• şənbə, 20 Aprel, 13:08
  • Baku Bakı 23°C

Den Braun “Da Vinçi Kodu”nu unutdurdu

28.06.16 11:42 2196
Den Braun “Da Vinçi Kodu”nu unutdurdu
"Mələklər və şeytanlar”, "Cəhənnəm”, "Da Vinçi Kodu” kimi dünyaca məşhur romanların müəllifi, amerikalı triller yazar Den Braun uzun müddət gündəmdəki sükutu olduqca səxavətli bir addımla pozdu. Belə ki, yazar onu ədəbiyyata və yazmağa həvəsləndirən qədim, mistik janrda yazılmış əsərlərin rəqəmsallaşdırılmasına kömək məqsədi ilə 300000 avro (520000 manat) məbləğində ianə verib. "Guardian” xəbər verir ki, yazarın bu addımı ilə bağlı ilk məlumat Amsterdamda yerləşən "Philosophica Hermetica” kitabxasının yaydığı rəsmi təşəkkür məktubunda yer alıb. Antik kodların araşdırılması məşğul olan Robert Lanqdon kimi bir obrazla dünya ədəbiyyatı tarixində özünə böyük nüfuz qazanmış Braun qiyməti milyonlarla dollarla ölçülən antik əlyazmaların, mistik əsərlərin, qədim əfsanələrin toplanıb, qorunduğu Holland kitabxanasının işini yüksək qiymətləndirdiyini və onu ədəbiyyata həvəsləndirən kitabların əbədiləşdirilməsi, bütün dünya üçün əlçatan olmasına çalışanlara dəstək vermək üçün belə bir addım atmağı özünə borc bildiyini açıqlayıb.
Den Braunun həm də "Amsterdam Ritman Kitabxanası” kimi tanınan bu yerə verdiyi hədiyə əvəzində kitabxana yazara elektronlaşdırılmamış əsərlər arasından ən sevdiyi bir əsəri təklif etmək imkanı verib. Bu kitabxanada 1900-cü ildən əvvələ aid olan 4600 qədim əlyazmanın ilkin versiyası və nüsxələri, 1900-cü illərdə nəşr olunmuş 20000 çap məhsulu, kimya sahəsində və mistik janrda yazılmış əsərlərin böyük çoxluğunun elektron versiyası saxlanılır. "İtmiş simvol” və "Cəhənnəm” əsərlərinin yazılması prosesində bu kitabxanaya dəfələrlə gəlmiş, günlərlə burada işləmiş yazar bu addımı dəyərləndirərkən deyib: "Nəinki mənim yaradıcı karyerama dəstək verdikləri üçün, eləcə də, bütün bəşəriyyət üçün önəmli olan olduqca qiymətli bir xəzinəni qoruyanları və əksərən bu işə təmənnasız əmək verənləri qiymətləndirmək, onlara öz oxucularım addından da təşəkkür etmək üçün atdım bu addımı. Mən həmişə mistikadan, bu janrda yazılan əsərlərdən böyük ilham almışam. Ritman Kitabxanası sırf bu sahə ilə məşğul olan ən dəyərli mənbələrin qorunduğu yerdir. Hazırda isə qədim əsərlərin elektronlaşdırılması məsələsi ilə bağlı maddi sıxıntılar yaşayırlar. Bu işdə az da olsa, kitabxanaya dəstək dura bilmək mənim üçün böyük şərəf oldu. Lakin bununla kifayətlənməyəcəm. Oxucularıma da müraciət edərək, qurumun fonduna dəstək olmağa çağıracağam”.
Kitabxananın direktoru Ester Ritman verdiyi açıqlamada bunları deyib: "Bu kitabxana... bura bütün bəşəriyyətin xəzinəsidir. Mənim nəzərimdə bütün kitabxanalar müqəddəsdir, insana azadlıq hissi verir. Kitabxanalar həyat çayında milyonlarla il qabaq da o sudan içmiş insanları tanımaq, görmək imkanı verir. Bizə maddi dəstək duraraq, ictimai nümunə olduğu üçün Brauna çox minnətdaram”.
banner

Oxşar Xəbərlər