• cümə axşamı, 28 mart, 22:00
  • Baku Bakı 13°C

Demokratiya Qərb üçün spekulyasiya alətinə çevrilib

22.05.14 08:29 1404
Demokratiya Qərb üçün spekulyasiya alətinə çevrilib
ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azadlıq Radiosuna son müsahibəsində ifadə etdiyi bir sıra qeyri-obyektiv fikirlərə reaksiyalar davam etməkdədir. Mediada səfirin xüsusilə ölkədaxili proseslərlə bağlı «dəyərləndirməsini», demokratiyanın mövcud durumu, guya hakimiyyət daxilində qeyri-monolitlik yaradan bəzi qrupların olması və bunun da öz növbəsində Qərbə inteqrasiya proseslərinə maneə təşkil etməsi və s. barəsində açıqlamaları ətrafında müzakirələr aparılmaqdadır.
Müzakirələrdə ana xətt kimi əlbəttə ki, bir səfirin diplomatik xidmətdə olduğu ölkənin siyasi sistemi, daxili siyasi prosesləri və digər bu kimi məsələlərlə bağlı bir növ hakim, arbitr mövqeyindən çıxış etməsinin, proseslərə yön verməyə, idarə etməyə cəhd göstərməsinin yolverilməzliyi qabardılır. Səfirin fikirlərinə, davranışlarına reaksiyalar zamanı haqlı olaraq onun təmsil olunduğu ölkənin özündə demokratiyanın vəziyyəti, ona qarşı tətbiq olunan müəyyən məhdudiyyətlər, həmçinin fikir azadlığı, plüralizm və s. bağlı məsələlər gündəmə gətirilir.
Müşahidələr göstərir ki, bu istiqamətdə kifayət qədər arqumentlər ortaya qoyulur. Əslində hər bir dövlətin milli təhlükəsizliyi müəyyən məqamlarda söz azadlığı, demokratiya pərdəsi altında sui-istifadə hallarının qarşısının alınmasını zəruri edir. Bu, əlbəttə ki, demokratiyanın anarxiya deyil, konkret qanunçuluq mühiti olmasından irəli gəlir.
Bu mənada Azərbaycan dövləti ABŞ və digər Qərb ölkələrində milli təhlükəsizliyin təhdidlərlə üzləşdiyi məqamlarda müxtəlif aksiyalara müdaxilə edilməsini, internetə, sosial şəbəkələrə məhdudiyyətlər tətbiq olunmasını anlayışla qarşılayır. Məsələn, 2011-ci ildə ABŞ-da "Wall Street-i işğal et" etiraz hərəkatının etiraz aksiyalarında dövlət bir sıra ciddi məhdudlaşdırıcı addımlar atmış, söz azadlığına, sərbəst toplaşmaq hüququna məhdudiyyətlər qoymuş, hətta aksiyaları güc tətbiqi ilə dağıtmışdı.
İngiltərədə isə 2011-ci ilin yayında sosial mediada müxalif fikirlərlə çıxış edən gənclərə qarşı inzibati güclərin işə salınması faktı yaşanmışdı. Həmin ilin 4 avqustunda 29 yaşlı Mark Daqqanın qətlə yetirilməsindən sonra hakimiyyətlə vətəndaşlar arasında kəskin qarşıdurma xarakteri daşıyan proseslər yaşanmışdı.
D.Kemeron küçə bandalarının Facebook və Twitter sosial şəbəkələri ilə fəaliyyətlərini əlaqələndirdiklərini əsas gətirərək sosial şəbəkələr vasitəsilə çağırış edənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb ediləcəklərini bildirmişdi. Bundan sonra həyata keçirilmiş tədbirlər nəticəsində 2 min adam həbs edilmişdi. Facebook-da sosial çağırışlar edən iki gənc - Çeşir qraflığının sakinləri 22 yaşlı Perri Satkliff-Kinan və 20 yaşlı Cordan Blekşou 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Bu gün təəccüb doğuran məqam ondan ibarətdir ki, ABŞ və İngiltərə kimi dövlətlər digər qeyri-Qərb dövlətlərinin eyni situasiyada atdığı analoji addımları demokratiya zidd hərəkət kimi qiymətləndirir.
Onların yaratdığı şəbəkəyə daxil olan bir sıra beynəlxalq QHTlər də xor şəklində öz etirazlarını bildirir, hətta sanksiyala belə, əl atırlar. Lakin ABŞ və İngiltərədə baş verən hadisələrə heç bir beynəlxalq QHT tərəfindən ciddi irad bildirilməmişdi. Bu da onu göstərir ki, demokratiya, plüralizm və s. kimi gəlişi gözəl şüarlar ABŞ və Qərb üçün konkret spekulyasiya alətidir.
Dünyanın müxtəlif regionlarında baş verən proseslər, həmin proseslərdə Qərbin tutduğu mövqe, demokratiyanın ABŞ və Qərb tərəfindən onların istədiyi kimi interpretasiya oluna bilindiyini bir daha ortaya qoyur.
Məsələn, «ərəb baharı»nın baş verdiyi ölkələrdə həm əvvəllər, həm də hazırda baş verənlər bu fikri təsdiq edir. Legitim hakimiyyətlərin zorakılıqla devrilməsi, ölkələrin vətəndaş müharibəsi meydanına çevrilməsi, inqilablardan sonra xalqların seçdiyi qanuni hakimiyyətlərin Qərbə bağlı həbi xuntalar tərəfindən devrilməsi və s. ərəb ölkələrindəki proseslərin demokratiya adına ləkə olduğunu ortaya qoyur.
Bundan başqa, Ukraynada baş verən son proseslər də Qərbin demokratiya nağıllarının konkret məqsədə xidmət etdiyini göstərir. Belə ki, demokratik yolla seçilmiş Yanukoviç hakimiyyətinin başda ABŞ olmaqla, Qərb tərəfindən devrilməsi və sonrakı hadisələr bu ölkədə demokratiyanın deyil, Qərbin maraqlarının reallaşdırıldığını təsdiq edir. Digər tərəfdən, Ukraynadakı hadisələr Qərbin bu ölkəyə demokratiya deyil, problemlər ixrac etdiyini göstərməkdədir. Ölkənin ərazi bütövlüyü pozulub, demokratik yolla seçilmiş prezident Qərbin maraqlarına cavab vermədiyi üçün devrilib, ölkə iqtisadiyyatı çöküb, millətin qüruru sınıb və s. Budurmu ABŞ-ın ixrac etdiyi demokratiya? Belə demokratiya, Qərbə inteqrasiya Ukraynaya lazım idimi? Qərb Ukrayna xalqının itirdiklərini ona qaytara biləcəkmi? Bu sualların cavabı bugünkü Qərb demokratiyasının iç üzünü ortaya qoyur.
Cənab Morninqstar da yəqin Qərbə inteqrasiyaya Azərbaycan hakimiyyətindəki guya bəzi qüvvələrin mane olduğunu deyəndə ölkəmizin Ukraynanın durumuna düşməməsinə təəssüflənirmiş.
ABŞ səfirinin demokratiya, insan hüquqları ilə bağlı başqalarına dərs keçməyə mənəvi haqqının olmaması ilə bağlı politoloq, siyasi elmlər doktoru Elman Nəsirovun təhlili də maraqlı və əsaslı arqumentlərlə zəngindi. Politoloq qeyd edir ki, ABŞ-da “Ku-kluks-klandan ta Quantanama”ya qədər insan haqlarının pozulması deyil, hədəfində insanın tam hüquqsuz vəziyyətə salınaraq cismani məhvinə ünvanlanmış siyasət artıq “top secret” qrifi altından “azadlığa” çıxmışdır. Bu məlumatlar artıq hər kəsə bəllidir.
İkincisi, ABŞ insan alverinə, fahişəliyə məcbur etməyə, irqi diskriminasiyaya və insanların oğurlamasına qadağa qoyan beynəlxalq konvensiyaları hələ də ratifikasiya etməyib. ABŞ insan hüquqlarının müdafiəsi ilə bağlı 9 əsas beynəlxalq sənəddən yalnız 3-i ilə bağlı üzərinə öhdəlik götürdüyünü bəyan edib.
E.Nəsirovun fikrincə, ABŞ-da ksenofobiya və irqçilik qorxulu səviyyədə inkişaf tempinə malikdir. Sosioloqlar hesab edirlər ki, ABŞ əhalisinin 15-20%-ni ksenofob adlandırmaq olar. Təxminən o qədər də amerikalının düşüncəsinə görə İslam dininin daşıyıcıların bu və ya digər formada hökumətdə təmsilçiliyinə imkan vermək olmaz.
Dördüncü arqument kimi, politoloq ABŞ-da uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyətin narahatlıq doğurduğunu göstərir. Belə ki, ölkənin 15 ştatında qanunvericilik qaydasında uşaqlara bədən cəzası verilməsinə icazə verilir. Onlara cəza verilərkən yeməkdən məhrumetmə, naşatır spirtinin tətbiqi və s. kimi qeyri-insani təzyiq vasitəlindən istifadə olunur.
Beşincisi, ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcudluğu qeyd olunur. 2012-ci ilin yanvar ayında “Sərhədsiz repartyorlar” təşkilatı bu sahədə ABŞ-ın reytinqini 27 bənd üzrə aşağı salıb. 2013-cü ildə mətbuat azadlığının qlobal indeksində ABŞ 47-ci mövqedə dayanıb.
Altıncısı, Çin Xalq Respublikasının ABŞ-da insan hüquqlarının vəziyyəti ilə bağlı 2014-cü ildə yaydığı hesabatda qeyd olunur ki, ölkədə bu sferada vəziyyət getdikcə pisləşməkdədir. Hesabatda vurğulanır ki, ABŞ bu günədək uşaq, ana və əlillərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmamışdır. Hesabatda göstərilir ki, ABŞ xüsusi xidmət orqanların uzun müddət ərzində PRİSM xəfiyyə proqramından istifadə etməsi beynəlxalq hüquq və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Burada xüsusi olaraq vurğulanır ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində pilotsuz uçuş aparatlarından istifadəsi dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunmuşdur. O cümlədən 2004-cü ildən Pakistanda ABŞ pilotsuz təyyarələri 376 uçuş həyata keçirmiş və nəticədə 926 nəfər dinc insan həlak olmuşdur.
ABŞ və ümumilikdə Qərbin dünyanın müxtəlif bölgələrində demokratiya adı altında oynadığı oyunların həm xalqların maraqlarına zidd və həm də demokratiyanın fəlsəfəsinə yad olmasını Azərbaycan hakimiyyəti adından ABŞ səfirinin son müsahibəsinə münasibət kontekstində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trendə müsahibəsində xüsusi vurğulayıb: «Bu gün dünyanın müxtəlif nöqtələrində ABŞ və Qərbin yaxından iştirakı ilə elə hadisələr baş verir ki, təkcə biz yox, bütün dünya bunların məntiqini başa düşməkdə çətinlik çəkir. İraq, Liviya, Misir, Suriya, Ukrayna və bəzi digər ölkələrdə baş verən "Maydan" hərəkatları müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bütün mütərəqqi prinsiplərin üzərindən xətt çəkir. Müstəqil ölkələrdə zorla həyata keçirilən qeyri-konstitusion hakimiyyət dəyişiklikləri və onun ağır nəticələri - ictimai-siyasi sabitliyin pozulması, daxili qarşıdurma və vətəndaş müharibəsinin qızışdırılması, iqtisadiyyatın çökdürülməsi, sosial fəlakətin körüklənməsi və s. heç də demokratik dəyişiklik deyil, həmin xalqların faciəsidir. Əgər hansısa xarici dairələr həmin hadisələrin Azərbaycanda da təkrarlanmasını istəyirlərsə, onların məyus olacağına heç bir şübhə yoxdur».
Ümumiyyətlə hər hansı ölkənin rəsmi təmsilçisi digər ölkə, onun daxili prosesləri barəsində fikir yürüdərkən maksimum ehtiyatlı olmalı, ələlxüsus da səfirlər diplomatik fəaliyyət çərçivəsində həddini aşmamalı, diplomatik etiket qaydalarına riayət etməlidir ki, sonda Morninqstar kimi çıxılmaz durumda qalmasınlar. Çünki göründüyü kimi, Azərbaycan ictimaiyyətinin demək olar ki, bütün aktiv və vətənpərvər nümayəndələri Morninqstarın ölkənin daxili ictimai-siyasi həyatı təftiş xarakterli fikirlərinə öz sərt münasibətini bildirərək, bir növ ictimai səviyyədə onu persona-non qrata elan ediblər.
Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq istənilən dövlətin diplomatına bu cür ictimai reaksiyanın verilməsi normaldır. Çünki ABŞ səfirinin davranışları digər diplomatlar üçün də presedent ola bilər.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər