• cümə, 19 Aprel, 22:12
  • Baku Bakı 24°C

“Demokratların” Steynar Gil susqunluğu

12.03.19 19:18 935
“Demokratların” Steynar Gil susqunluğu
Norveçin vaxtilə Azərbaycandakı səfiri işləmiş Steynar Gil "Facebook” sosial şəbəkəsində tez-tez yazdığı statuslarla Azərbaycan dövlətini və xalqını hədəf seçir, beynəlxalq aləmdə ölkəmiz və insanlarımız barədə qeyri-obyektiv rəy formalaşdırmağa çalışır. 2016-cı ilin aprel döyüşlərindən dərhal sonra sosial şəbəkədə status yazan S.Gil Azərbaycan silahlı qüvvələrini, düşmənin hücum cəhdinin qarşısını əks həmlə ilə alan hərbçilərimizi alçaltmağa, onları təhqir etməyə çalışıb. Harada və nə vaxt çəkildiyi bəlli olmayan bir fotonu paylaşan S.Gil iddia edib ki, guya aprel döyüşlərində Azərbaycan hərbçiləri məhv etdikləri düşmən əsgərlərinin meyitlərinə qarşı alçaldıcı hərəkətlər ediblər. Amma qısa vaxt ərzində sosial şəbəkə istifadəçiləri və hərbi ekspertlər bunun dezinformasiya olduğunu, şəklin Azərbaycan hərbçisinə aid olmadığını üzə çıxarıblar. Cari il fevralın 21-də isə S.Gil növbəti dəfə status yazaraq azərbaycanlıların guya erməni qəbirlərini, xaçkarları dağıtdıqlarını bildirib. Həmin statusun altında gedən müzakirələrdə o, hər vəchlə öz fikrini əsaslandırmağa, yazdıqlarının "həqiqətləri” əks etdirdiyini sübut etməyə çalışıb.

Sözsüz ki, S.Gil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətindən xəbərdardır. Uğursuz diplomat ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı və deportasiya siyasətindən, o cümlədən 1918-ci il 31 mart və 1992-ci il 26 fevral Xocalı soyqırımlarından də məlumatlıdır. O, erməni hərbçilərinin dinc azərbaycanlılara necə divan tutmasından, əsir və girovlarımıza işgəncələr verməsindən, həlak olanlarımızın cəsədlərini təhqir etmələrindən də xəbərdardır. Amma bunları bilə-bilə yalan danışır, erməni mövqeyindən çıxış edir, öz nüfuzundan, statusundan yararlanaraq, ictimai rəyi Azərbaycan dövlətinin, xalqının, ümumilikdə azərbaycanlıların əleyhinə kökləməyə çalışır. Elə statusun altına rəy yazan azərbaycanlılar da çoxsaylı faktlara istinad edərək uğursuz diplomatın yalanını üzə çıxarıb onun erməni marağına xidmət etdiyini qeyd ediblər.

Bütün bunların fonunda diqqət çəkən məqamlardan biri radikal müxalifətin "liderlərinin” susqunluğudur. Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, S.Gil sadəcə aprel döyüşlərində iştirak edən hərbçilərimizi, dövlətimizi aşağılamır, eyni zamanda Ramil Səfərovu da hədəfə alır, barəsində qeyri-obyektiv fikirlər ictimailəşdirir, hətta onu Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətmiş hərbi cinayətkarlarla eyniləşdirir. Partiya sədri deyib ki, harada olmağından, hansı vəzifəni tutmağından, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəs milli-dövlətçilik maraqlarını müdafiə etməli, vətəndaşlıq mövqeyini ortaya qoymalıdır: "Steynar Gil Ramil Səfərovu cinayətkar adlandırır, onu sərt tənqid edir, lakin Dağlıq Qarabağda separatizmi körükləyən, Xocalı soyqırımı zamanı qətliamlar törədən Zori Balayan və onun kimilərinə eyni münasibəti sərgiləmir. Etnik zəmində azərbaycanlılara qarşı qətliamlar törədənlərə Ermənistanda heykəllər ucaldılanda da Steynar Gil heç bir münasibət bildirmir. Xristian təəssübkeşliyindən çıxış edərək susqunluq nümayiş etdirir. Belə olan halda Steynar Gilin demokratlığından, obyektivliyindən danışmağa dəyməz. Bu, öz yerində. Məsələnin digər tərəfi Steynar Gili vaxtilə özlərinə dost hesab edən "demokratların” belə məsələlərdə susqunluq nümayiş etdirməsidir. Belə mənzərə heç də xoş təəssürat yaratmır. Əgər radikal müxalifət liderləri həqiqətən də xalq, millət, dövlət, dövlətçilik, milli maraqlar təəssübünü çəkirlərsə, Steynar Gilin davranışlarına öz münasibətlərini bildirməliydilər. Axı Steynar Azərbaycan iqtidarını, hakimiyyətini deyil, ümumilikdə dövləti və xalqı hədəfə alır. Belə olan halda nədir onları susmağa vadar edən? Bizim dəyərlərimiz sayılan qəhrəmanlarımızın aşağılanmasına niyə göz yumur "demokratlar”? Radikal müxalifətin bu davranışı təəssüf doğurur. Deməli onlar, "düşmənimin düşməni mənim dostumdur” prinsipini üstün tutub milli-dövlətçilik maraqlarını, Azərbaycan xalqının mənafeyini ayaqlar altına atırlar. Kimliyindən asılı olmayaraq, Azərbaycan iqtidarına düşmən münasibət bəsləyən istənilən qüvvə radikal müxalifətin dostuna çevrilir. Demokratiya pərdəsi altında gizlənən radikallar belə hərəkətlərə yol verməklə xalqın gözündən bir qədər də düşürlər”.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli də hesab edir ki, radikal düşərgədə yer alan "liderlər”in dövlətçilik təfəkkürü yoxdur. Onun sözlərinə görə, radikalların indiyə kimi ortaya qoyduğu "fəaliyyət” bu düşərgədə yer alanların nə qədər deqradasiyaya uğradığını açıq nümayiş etdirir: "Bu düşərgənin insanları nə zaman Azərbaycan dövlətinin təəssübünü çəkiblər ki, indi də Steynar Gilə cavab verməklə dövlətçilik təəssübü çəksinlər? Onlar indiyə qədər Azərbaycan xalqının, dövlətinin təəssübünü çəkməyiblər. Onların Azərbaycan xalqının ünvanına söylədikləri ittihamların motivində də bu amil dayanır. Məhz bu səbəbdən də ictimaiyyət onlara dəstək vermir və radikalların siyasi səhnədən getməsini arzulayır. Konkret Steynar Gil məsələsinə gəlincə, onun yazdıqları və danışdıqları müqabilində radikal düşərgədə yer alanların susqunluq nümayiş etdirməsinin bir neçə səbəbi var. Əvvəla ona görə susurlar ki, Steynar Gil Azərbaycanın radikal müxalifətinin "qara qutusudur”. Steynar Gil səfir kimi Azərbaycanda fəaliyyətdə olduğu dövrdə, həmçinin sonradan məhz onun vasitəsilə radikal müxalifətə çirkli pullar ötürülüb, böyük qrantlar ayrılıb, ayrı-ayrı sifarişlər verilib. Radikal müxalifət də Azərbaycan dövlətinin əleyhinə olan bu sifarişləri yerinə yetirib. Əgər bu gün və ya sabah radikal müxalifətdən kimsə Steynar Gilin fikrinə qarşı rəy ortaya qoysa, sabiq səfir dərhal "sandığı açıb pambığı tökəcək”, radikallar barədə kompromatları bir-bir çıxarıb onların üzlərinə çırpacaq. Ona görə də radikallar susurlar. Ayrı-ayrı xarici dövlətlərin Azərbaycanda həyata keçirmək istədikləri ssenarilərdə yer alan, bir ideoloji düşərgədən digərinə çox asanlıqla transfer eləyən, hətta Azərbaycanın konstitusion quruluşuna meydan oxuyan qüvvələrin yanında yer alan radikallardan müsbət nə isə gözləməyə dəyməz. Onlar konkret maraqlar qarşılığında bir gün Qərb demokratiyasından danışır, növbəti gün isə teokrat rejimlərin əlaltısına çevrilmiş, hətta terrorizmdə ittiham olan şəxslərin cərgəsində dayanır, onların müdafiəçisinə çevrilirlər”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər