• cümə, 19 Aprel, 05:29
  • Baku Bakı 18°C

Demokratiyanın riyakar üzü

17.04.14 08:58 3990
Demokratiyanın riyakar üzü
Ukraynada baş verən hadisələr, xüsusilə Krımın Rusiyaya “birləşdirilməsi” separatizmin bir daha nə qədər təhlükəli faktor olmasını ortaya qoydu. Baş verənlər göstərdi ki, məhz bu kartdan istifadə nəinki separatizmə məruz qalan ölkəyə, hətta beynəlxalq münasibətlər sisteminə də böyük zərbə vura bilir. Separatizm dünyada oyun qaydalarını dəyişə, dəngələri poza, hətta beynəlxalq hüququ ayaq altına ala bilər və s.
Sirr deyil ki, hazırda Krım separatizmi Avropa İttifaqının genişləndirilməsi qarşısında böyük sədd çəkir, Avropanın enerjisiz qalma ehtimalını yaradır, hətta qitənin mərkəzində ciddi müharibə təhlükəsi doğurur. Göründüyü kimi, separtizm, konkret olaraq Krım separatizmini Qərb, xüsusilə Avropa özü üçün ciddi təhdid sayır.
Krım məsələsi Qərbin reputasiyasına da təsir göstərə bilər. Belə ki, bu gün aydın olur ki, Qərb onu seçmiş dövləti, xalqı qoruya bilmir. Beləliklə də, Avropa və ümumilikdə Qərb dünyası postsovet məkanındakı separatizmdən olduqca ciddi zərbə almış olub. Odur ki, bunun nəticələrini aradan qaldırmaq üçün dəridən-qabıqdan çıxır. Nə üçün? Yuxarıda deyilənlərdən sualın belə bir cavabı hasil olur: Krım separatizmi birbaşa Qərbin maraqlarına təhdid yaradır.
Lakin əslində separizm sovetlər birliyinin dağılmasından indiyədək mövcuddur. Qərb isə bu vəziyyətə elə də ciddi reaksiya nümayiş etdirməyib, əksinə, problemlərin donmuş vəziyyətdə qalmasına dolayısı ilə yardımçı olub. Bu isə belə bir nəticə çıxarmağa imkan verir ki, Qərb üçün münaqişələrin həlli, ümumiyyətlə haqq-ədalət, beynəlxalq hüquq və prinsiplər ikinci dərəcəli, subyektiv maraqlar isə ön plandadır. Əgər belə olmasaydı, Krımdan əvvəl 20 ildən artıq bir müddətdə mövcud olan tipik separtizm nümunəsi - Dağlıq Qarabağla bağlı da Qərb öz ədalətli mövqeyini ortaya qoyardı.
Qərbin separatizm probleminə yanaşmada göstərdiyi mövqe bir daha dünyada ikili standartlar məsələsini aktuallaşdırır. Bu isə əlbəttə ki, xalqlarda və cəmiyyətlərdə Qərbin səmimiyyətinə böyük inamsızlıq yaradır. Nəticə olaraq isə separatizmə məruz qalmış ölkələr öz problemlərini özləri həll etməyə meyil göstərirlər. Məsələn, Azərbaycan dövləti Dağlıq Qarabağ separatizmi ilə mübarizədə beynəlxalq ictimaiyyətin qətiyyətini gözləməklə yanaşı, əsas çıxış yolunu özünün bir dövlət kimi qüdrətlənməsində görür.
Bu məqsədlə ölkəmiz həm iqtisadi, həm də hərbi qüdrətini artırmağı qarşısına məqsəd kimi qoyub və xeyli dərəcədə də buna nail ola bilib. Bu uğurların birbaşa memarı olan Prezident İlham Əliyev ölkəmizin problemlərinin həlli yolunu dövlətin güclənmsində gördüyünü son müşavirədə bir daha bəyan edib: «Heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq. Bir daha bu məsələni müzakirə edərkən görürük ki, biz nə qədər düzgün addım atmışıq, ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamışıq. Uzun illər ərzində alınan silahlar, texnikalar, sursatlar bu gün bizim gücümüzü böyük dərəcədə artırmışdır.
Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda, bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq».
Krımın işğalını gerçəkləşdirən Rusiyaya qarşı bu gün Qərb dünyası ciddi sanksiyalar tətbiq etməkdədir. Sual olunur: 20 ildən çoxdur ki, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistana qarşı niyə sanksiya tətbiq eilmir? Əslində, Qərbin Krım məsələsinə yanaşmasından çıxış etsək, Ermənistana qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq olunmalı idi. Bu dövlət Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin bir hissəsini öz nəzarətində saxlayır. Dinc əhaliyə qarşı soyqırımı törədib. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi pozulub. Hazırda dünyada heç bir başqa buna oxşar halda bu qədər ədalətsizlik və qanun pozuntusuna rast gəlmək mümkün deyil.
Qərb dünyası, beynəlxalq aləm Avropa Şurasının, Avropa Parlamentinin, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə məhəl qoymayan bir dövlətə təsir göstərmək istəmir.
Məlumdur ki, separatizmi dəstəklədiyinə görə Rusiyanın Avropa Şurasındakı fəaliyyəti dondurulub. Lakin eyni mövqe Azərbaycanın ərazilərini işğal edən və 13 ildir ki, Avropa Şurasının üzvü olan Ermənistana şamil edilmir. Azərbaycan tərəfi dəfələrlə bu məsələni qaldırsa da, buna dəstək verən tapılmayıb. Bu isə əlbəttə ki, dözülməzdir və ikili standartın bariz nümunəsidir. Öz növbəsində Azərbaycan dövlətinin tutduğu mövqe onu deməyə əsas verir ki, bu cür ədalətsizliyə qarşı daimi mübarizə Qərbin riyakar siyasətini ifşa edir.
Baş verənlərə doğru-düzgün qiymət vermək, işğalçını, separatçını öz adı ilə çağırmaq əvəzinə, əksinə, Avropa ölkələri, həmçinin ABŞ Ermənistana və Qarabağ separatçılarına dəstək verir, onlara qucaq açır, maliyyə yardımı ayırır. Prezident İlham Əliyev də bu cür ikili standartlardan doğan yanaşmaları tənqid edib və Qərb dövlətlərinə səslənib: «Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır. Ona görə biz beynəlxalq münasibətlərdə ikili standartlara qarşı öz etiraz səsimizi ucaldırıq. Bizimlə əməkdaşlıq edən Qərb ölkələrinin rəhbərlərindən xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ respublikası”nın “rəhbərləri”ni öz ölkələrinə buraxmasınlar. Onlara qarşı sanksiyalar tətbiq edilsin. Onlar gedib qanunsuz telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar, gedib-gəlirlər. Nə üçün?».
Aparılan təhlillər göstərir ki, aparıcı Qərb ölkələri dünya miqyasında baş verən proseslərə yalnız öz maraqları çərçivəsindən yanaşmaqla ikili standartlar siyasətindən əl çəkmək niyyətində deyillər. Krım məsələsi və digər separatçı bölgələr, xüsusilə də Dağlıq Qarabağ məsələsinə - mahiyyətcə eyni olan problemlərə yanaşmada nümayiş etdirilən müxtəlif mövqelər Qərbin riyakar siyasətini bir daha nümayiş etdirir. Deməli, həqiqətən də ümid yalnız özümüzədir. Yekunda o nəticəyə gəlmək olar ki, əgər Qərb ölkələri illərdir deyilən və artıq faş olan bu siyasətdən əl çəkməsə, postsovet məkanında qazandığı nüfuz və dayaqları itirəcək, ixrac etdiyi dəyərlər isə bölgədə oturuşmadan gözdən düşəcək.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər