəticədə yığılan vəsait bilavasitə həmin körpünün saxlanılmasına, onun vaxtaşırı təmirinə və s. xərclənir. Amerika Birləşmiş Ştatlarında ödənişlər daha çox bələdiyyələrin nəzarətində olan, kilometrlərlə ərazini əhatə edən yollarda tətbiq edilib”.
İ.Hüseynli bildirdi ki, Bakı şəhərinin ətrafında da ödəniş tətbiq olunan yollar var, amma çox təəssüflər olsun ki, həmin yollar sırf kommersiya xarakterli yollardır: “Bilirsiniz ki, Binə Ticarət Mərkəzinin, Sədərək Ticarət Mərkəzinin qapısında kiçik məsafədə yollara ödəniş tətbiq olunub və gün ərzində həmin yollardan istifadəyə görə kifayət qədər vəsait yığılır”.
Qeyd edək ki, İçərişəhərdə də yollar ödənişlidir.
Adi vətəndaşlara da şamil ediləcək?
İ.Hüseynli deyir ki, Azərbaycanda avtomabili olan hər kəs onu texniki baxışdan keçirərkən yol vergisi ödəyir və bu vergi dövlət büdcəsinə daxil olur: “Bu mənada məsələyə yanaşmamız başqa cür olmalıdır. Yəni ödənişli yollar kimə tətbiq olunmalıdır? Yalnız dediyim kimi, ağır tonnajlı maşın sahibləri və sərnişindaşınma ilə məşğul olan iri tutumlu nəqliyyat şirkətləri yollardan ödənişlə istifadə edə bilər. Hesab edirəm ki, yolların saxlanılması üçün buna ehtiyac var. Amma tıxacların daha da intensivləşdiyi bir şəraitdə isə Bakı şəhərinin daxilində bütün avtomobillər üçün hansısa ödənişli yol infrastrukturun qurulması, yaxud ödənişin tətbiqi ilə bağlı mexanizmlərin işə salınmasına, hesab edirəm ki, tələbat yoxdur. Hər bir avtomobilin dayanmağı, ödəniş etməyi, yaxud kart sistemindən istifadə etməyi zaman aparan məsələdir. Bu, ciddi tıxacların yaranmasına səbəb ola bilər. Digər tərəfdən, bu gün adi vətəndaşların sosial vəziyyəti imkan vermir ki, hərəkət etdiyi yol üçün əlavə yol pulu ödəsin. Buna görə də qanunun şəxsi avtomobili olan adi vətəndaşlara şamil edilməsini düzgün hesab etmirəm”.
İ.Hüseyinlinin sözlərinə görə, ödənişli yol konkret bir şirkətin nəzarəti altında olur və və bu yollar üçün tətbiq edilən ödəmələr yolun daha da keyfiyyətli qurulmasına xərclənir.
Ödənişlərlə bağlı qanun nə deyir?
Qeyd edək ki, qanuna edilən əlavə və dəyişikliyə görə, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli yollar dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsi, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər. Ödənişin, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiqinə yol verilir. Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək. Dövlət mülkiyyətində olan respublika və ya yerli əhəmiyyətli avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Bələdiyyə və ya özəl avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar yolun sahibi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla qəbul edilir. Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulan avtomobil yolunun ödənişli yol kimi istifadə ediləcəyi barədə qərar yolun istifadəsinə 30 gün qalmış avtomobil yolunun sahibi tərəfindən KİV-də yayımlanmalıdır. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis, qəza-bərpa, kommunal, təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddır. Özəl avtomobil yollarının sahibləri ayrı-ayrı kateqoriyalardan olan istifadəçilər və ya nəqliyyat vasitələrinin müəyyən növləri üçün güzəştlər tətbiq etmək hüququna malikdirlər. Ödənişli avtomobil yolundan istifadə alternativ ödənişsiz avtomobil yolundan istifadəyə maneə törədən hallar yarandıqda, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə dayandırıla bilər.
Pula və yola qənaət
MM-in İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli isə hesab edir ki, ödənişli yolların tətbiqi sürücülərin işini asanlaşdıracaq: “Həm qısa, həm yüksək keyfiyyətli olur, yüksək sürətlə sürmək mümkündür. İlk baxışda vətəndaşlar elə bilir ki, 5-10 manat pul ödəyəcək. Ancaq qısa olduğu üçün benzinə qənaət edilir. Maşının xarab olmasına çəkilən xərclər və vaxta qənaət baxımından əhəmiyyətlidir. Həmçinin təhlükəsizliyi baxımından da yaxşıdır”.
Əli Məsimlinin deyir ki, ödənişli yolların mütləq alternativi olmalıdır: “Qanun layihəsinə bu maddənin salınması müsbət addımdır”. Millət vəkilinin sözlərinə görə, ABŞ-da ödənişli yolların istifadəsi 0,5 dollardan 15 dollara qədərdir: “Azərbaycanda inkişaf səviyyəsi və əhalinin gəlirlərini nəzərə alsaq, bu qiymət daha aşağı olmalıdır. Həm də ödənişli yollar elə yerdə olmalıdır ki, onun alternativi də olsun. Yəni sürücü üçün seçim olsun. Dairəvi yolların, yaxud hansısa yeni layihə əsasında beynəlxalq təşkilatların maliyyə dəstəyi ilə özəl sektorun iştirakı ilə yeni yollar salına bilər. Ancaq 3-cü dairəvi yolun ödənişli olma ehtimalı daha çoxdur”.
Şəhərin daxilində pullu yol ola bilməz
“Nəqliyyatçıların hüquqi problemlərinin həllinə yardım” İctimai Birliyinin sədri Məzahir Rüstəmov da qəzetimizə açıqlamasında bu təcrübənin bizdə tətbiq olunmasının mümkün olduğunu bildirdi: “Ölkədə bəzi yolların ödənişli olması yollardan sui-istifadə edən yük maşınlarının istifadə edilməsinin qarşısını ala bilər. Dövlət tərəfindən büdcənin hesabına müəyyən yollar təmir edilir, lakin bu yollar təmir edildikdən sonra da baxımsız buraxılmamalı, onun üstündə nəzarət gücləndirilməlidir. Bu səbəbdən də yolların ödənişli olması onun keyfiyyətinə müsbət təsir edəcək”.
Ekspert hesab edir ki, yolların ödənişli olması şəhərin daxilində yox, şəhər kənarındakı airəvi və şəhərə giriş-çıxışı olan yollara tətbiq edilməlidir: “Şəhərin mərkəzində və daxilində olan yolların ödənişli edilməsi, zənnimcə, mümkün deyil. Çünki, əhalinin şəhər daxilində gündəlik hərəkət etməsi üçün pul ödəməsi ondan böyük xərc tələb edir və onların maddi vəziyyətinə ciddi ziyan vura bilər. Bu səbəbdən düşünürəm ki, yalnız şəhərin dairəvi yolları və giriş-çıxışlarının ödənişli edilməsi mümkün ola bilər”.
“Azəryolservis” ASC-dən aldığımız məlumata görə, hələ ki hansı yolların ödənişli olması barədə onlarda məlumat yoxdur.
Hansı ölkədə nə qədər yol pulludur?
Qeyd edək ki, hazırda dünyada ən çox ödənişli yol Xorvatiyanın payına düşür. Belə ki, ölkədəki yolların 3,33 faizi ödənişlidir. Fransada yolların 0,83 faizi, Türkiyədə 0,23 faizi, Böyük Britaniyada 0,1 faizi, Avstriyada 0,15 faizi, Norveçdə 0,60 faizi ödənişlidir.
Onu da deyək ki, dünyanın bir çox ölkələrində XVII əsrə qədər yolların təmirinə yanından keçdiyi evlərin sakinləri cavabdeh idilər. Hərəkətin intensivliyinin artması ilə kənd yerlərinin sakinləri o yolları təmir edə bilmirdilər. Bu onunla nəticələndi ki, yoldan istifadə edənlərdən haqq alınmağa başlandı və yığılan vəsaitdən yolların təmiri üçün istifadə edildi. 1707-ci ildən isə ABŞ və bir çox Avropa ölkələrində yolların saxlanması üçün həmin yoldan istifadə edənlərdən haqq alınmağa başlandı.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər