Ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır
Dövlət başçısının növbəti
humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid
polisimizin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Yeni Fərmanla birdəfəlik
ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi
135 milyon manata çatır.
2018-ci ildə keçirilən
prezident seçkilərində inamlı qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələrinə birdəfəlik
ödəmənin (11 min manat) verilməsi ilə bağlı olub ki, bu da həmin ailələrin
sosial müdafiəsinin yaxşılaşdırılmasının
dövlət başçısının uğurlu siyasətinin başlıca məqsədlərindən biri olduğunu bir
daha təsdiq edib, ictimaiyyət tərəfindən böyük
rəğbət və məmnunluqla qarşılanıb.
Əmək və əhalinin sosial müdafiə nazirliyindən bildirilib ki, ötən dövrdə
3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata
keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin
vərəsələrinə ödənişlər davam etməkdədir.
Cənab Prezidentin
bu gün imzaladığı Fərmanla birdəfəlik ödəmənin əhatə dairəsi daha da genişlənib, Azərbaycan Respublikasının ərazi bütövlüyü
uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin (o cümlədən
11000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid
polisin) vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi tapşırılıb. Yeni Fərmanla
birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə
edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.
Azərbaycan
Respublikasının Prezidentinin mühüm sosial əhəmiyyət kəsb edən və şəhid ailələrinə
böyük diqqət və qayğının növbəti təcəssümü olan 28 yanvar 2019-cu il tarixli Fərmanı
yüksək səviyyədə icra ediləcəkdir.
Xatırladaq ki, ölkəmizdə şəhid
ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm addımlar atılır. Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil
təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə
nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin
vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur. Eləcə də bu
vaxta qədər müharibə əlillərinə 6144 avtomobil verilib.
Şəhid ailələrinə
və müharibə əlillərinə, Milli Qəhrəmanlara Azərbaycan Respublikası
Prezidentinin aylıq təqaüdünün məbləği ötən dövrdə mütəmadi olaraq artırılmaqla
Milli Qəhrəmanlar üçün 1500 manata, şəhid ailələri üçün 242 manata, müharibə əlilləri:
I qrup əlillər üçün 182 manata, II qrup əlillər
üçün 158 manata, III qrup əlillər üçün 121 manata çatdırılıb. Prezident təqaüdü
ilə yanaşı, müharibə əlillərindən böyük əksəriyyəti əlilliyə görə əmək
pensiyası, pensiya hüququ olmayan az bir qismi isə əlilliyə görə müavinət alırlar.
Əmək
pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinin
uşaqlarına aylıq sosial müavinət verilir. Şəhid ailəsi və Milli Qəhrəman ailəsi
üzvlərinə əmək pensiyası təyin olunarkən əlavə də hesablanır, həmçinin şəhid
ailələrinin və müharibə əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili
müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.
Ölkəmizdə
icra olunan özünüməşğulluq proqramına müraciət edənlər arasında digər həssas
qruplarla yanaşı, şəhid ailələri və müharibə əlillərinə də üstünlük verilir. Təkcə
ötən il 100-dək şəhid ailəsi, mindən çox əlilliyi olan şəxs bu proqrama cəlb
olunaraq aktivlərlə təmin olunub.
Digər sahələrdə
də şəhid ailələrinin sosial müdafiəsi məqsədilə mühüm tədbirlər həyata
keçirilir və bu tədbirlər qarşıdakı dövrdə də ildən-ilə güclənəcəkdir.