“Demokratlar”ın sürü psixologiyası - Fotolar
AXCP-nin sabiq sədr müavini Fuad Qəhrəmanlı və həyat
yoldaşı Zümrüd Yağmur, qızı Selcan Yağmur arasında baş verən qarşılıqlı
ittihamlardan, yazışmalardan sonra üzdə demokrat olanların zahirən hansı
yuvanın "quşu” olduqları növbəti dəfə gün işığına çıxdı. Bəlli
oldu ki, insan haqlarından, qadın hüquqlarından, qadın-kişi bərabərliyindən,
azad sözdən, fikirdən danışanlar öz ailələrində arvadına, qızına fiziki-mənəvi
işgəncə verir, onlara söz haqqı tanımır. Onsuz da Əli Kərimlinin 20 ildən artıq
müddətdə AXCP-ni şəxsi monopoliyasında saxlaması, partiya sədrliyinə iddialı
olan cəbhəçiləri şərləməsi, müxtəlif bəhanələrlə təşkilatdan uzaqlaşdırması,
onlara qarşı mənəvi terror yaşatması, bu adamın demokrat deyil, əsl diktator
olduğunu nümayiş etdirirdi. F.Qəhrəmanlı ətrafında baş verənlər isə S.Yağmurun
təbirincə desək, AXCP-nin "əxlaqsızlıq potensialı”nı, oradakı funksionerlərin
tiranlığını ortaya qoydu. Baş verənlər fonunda diqqət çəkən başqa bir məqam
"lider” Ə.Kərimlinin öz müavinini qorumaq üçün atdığı addımlar, F.Qəhrəmanlının
özünü təmizə çıxarmaq istəyərkən işlətdiyi yalanlar, qeyri-səmimiliklər oldu.
Bu situasiyada AXCP sədri şəxsi nəzarətində olan söyüş ordusundan –trollardan
da gen-bol yararlandı.
Lakin öz
ayıblarına kor olmağı bacarmayan, öz gözlərində tiri görməyib başqalarının
gözündə tük axtaranların bütün cəhdləri bu dəfə də uğursuz oldu. İctimaiyyət
daha aydın şəkildə gördü ki, AXCP sədri Ə.Kərimli və ətrafının uzun müddətdir
manipulyasiya etdiyi, hakimiyyətə qarşı yönəltdiyi ittihamlar, əslində özlərinin
belə xoşagəlməz əməllərindən diqqəti yayındırmaq məqsədi güdüb. Baş verənlər
bir daha göstərdi ki, Ə.Kərimli sosial şəbəkələrdə trol şəbəkəsi vasitəsilə
yalnız öz maraqlarına uyğun kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə
götürür, aşağılayır, yalan və dezinformasiya yayır. Önəmli məqam budur ki, AXCP
sədrinə qarşı belə ittihamlar, artıq onun öz silahdaşları tərəfindən də səsləndirilməkdədir.
Misal üçün, AXCP sədri Ə.Kərimlinin şəxsən idarə etdiyi Milli Şuranın, həmçinin vaxtilə mövcud olmuş İctimai Palatanın üzvü,
müxalifətçi vəkil Ənnağı Hacıbəylinin "Facebook”da yazdığı son statusu
nümunə çəkə bilərik. O, 1998-ci ildən vətəndaş cəmiyyəti sektorunda fəaliyyət
göstərdiyini, işinə, mövqeyinə və qardaşlarına görə çoxlarının onu cəbhəçi
saydığını, ancaq AXCP üzvü olmadığını vurğulayaraq, müxalif düşərgədə müşahidə
etdiyi ədalətsizlikləri qeyd edib.
Ə.Hacıbəyli fərqli
fikir bildirdiyinə, haqlı tənqidi dilə gətirdiyinə görə, zaman-zaman
müsavatçılar və cəbhəçilər tərəfindən təhqir olunduğunu, satqın, xəyanətkar
adlandırıldığını dilə gətirib: "İctimai Palatada Koordinasiya Şurasının üzvü,
2013-cü ilin Prezident seçkilərində Milli Şuranın rəhbər orqanının fəal üzvü
kimi hər şey gözlərim qarşısında baş verirdi. Prezident seçkilərində müşahidələrim
məni xeyli məyus elədi. Seçkinin nəticələri ilə bağlı bir analitik yazı yazdım,
səhvləri, nə etmək gərək olduğunu göstərdim. Müsavatçılardan bir neçə nəfər
onların xoşuna gəlməyən adi tənqidi bir cümləyə görə məni təhqir elədilər. Amma
heç kəs mənə satqın və yaltaq demədi. Fuad Qəhrəmanlı olayı ilə bağlı fikrimə
görə, cəbhəçilər məni satqın və yaltaq adlandırdı. Yazdığı status ilə müzakirə
açan Namizəd Səfərov nəinki susdu, hətta təhqiramiz rəylərin əksəriyyətini bəyəndi.
...Cəbhə rəhbərliyinin ruporu İlham Hüseyn mənə "qrant yeyib susan, ağzını "skoçlayan”
ittihamı verdi. Zərdabdan Avropayadək uzanan ekspertlər mənə ad qoydular, məni,
nəslimi, mövqeyimi dəqiq tanıyan və bilən Əli Kərimli onunla kifayətləndi ki,
başqasını nahaqdan, xorla təhqir edən adamlara trol demək olmaz. Trol
definisiyasına sığmayan adamların isə başqalarının təhqiramiz olmayan fikrinə təhqirlə
cavab verməsinə normal baxmaq olar, eləmi? AXCP NTK-ya müraciət etməyi tövsiyə
edən sədr bilmirmi ki, o rəyləri yazanlar içərisində həmin o NTK üzvləri də
var?”.
Vəkil Ə.Hacıbəyli müxalifət partiyalarının, əqidə
yaxınlığı olan adamların ona qarşı belə münasibətinin üzücü olduğunu
xatırladaraq, bu münasibətlər barədə düşünməyə əsas yarandığını yazıb: "Hətta tənqidçilər
arasında trol, fürsətcil, satqınlar olsa belə, hamıya "it sürüsü” demək cəbhəyə
nə qazandıra bilər? Bu düşüncəyə şərik olmaq adama ağır gəlir. Ya səhvlərimizi
etiraf etməliyik, ya da kiminlə müttəfiq olmağımız barədə düşünməliyik. Bu, bəzilərinin
anladığı cəbhə dəyişmək deyil, sadəcə döyüşə getdiyin adamlara inam və etibar məsələsidir,
qarşılıqlı hörmət və səmimiyyət məsələsidir”.
AXCP-nin
yaradıcılarından biri, uzun illər bu siyasi təşkilatın yükünü çiyinlərində
daşıyan, "Azadlıq” qəzetinin yazarı Xaliq Bahadır da Ə.Kərimli dəstəsinin "demokratlığını”, əks fikrə
qarşı dözümsüzlüyünü "vəsf” edib. F.Qəhrəmanlı olayından sonra onun
"istefasından” üzüldüyünü, süzüldüyünü, büzüldüyünü bildirənlərin üzüsulu ikən
"Facebook” dostluğundan çıxmalarını tələb edib. Həmin şəxslərə xitabən yazıb
ki, siz demokratiyanın, demokratik mədəniyyətin, hüququn, hüquq mədəniyyətinin
nə olduğunu bilməyənlərsiz, bu üzdən də sizin müxalifətdə olmağınız gerçək
ideya yolçuluğu - üstün düşüncə görsənişi deyil. Sizin kimi düşüncə yiyələri bu
ölkəyə gərəkəni gətirə bilməzlər.
X.Bahadır müxalifət partiyasının başında duran
ikinci fiqurun ailəsində baş verənlərdən sonra bir çoxlarının 18 yaşlı
qızın- S.Yağmurun üzərinə top-tüfənglə, söyüş-təhqirlə getməsinə də
münasibət bildirib: "Bunu görüncə, "vermaxt əsgərlərini” dayandırmaq üçün soyuq
başla qərar verməyə çağıran kiçicik "Sınaq” yazısını yazdım. Partiyalı reaksiyalardan
göründüyü kimi, mən "palaza bürün, elnən sürün” prinsipinə uyğun olaraq, bəlli
çoxluğa qoşulub biranlamlı şəkildə Selcanın atasına arxa durmalıyammış. Özü də
ata deyil, bala söyüş-təhqirə uğrayırkən. Bir sıra qızğın başları soyutmaq üçün
sonra ikinci kiçicik yazını yazdım – "İşıqlığa çıxasız!” Yazılar ortadadır. O
yazılara görə AXCP İmişli rayon yetkilisi məni hakimiyyətə işləməkdə suçlayır.
...Məni tanıya-tanıya biriləri də ona arxa dururlar. ...Bunlar özləri kimi
düşünməyən, onların dediyini deməyən istənilən kimsəni ağına-bozuna baxmadan
sürü psixologiyası ilə tapdayıb keçməyə marıq duran "demokratlar”dır”!
Bu statusların altına rəy yazan müxalifətçi vəkil
Namizəd Səfərov həmkarı Ə.Hacıbəylini "çığallıq etməkdə”, yalançılıqda ittiham
edib, "cılız insanın anadan cılız doğulduğunu” xatırladıb.
Rufik
İSMAYILOV