• cümə axşamı, 25 aprel, 03:18
  • Baku Bakı 19°C

Dənəsi 10 manata!..

04.12.13 10:22 4157
Dənəsi 10 manata!..
“7 aydır uşaq gözləyirəm. 2-3 gün bundan əvvəl alça istədim, yoldaşımdan xahiş etdim ki, alça alsın. Getdi və 4-5 alça ilə qayıtdı. Dediyinə görə, “Meyvəli”-dən kiloqramını 100 manata alıb. Təbii ki, 1 kilo almağa imkanı olmadığı üçün 10 manatlıq almışdı. Əgər bu alça o alçalardan olsaydı, yenə bu qədər pul verməyə dəyərdi. Məsələ ondadır ki, kilosu 100 manata satılan alça rezin dadı verirdi”.- Bu sözləri bizimlə söhbətində 7 aydır körpəsini gözləyən Esmira dedi.
Hamıya məlumdur ki, qış vaxtında alça istəyənlərin əksəriyyəti uşaq gözləyən qadınlar olur və qiymət neçəyə olursa, olsun onu almaq məcburiyyətində qalırlar. Bizim istehsalçılar da bu vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymətə satışa qoyurlar.
1 ədəd alça – 11 AZN

Biz də alçanın mövcud qiyməti ilə maraqlanmaq üçün bir neçə marketə yollandıq. İlk olaraq “28 mol”da yerləşən “Bazar Store”-yə üz tutduq. Marketin meyvə-tərəvəz satılan bölməsində kağıza yazılan yazı diqqətimizi çəkdi. Elan belə idi: “Satışda alça da var. 10 AZN”. 5 manatlıq alça almaq üçün satıcıya yaxınlaşdım. Satıcı isə gülümsəyərək, alça almaq istəyirsiniz” - deyə soruşdu. Satıcının gülməyi məni təəccübləndirdi. Sən demə, satıcı alçanın qiymətinə və məni verəcəyim pula gülürmüş. Alçanın kilosu 10 manat yox, 1 ədədi 10 manat imiş. Hətta satıcı əlavə etdi ki, 2 gün bundan öncə, bir alıcı bu alçadan 10 ədəd alaraq 100 manat ödəyib: “Alça yerli, Naxçıvan alçasıdır. İndi hər yerdə bu qiymətə satılır. Hamilələr çox istədiyi üçün bizim mağazada olur”.
Mağazadan çıxdıqdan sonra, 28 may metrosu yaxınlığında yerləşən “Grand Marketə” yollandıq. Burada satışda alça yox idi. Amma satıcı bildirdi ki, əgər alça almaq istəyirsinizsə, sifarişlə gətirilir: “Əgər alça istəyirsinizsə, sifariş verin gətirək. Alçanın 1 ədədini 11 manat 50 qəpiyə gətirik”.
İstehlakçıların məlumatlarına görə, “Təzə bazar” adlanan ticarət mərkəzində alçanın 1 kiloqramı 500 manata satılır.
Bakıda marketlərdə, ticarət mərkəzlərində alçanın fantastik qiyməti bizi çox təəccübləndirdi. Öz mövsümündə kilosu 50 qəpiyə olan alça, necə olur ki, qışda ədədi 10 manata qədər qalxa bilir? Bu iqtisadi cəhətdən nə dərəcədə düzgündür?
Meyvəçilik sahəsində kortəbii vəziyyət

İqtisadçı ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında bildirdi ki, ölkəmizdə meyvə-tərəvəz məhsullarının qiymətləri sərbəst bazar qanunları ilə tənzimləndiyi üçün şişirdilmiş qiymətlərə rast gəlmək mümkündür: “Bu da təbiidir. Eyni zamanda, belə məhsullar üzrə idxalda da məhdudiyyət yoxdur. Bu isə ölkəyə bir çox halda geni dəyişdirilmiş və yaxud digər baxımdan, keyfiyyətsiz məhsulların gətirilməsi ilə nəticələnir. Bu gün bir çox meyvələrin və o cümlədən tərəvəzin qiymətlərinin məhz tələb ilə təklifin nisbətinin təsiri altında formalaşdığını düşünsək səhv olar. Burda süni və digər faktorların rolu bəlkə daha böyükdür”. Ekspertin sözlərinə görə, ölkədə ümumiyyətlə, meyvə bazarında ziddiyyətli məqamlar çoxdur: “Bəzi növ məhsullar üzrə yerli bazara çıxa bilinməmək halları da var ki, bu əslində, qiymətə təsir etməlidir. Amma bizdə bu, müşahidə olunmur və yaxud da ki, dəyərindən qat-qat artıq təkliflərə də geniş rast gəlinir. Fikrimcə, bütün bunlar ölkədə meyvəçilik sahəsində kortəbii vəziyyətin hökm sürməsindən və idxalın üstünlük təşkil etməsindən irəli gəlir”.
İstehlakçı hüquqları kobud şəkildə pozulur
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, şişirdilmiş qiymətlərin ən yüksək səviyyədə gündəmə gəlməsinə baxmayaraq, problem hələ də qalmaqdadır: “2011-ci ildə Nazirlər Kabinetinin yığıncağında ölkə prezidenti bazarda şişirdilmiş qiymətlərin mövcudluğundan narahatçılığını bildirdi və müvafiq dövlət orqanlarına bu barədə tapşırıqlar verdi. Lakin vəziyyət hələ də acınacaqlıdır. Bunun səbəbi odur ki, alçanı gətirənlər, satanlar çoxsaylı izafi xərcləri malın üzərinə gəlirlər. Ona görə də şişirdilmiş qiymət meydana çıxır”. Ekspertin sözlərinə görə, Azərbaycanda sərhəddəki qiymətlə daxili bazardakı qiymət arasında kəskin fərqlər var: “Azad bazar iqtisadiyyatıdır. Hər bir mal istənilən qiymətə satıla bilər. Lakin dövlət orqanları, İqtisadi İnkişaf Nazirliyi birbaşa bu işə və istehlakçı hüquqlarını qorumağa cavabdehdir. Bunun monitorinqini onlar aparmalı və qarşısını almaq üçün müəyyən tədbirlər görməlidirlər”.
E.Hüseynov vurğuladı ki, alçanın bu dərəcə şişirdilmiş qiymətlə satılması istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır: “Azərbaycan bazarı dünya bazarından ayrılmış bir bazardır. Dünya bazarında qiymət qalxanda Azərbaycanda da qalxır. Enəndə isə enmir. Alçanın bu dərəcədə şişirdilmiş qiymətlərlə satılması istehlakçı hüququnun pozulması deməkdir. Azad İstehlakçılar Birliyi olaraq biz də bu sahədə müəyyən işlər görəcəyik”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər